Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2209/2021 08.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh və Zamin qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 20.08.2019-cu il tarixli müqavilə üzrə 472 manat ödənilməmiş hissə, 144 manat cərimə, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 646 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin, "xxxx" MMC ilə 20.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 720 manat (18 ay x 40 manat), İMEİ kodu **********25630 olan Xiaomi Redmi 7, İMEİ kodu **********93111 olan Xiaomi Redmi 7 markalı 2 ədəd telefon üçün 472 manat ödənilməmiş hissə, 144 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 248 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Həmçinin müqavilənin təminatı olaraq 20.08.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, Zamin "xxxx" MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 20.08.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 720 manat, İMEİ kodu **********25630 olan Xiaomi Redmi 7, İMEİ kodu **********93111 olan Xiaomi Redmi 7 markalı 2 ədəd telefonu nisyə qaydada almış, malın dəyərini ayda 40 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Həmçinin onun müqavilədən irəli gələn öhdəliyinin icrası Zaminliyi ilə təmin edilmişdir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 20.08.2019cu il tarixli müqavilə üzrə əsas məbləğdən 248 manat ödəmiş, 472 manat borcu qalmışdır. Ödənişlərin 360 gün gecikdirilməsinə görə 144 manat cərimə hesablanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində peniya ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcələnin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında nisyə alqı-satqı və zaminlik müqavilələri bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Cavabdeh iddiaçıdan aldığı malların ümumi dəyərindən yalnız 248 manat ödəmişdir. Buna görə də məhkəmə müqavilə üzrə cavabdehlərdən alınmış malların dəyərinin qalığı qismində 472 manat pulun tutulmasını əsaslı hesab edir. Lakin, məhkəmə cavabdehlərin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıya münasibətdə icra edilməmiş öhdəliyin üçdə biri miqdarında dəbbə pulunun tutulması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 20.08.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu azaldılmalı və 40 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, iddiaçının cavabdehlərə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, üç müqavilə üzrə 472 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 20.08.2019-cu il tarixli müqavilə üzrə 472 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu olmaqla, ümumilikdə 512 (beş yüz on iki) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2209/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2209/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver