Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2164/2021 27.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu iddiaçı "xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq müəyyən etdim: İddiaçı "xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 349,64 manat əsas, 2,22 manat faiz, 3,46 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 39 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 394,32 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun "xxxx” ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinə iddia tələbinin əsaslılığını təsdiq edən sənədlərin (etibarnamə, kredit məbləğinin cavabdehə verilməsi barədə kassa məxaric orderinin) əsli və ya lazımi qaydada təsdiq olunmamış surətləri ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. İddiaçı tərəfindən isə iş materiallarına kreditin cavabdehə verilməsi barədə kassa məxaric orderinin əsli və ya lazimi qaydada təsdiqlənmiş surəti əlavə edilməmişdir. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş 04 may 2021-ci il tarixli etibarnamədən məlum olur ki, X1 “xxxx” ASC-nin nümayəndəsi olmaqla məhkəmə instansiyalarında təmsil etmək, o cümlədən iddia ərizəsini imzalamaq səlahiyyətinin verilməsinə və iddia ərizəsinin onun tərəfindən imzalanmasına əsas onun adına “xxxx” ASC-nin İdarə Heyətinin sədri tərəfindən verilmiş 04 may 2021-ci il tarixli etibarnamə olmuşdur. Həmin etibarnaməni verən şəxs olaraq “xxxx” ASC-nin İdarə Heyətinin sədri Anar Həsənovun adı qeyd edilmiş və adın qarşısında faksimil imza qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Qeyd olunan normada imzalama dedikdə şəxsin məhz öz əli ilə icra etdiyi imzadan və ya elektron imzadan söhbət gedir. Faksimil imzadan istifadə edildikdə həmin imzanın səlahiyyətli şəxsə məxsus olmasını, beləliklə də imzanın səlahiyyətli şəxsin iradəsini əks etdirib-etdirməməsini müəyyənləşdirmək qeyri-mümkündür. Mülki Prosessual Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Göründüyü kimi prosessual qanunvericilikdə imzanın adi və elektron formaları nəzərdə tutulur. Lakin, faksimil imzanın tətbiq edilməsi mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Əl imzasının mülki-prosessual qanunvericilikdə qəbul edilən yeganə alternativi müvafiq tələblərə cavab verən elektron imzadır. Digər imza növlərinin, o cümlədən faksimil imzanın ümumi qəbul edilən hüquqi qüvvəsi yoxdur. Buna görə də hazırkı iddia ərizəsi buna hüquq olmayan şəxs tərəfindən imzalaması kimi hesab edilməlidir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçı verilmiş tələbi təsdiq edən sənədlər təqdim etmədiyi üçün kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında işə baxılması mümkün olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3, və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcu» tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Rəşad Mustafayev Hakim
Məhkəmə qərarları › İş №2(043)-2164/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2164/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver