Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-210/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, ona 3622 manat məbləğində dəymiş maddi ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 3762,13 manat borcun tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh məişət avadanlıqları təmir ilə məşğuldur. Yaxınlıqda yaşayan qonşu kimi iki ilə yaxındır ki, münasibətləri normal olmuşdur. İş qurmaq məqsədi ilə onun adına KAPİTAL BANK ASC-dən 126GTKR9934388AB nömrəli kredit müqaviləsi ilə 27 ay müddətinə illik faiz dərəcəsi 26.9 % olmaqla nağd şəkilində 1600 manat ümumi faiz ilə birlikdə 2151.22 manat məbləğində kreditə pul götürmüşlər. Aylıq ödənişi 80 manat olan kredit ödənişinin aylığını birlikdə ödəməklə 13 ay onun, 14 ay isə cavabdehin ödəməsi şərti ilə aralarında şifahi razılığa gəlmişlər. Həmin məbləğdən 5GTKR9934388AA saylı kredit müqaviləsi ilə keçmiş kredit borcumdan 224 AZN məbləğində borcu ödəmiş. 476 AZN məbləğini isə fərdi olaraq özünə, ümumlikdə 700 AZN məbləğində pulu o özü xərcləmişdir. O, götürülən kredit məbləğindən 500 AZN nağd şəkildə cavabdehə vermişdir. Bundan əlavə cavabdeh, 65 AZN dəyərində saat, 35 AZN dəyərində gödəkçə, 55 AZN dəyərində ayaqqabı, 5 AZN dəyərində qolbaq, 17 AZN dəyərində pulqabı, 25 AZN dəyərində oyuncaq ayı, 45 AZN dəyərində üzük almışdır. Bütün bunlardan əlavə cavabdehə bank tərəfindən onun adına verilən Bir Kart adlanan kredit kartından 300 manat məbləğində nağd pul götürərək ona vermişdir. Cavabdehin ona birgə götürdükləri kredit məbləğindən ümumlikdə 1.200 AZN borcu yaranmışdır. Bundan əlavə o əlbəəl cavabdehə 1525 manat məbləğində borc pul vermişdir. Həmçinin cavabdeh 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə anasına telefon hədiyyə etmək istədiyini bildirdi, lakin rəsmi gəlir yeri olmadığına görə heç bir mağaza ona kredit vermədiyindən ala bilməmişdir. O, işlətdiyi yeni aldığını SAMSUNG markalı telefonu ona satmağı təklif etdi. Telefonu 200 AZN nağd və geriyə qalan 4 aylıq kredit məbləğini hər ay 60 manat olmaqla ümumlikdə 240 manat ödəyəcəyini öz üzərinə öhdəlik kimi götürmüşdür. Buna baxmayaraq cavabdehin nağd pulu olmadığına görə telefonun nağd pulunu ödəmədən telefonu ondan almış və bu günə qədər telefonla bağlı heç bir ödəniş etməmişdir. O, “Maxim Taxi” şirkətində onlayn şəkildə operator kimi çalışır. Ay ərzində 400-500 Azn arası qazanc əldə etdiyi halda artıq aylardı cavabdehin bu hərəkətləri ucbatından gəlir əldə edə bilmir. Cavabdeh onu boş-boş şərlərlə polis idarələrinə çəkir, vaxtını alır, şərlər ataraq ona verəcəyi borcdan boyun qaçırmaq istəyir. Belə ki, artıq cavabdehin bu hərəkətləri onun sağlamlığına, psixologiyasına mənfi təsir götərir. Artıq bu məsələlər ailə üzvləri ilə onun arasında münaqişələrə gətirib çıxarır, böyük psixoloji sarsıntılar keçirərək sakitləşdirici vasitələrdən istifadə edir. Hesab edir ki, cavabdeh ona maddi ziyandan əlavə mənəvi ziyan da vurmuşdur. Hal-hazırda birgə götürdükləri, lakin onun istifadə etmədiyi 1200 AZN pula görə hər ay 80 manat məbləğində kredit ödəyir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh ona xx xxxxxx 2021-ci il tarixdə öz əli ilə qəbz yazıb verərək müxtəlif vaxtlarda və müxtəlif əsaslarla aldığı borcun məbləğinin ümumilikdə 3762,13 manat olduğunu təsdiq etmişdir. Buna görə də ondan hazırda mənəvi zərərin əvəzini tələb etmir, cavabdehin ona borclu olduğu 3762,13 manat pulun alınaraq ona verilməsini xahiş edir. Cavabdehin qeydiyyat ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh həmin ünvanda yaşamadığı üçün bildirişin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına bildirişi təqdim edilməsi üçün göndərərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, Cavabdeh və İddiaçı imzaladığı sənəddən məlum olur ki, Cavabdeh İddiaçı ümumilikdə 3762,13 manat pul borclu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış borcun etirafı barədə müqavilə pul borcunun qaytarılması barədə öhdəliyə əsas verən şəkildə etirafıdır. Pul borcu öhdəliyinin yaranması üçün sadə yazılı müqavilənin bağlanması kifayət edir. Bu baxımdan xx.xx.2021-ci il tarixli borcun etirafı barədə müqavilə Mülki Məcəllənin tələblərinə uyğun olmaqla öhdəliyin yaranması üçün əsas təşkil etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X1 3762,13 (üç min yeddi yüz altmış iki tam yüzdə on üç) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-210/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-210/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver