Məhkəmə qərarları › İş №2(043)-2217/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2217/2020

17.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2217/2020 17.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya dəymiş zərərin əvəzi qismində 50 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 70 manat pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə İMEİ: **********33610 kodlu “Samsung J2 2018 DS (J250)” markalı mobil cihazı təmir üçün “xxxxxxxxxxx” MMC-nin (bundan sonra “Şirkət”) əməkdaşlıq etdiyi “Servis Link” texniki xidmət mərkəzinə 123215 №-li qəbzə əsasən təqdim etmişdir. Servisə təmir üçün təqdim olunmuş həmin telefonun əvəzində isə təmir müddəti ərzində istifadə olunması məqsədilə xx xxxxxxx 2018-ci il tarixli Razılaşmaya əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada “xxxxxxxxxxx” MMC-nin mülkiyyətində olan İMEİ: **********54386 kodlu “Hoffmann T110” markalı mobil cihaz cavabdehin müvəqqəti istifadəsinə verilmişdir. Sözügedən razılaşmaya əsasən müvəqqəti istifadəyə verilmiş mobil telefonun dəyəri 50 manat təşkil edir. Çoxsaylı müraciətlərə baxmayaraq cavabdeh texniki servisə təmir üçün təqdim etdiyi cihazı bugünə kimi təhvil almamış, həmçinin də təmirdə olan telefonun əvəzində müvəqqəti istifadə üçün ona verilmiş “xxxxxxxxxxx” MMC-nin xüsusi mülkiyyətində olan İMEİ: **********54386 kodlu “Hoffmann T110” markalı mobil cihazı geri qaytarmamışdır.Həmçinin, cavabdehə mobil telefonun geri qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, “xxxxxxxxxxx” MMC tərəfindən özünə məxsus dəyəri 50 manat olan əşya (Hoffmann T110 markalı telefon) Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Müqavilənin 2-ci bəndində qeyd edilmişdir ki, “telefon” müştəri tərəfindən servisə təhvil verilmiş mobil telefonun (Samsung J2) təmir müddəti ərzində istifadə üçün təqdim olunmuş, təmir başa çatdıqdan sonra “telefon” “xxxxxxxxxx” MMC-yə dərhal geri qaytarılmalıdır. Müqavilənin 3-cü bəndinə əsasən müştəri əşyanı hər hansı səbəbdən geri qaytara bilmədikdə və ya telefon işlək vəziyyətdə olmadıqda əşyanın dəyərini (50 manat) tam şəkildə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh müvəqqəti istifadəyə verilmiş əşyanın qaytarılması barədə xəbərdarlıq edilmiş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasənzərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasənzərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 443-cü maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulanqaydalara uyğun müəyyənləşdirilir. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. 736.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur. 736.2-ci maddəsinə əsasən əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əvəzsiz istifadə müqaviləsi bağlanmış, həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyənləşdirilmiş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyanı cavabdehin müvəqqəti istifadəsinə vermiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni müvəqqəti istifadə üçün ona verilmiş əşyanı geri qaytarmalı olmasına dair öhdəliyini icra etməmiş, bununla da iddiaçıya maddi zərər vurmuşdur. Odur ki, iddiaçı müqavilə üzrə ona dəymiş maddi zərərin əvəzini tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, dəymiş maddi zərərin əvəzi kimi 50 manat pul Cavabdeh tutularaq iddiaçı «xxxxxxxxxxx» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi kimi 50 (əlli) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat pul tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar