Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2084/2021 15.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12350 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 5 ilə yaxındır cavabdeh ilə dostluq münasibətindədir. 2020-ci ilin aprel ayında cavabdeh ona müraciət edərək anasının ağır xsətələndiyini, üzərində cərrahi əməliyat olunması üçün 15000 manat pul tələb olunduğunu bildirərək ona 2020-ci ilin axırına kimi 15000 manat pulu borc verməsini xahiş etmişdir. O, da yaxın dost olaraq ona 15000 manat pulu dekabr ayının sonuna kimi qaytarmaq şərti ilə borc olaraq vermişdir. Ancaq, aralarında yazılı yox şifahi razılaşma olduğu üçün rəsmiləşdirməmişlər. Cavabdeh ona aid olan evin sənədlərini vermişdir. Cavabdeh ona olan borcundan yalnız 2650 manatını qaytarmışdır. Cavabdehin borcunun olmasını etiraf etməsi, həmin borcu qaytaracağını bildirsə də, buna əməl etməmişdir. Buna dair cavabdehin səs yazıları - danışıqları mövcuddur. Cavabdehə dəfələrlə ona olan 12350 manat borcunu ödəməsinə dair müraciət etsə də, o, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, o, iddiaçının qonşuluğunda yaşayır. 2020-ci ilin aprel ayında iddiaçı onu çağırmışdır ki, cavabdeh ondan pul istəyir və həmin pulu verərkən onun şahid qismində iştirak etməsini xahiş etmişdir. O, da razılıq vermiş və iddiaçının cavabdehə yüzlük əskinaslarla 15000 manat məbləğində pul verməsinin şahidi olmuşdur. Cavabdeh həmin pulu anasının xəstəliyi ilə bağlı istəmiş və həmin pulu nənəsindən qalma evi sataraq qaytaracağını bildirərək, həmin evin sənədlərini iddiaçıya vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 da şahid X1 ilə eyni məzmunlu izahat vermişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd diskdə olan bir ədəd fayldan ibarət səs yazısı məhkəmə iclasında tədqiq edilmişdir. Səs yazısında Cavabdeh qızı iddiaçıya 12350 manat borcunun olduğunu etiraf edərək, qısa vaxt ərzində həmin pulu qaytaracağına söz vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı cavabdehə 15000 manat pul verməsini və cavabdehin hazırda ona 12350 manat borcunun olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Kəmalə Məmmədova və Ziyafət Aslanova ifadələrində iddiaçının onların yanında cavabdehə anasının xəstəliyi ilə əlaqədar 15000 manat pul verdiyini bildirmişlər. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə təqdim edən bir ədəd diskdə olan səs yazısında da cavabdeh iddiaçıya 12350 manat borcunun olduğunu bildirmişdir. Lakin, cavabdeh borc kimi aldığı pulun ödənilməmiş qalan hissəsi olan 12350 manat pulu iddiaçıya qaytarmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2020-ci ilin aprel ayında iddiaçı tərəfindən cavabdehə anasının xəstəliyi üçün 15000 manat pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2020-ci ildə bağlanmış 15000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə şahid ifadələri və məhkəməyə təqdim olunmuş səs yazısı ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 15000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, şahid ifadələri və cavabdehin borcunu etiraf etdiyini əks etdirən səs yazısı həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pulun ödənilməmiş hissəsini ona qaytarmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 12350 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh qızından 12350 (on iki min üç yüz əlli) manat pul və ödənilmiş dövlət rüsumu və bank xərcinin əvəzi kimi 30,40 manat (otuz manat qırx qəpik) pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2084/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2084/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver