Məhkəmə qərarları › İş №2(043)-2087/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2087/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2087/2021 30.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4159,81 ABŞ dollar əsas, 1940,78 ABŞ dollar faiz, cəmi 6100,59 ABŞ dollar borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.06.2015-ci il tarixli, 13-15-11-027523 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə qaytarmaq məqsədilə 8245 ABŞ dollar məbləğində kredit verilmişdir. Lakin Cavabdeh tərəfidən 19.06.2015-ci il tarixdə 13-15-11-027523 nömrəli kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Bildirmək istəmişlər ki, aralarında bağlanmış 19.06.2015-ci il tarixli, 13-15-11- 027523 saylı kredit müqaviləsinin şərtləri Cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, 19.06.2015-ci il tarixli, 13-19-23-027523 saylı kredit müqaviləsinin 4.5-ci bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləği 1 saylı əlavədəki cədvələ uyğun olaraq vaxtında ödənilmədikdə, qismən ödənildikdə və tərəflər müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Gecikdirilmiş borc yarandıqda Borc alan Borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş öhdəliyin 0,16% miqdarında dəbbə (penya) pulu ödəyir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumittətlə icra edilmədikdə borc alan, borc verənə verilmiş kredit məbləğinin 58% miqdarında cərimə faiz ödəyir. 19.06.2015-ci il tarixli, 13-15-11-027523 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. Həmin müqavilənin 5.4.5-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 4.5, 4.6, 4.7-ci bəndlərində nəzərdə tutulan hallar baş verdikdə müvafiq olaraq hesablanmış cəriməni, penyanı və zərəri Borc verənin nəfinə ödəməlidir. 22.04.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 22.04.2021-ci il tarixinə "xxxx" ASC-yə əsas borcu 4159,81 dollar, faiz borcu 1940,78 dollar, cəmi 6100,59 dollar təşkil edir. İddiaçı ASC-nin idarə heyətinin sədri E.Ə.Həsənov məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən nümayəndələri məhkəmə iclasında iştirak edə biməyəcəyini, onların iştirakı olmadan mülki işə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ifadəsində bildirdi ki, o, əvvəl hərbi qulluqçu olmuş, hazırda təqaüdə çıxmışdır. Onun iddiaçı banka olan borcundan 5000 manat restruksiya olunaraq silinmişdir. O, bundan sonra hər ay 292 ödəməli olmuşdur. Borcunu etiraf edir. Odur ki, borcunun hissə-hissə ödənilməsinə köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.06.2015-ci il tarixli, 13-15-11-027523 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə qaytarmaq məqsədilə 8245 ABŞ dollar məbləğində kredit verilmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərini pozmuş və üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin İddiaçı ASC-yə 4159,81 ABŞ dollar əsas, 1940,78 ABŞ dollar faiz, cəmi 6100,59 ABŞ dollar borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarına əlavə edilmiş 22.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 19 iyun 2015-ci il tarixli, 13-15-11-027523 saylı kredit müqaviləsi üzrə Cavabdeh 19 iyun 2019-cu il tarixə İddiaçı ASC-yə 4159,81 ABŞ dollar əsas, 1940,78 ABŞ dollar faiz, cəmi 6100,59 ABŞ dollar faiz borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh İddiaçı ASC-yə ünvanladığı 19.06.2015-ci il tarixli ərizənin surətindən görünür ki, ona şəxsi məqsədlər üçün 48 (qırx səkkiz) ay müddətinə, 8245 (səkkiz min iki yüz qırx beş) ABŞ dolları məbləğində kreditin verilməsini xahiş etmişdir. 05 fevral 2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 421.2-ci maddələrinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. Müqavilənin şərtlərinə əsasən alınan kredit məbləğini ona hesablanmış faizləri ilə birlikdə borc alan tərəfindən dövrü olaraq kreditora qaytarmalıdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Kreditor tərəfindən müqavilənin şərtlərinə uyğun əsas borc məbləğinə faiz borcu hesablamışdır. Buna görə də məhkəmə əsas və faiz borcunun tamamını cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 19.06.2015-ci il tarixli, 13-15-11-027523 nömrəli kredit müqaviləsi üzrə 4159,81 ABŞ dollar məbləğində əsas borc və 1940,78 ABŞ dollar faiz borcu manat ekvivalentində ödəniş anına manata məzənnə ilə Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4159,81 ABŞ dollar əsas, 1940,78 ABŞ dollar faiz, cəmi 6100,59 (altı min bir yüz ABŞ dolları əlli doqquz sent) ABŞ dollar (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc pul və məhkəmə xərci qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar