Məhkəmə qərarları › İş №2(043)-222/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-222/2022

11.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-222/2022 11.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulması müəyyən edilmiş alimentin miqdarının artırılaraq, 26.12.2009-cu il tarixdə doğulmuş Məryəm və 01.07.2014-cü il tarixdə doğulmuş Nərgiz adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ayda bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 25 sentyabr 2006-cı il tarixdə rəsmi olaraq ailə qurmuşdur. Birgə nikahdan 2 övladları doğulmuşdur. İlk əvvəllər cavabdehlə mehriban yaşasalar da, sonradan cavabdehlə ailə münasibətləri pozulmuş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4709/2018 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin 02 mart 2020- ci il tarixli, 2(043)- 982/2020 saylı qətnaməsi ilə himayəsində olan uşaqların saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi məbləğində alimentin tutulması qət edilmişdir. Qarşı tərəf başqa gəlirlərini (əkin-ticarət) gizlətdiyi üçün o, apellyasiya şikayəti vermiş və Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2323/2020 qərarı ilə hər uşağa 80 manat olmaqla cəmi 160 manat məbləğində alimentin tutulması qət edilmişdir. O, Soliton mağazasında satıcı işləyir və əmək haqqı 270 manatdır. Cavabdeh əkin və satışı ilə məşğul olur və birgə yaşadıqları müddətdə normal gəlir əldə etmişdir. Cavabdeh bir dəfə də olsun uşaqları ilə maraqlanmır və onların saxlanılması üçün ona könüllü şəkildə köməklik göstərmir. Ona görə də o, məcbur olub yenidən alimentin pul məbləğində tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, alimentin miqdarının artırılması ilə razı deyil. Belə ki, məhkəmənin qətnaməsi ilə aliment təyin edildikdən sonra onun maddi vəziyyətində müsbət mənada heç bir dəyişiklik olmamışdır. Eyni zamanda ikinci dəfə ailə qurmuşdur. Qeyd edilən aliment miqdarını ödəməyə maddi vəziyyəti yol vermir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 ilə Cavabdeh birgə nikahlarından 26.12.2009-cu il tarixdə X5 və 01.07.2014-cü il tarixdə X6 doğulmuşdur. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 27.07.2020-ci il tarixli 2(104)- 2323/2020 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli, 2(043)-982/2020 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, Cavabdeh 26.12.2009-cü il təvəllüdlü Məryəm və 01.07.2014-cü il təvəllüdlü Nərgizin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 23.01.2020-ci il başlayaraq, hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmsinin 2(102)-303/2021 saylı 09.03.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2323/2020 saylı 27.07.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X2 nikahları pozulduqdan sonra ərə Mustafayev, arvada Muradova soyadı verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, X6 18 yaşına çatanadək sağlamlıq imkanının məhdudluğuna görə 31.01.2021-ci ildək ayda 150 manat sosial müavinət və sağlamlıq imkanı məhdud uşağa qulluğa görə 50 manat Prezident təqaüdü təyin edilərək, İddiaçı qanuna müvafiq ödəniş aparılmışdır. İş materiallarında olan 16.11.2001-ci tarixli əlillik vəsiqəsindən görünür ki, Cavabdeh ikinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini X15” Publik Hüquqi şəxs Endokronoloji şöbə tərəfindən verilmiş 223 saylı 10.12.2021-ci il tarixi tibbi rəydən görünür ki, Cavabdeh 06.11.2021-ci ildən Gəncə şəhər Z.Məmmədov adına Birləşmiş Xəstəxanasının endokrinoloji şöbəsində qeydiyyatdadır və ona şəkərli diabet İİ tip diaqnozu qoyulmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 27.06.2021-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, sonuncu məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, Cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur, lakin tərəflərin maddi vəziyyətində hər hansı dəyişiklik baş verməmişdir. Həmin vaxtdan bugünə kimi yalnız uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edildiyi halda, 2020-ci il üçün bu məbləğ 170 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, cavabdehin İİ qrup əlil və şəkər xəstəsi olmasını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, sonuncu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq artırılmalı və hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Bundan başqa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən qanunverilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan ilkin mediasiya sessiyasında çəkilən 50 manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-2323/2020 saylı, 27.07.2020-ci il tarixli qətnaməsinə əsasən 26.12.2009-cü il təvəllüdlü X5 və 01.07.2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. 26.12.2009-cü il təvəllüdlü X5 və 01.07.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar