Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2199/2021 06.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 800 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh, təxminən 1 (bir) il əvvəl qızına toy etməsi üçün ondan 800 (səkkiz yüz) manat borc pul almışdır. Pulunu dəfələrlə istəsə də, o müəyyən bəhanələr gətirmişdir. Pulun Natiqə verilmə sübutları Kəpəz rayon Polis İdarəsində ifadə verərək təsdiq etmişdir ki, pulu almışdır, ikinci sübut pulu Əmiraslanın yanında vermişdir, pulu istədikcə müəyyən bəhanələr gətirmiş amma, qaytarmamışdır. O, pulunu məhkəmədən kənar qaydada ala bilmir. Ona görə də məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, Natiq onun yaşadığı binaya tez-tez gedib-gəldiyi üçün Natiqi yaxşı tanıyır. Natiq əvvəllər də bir neçə dəfə ondan borc pul almış və vaxtında qaytarmışdır. 2020-ci ilin yay aylarında yaxınlıqdakı baxçada gözətçi işləyən Abbasov Əmirastan onu taparaq Natiqin onu axtardığını demişdir. O, Natiqlə Əmirastanın yanında söhbət etmiş, Natiq qızına toy edəcəyini, lakin pulunun çatışmadığını bildirərək ondan 800 manat borc pul istəmişdir. O da Natiqə etibar etdiyi üçün Əmirastanın yanında 800 manat ona borc pul vermişdir. Natiq borcu toydan sonra qaytaracağını bildirmişdir. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq Natiq borcunu qaytarmadığından onun yaşadığı evə getmiş, pulu Əmirastanın yanında verdiyi üçün şahid kimi onu da özü ilə aparmışdır. Natiq onun evinə gəldiyi üçün onunla mübahisə yaratmış, daha sonra isə ondan polisə şikayət etmişdir. Polisdə verdiyi izahatında da ondan 800 manat borc aldığını bildirmiş və borcunu qaytaracağını demişdir. Hazırda cavabdeh borcunu ödəmədiyi üçün iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Çünki o, pulu Əmirastandan almışdır və Elmira ilə aralarında borc məsələsi olmamışdır. O, Əmirastandan təxminən bir il əvvəl qabaqca 600 manat, daha sonra isə 200 manat olmaqla ümumilikdə 800 manat borc almış və onun da 200 manatını Əmirastana qaytarmışdır. O, Əmirastanı əvvəllər də tanıyırdı və söhbət əsnasında demişdir ki, ona pul lazımdır. Əmirastan da həmin pulu ona verə biləcəyini bildirib 2-3 saat sonra 600 manat pulu gətirib vermişdir. Bundan 3-4 gün sonra ona yenə 200 manat pul lazım olmuş və o yenə Əmirastana demiş, Əmirastan da həmin pulu ona vermişdir. O, pulu 2020-ci ilin yay aylarında almış və payız vaxtı da həmin borcundan 200 manatı qaytarmışdır. 2020-ci ilin oktyabr ayında Elmira onun evinə gəlib, niyə pulu ödəmədiyini soruşduqda, o onu tanımadığını və pulu Əmirastandan aldığını bildirmişdir. Bundan sonra Elmira ona hədəqorxu gəlməyə başlamış və o da polisə müraciət etmişdir. Tərəflərin hər ikisinin təşəbbüsü ilə 06.07.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, o, uşaq baxçasında gözətçi işləyir. Elmira isə yaxınlıqdakı yataqxanada yaşayır. Natiq gəlib ona demişdir ki, qızının toyudur, ona borc pul lazımdır və Elmiranı axtarır. O da gedib Elmiranı çağırıb, Natiqin borc pul istədiyini bildirmişdir. Onlar bir az söhbət etdikdən sonra Elmira 800 manat pulu onun yanında Natiqə borc kimi vermişdir. Həmin məsələdən bir müddət keçdikdən sonra Elmira ona Natiqin borcunu qaytarmadığını demiş, ondan onunla birlikdə Natiqin evinə getməsini xahiş etmişdir. O, Elmira ilə birlikdə gedib Natiqin yaşadığı evə getmiş, Elmira Natiqdən borcunu qaytarmasını istəmişdir. Bu zaman Natiqlə Elmiranın arasında mübahisə yaranmış, Natiq polisə müraciət etmişdir. Bundan sonra onu polis idarəsinə çağırmışlar, o da bildiyi məsələlər barədə izahat vermişdir. O, kasıb adamdır, onun kiməsə borc verməyə maddi imkanı yoxdur. Natiq Elmiranı yaxşı tanıyır və borcu şəxsən Elmiradan onun yanında almışdır. Natiq ondan heç bir məbləğdə borc almamış, ona da hər hansı məbləğdə pul qaytarmamışdır. Onun bu məsələdə yeganə işi Natiqin xahişi ilə Elmiranı çağırması və pulun onun yanında verilməsi olmuşdur. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsni dinləyib işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə şifahi qaydada bağladığı borc müqaviləsinə əsasən Cavabdeh 800 manat borc pul vermişdir. Cavabdeh borcu bir neçə ay ərzində qaytarmalı olduğu halda müqavilə şərtlərini pozaraq borcu qaytarmamışdır. İşin bu halı tərəflərin izahatının qarşılıqlı müqayisəsi və şahidin ifadəsi ilə öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh özü də 800 manat borc pul aldığını etiraf edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh borcu iddiaçıdan yox, Əmirastan Abbasovdan aldığını və bir hissəsini ona qaytardığını bildirir. Lakin cavabdeh izahatını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Tərəflərin hər ikisinin təşəbbüsü ilə şahid qismində dindirilməsini xahiş etdikləri Əmirastan Abbasov cavabdehə hər hansı məbləğdə borc vermədiyini, əksinə iddiaçının onun yanında cavabdehə 800 manat borc verdiyini bildirmişdir. İddiaçı öz iddiasını sübuta yetirə bilmiş, cavabdeh isə etirazının dəlillərini sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında etibarlı müqavilə əsasında borc münasbətləri yaranmışdır və cavabdeh bu müqaviləyə uyğun olaraq aldığı 800 manat məbləğində pulu iddiaçıya qaytarmaq öhdəliyi daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 800 (səkkiz yüz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2199/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2199/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver