Məhkəmə qərarları › İş №2(043)-2231/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2231/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2231/2021 22.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2542,79 manat əsas borc, 295,31 manat faiz borcu, cəmi 2838,10 manat pul və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 07.05.2014-cü il tarixli 109.LN.1609.070514.R.00003 saylı kredit müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 22% olmaqla 6000 manat məbləğində kredit vermişdir. Lakin, kredit alan kredit müqaviləsinin şərtlərinə əməl etməyərək, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə 08.04.2016-cı il tarixə 2542,79 manat əsas borc, 295,31 manat faiz borcu olmaqla cəmi 2838,10 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-7261/2016 saylı 21.09.2016-cı il tarixli məhkəmə əmrinə əsasən (hakim Nuru Quliyev) xx.xx.1969-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 07.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2542,79 manat əsas borc, 295,31 manat faiz borcu olmaqla, cəmi 2838,10 manat məbləğində borcun və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq kreditor – "xxxx" ASC-yə ödənilməlidir. Mülki iş üzrə Cavabdeh 02.06.2021-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-7261/2016 saylı 21.09.2016-cı il tarixli əmrinin ləğv edilib, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-7261/2016 saylı 02.06.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(043)-7261/2016 saylı 21.09.2016-cı il tarixli məhkəmə əmri ləğv edilərək, mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-in 147 və 185.5-ci maddələrinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 109.LN.1609.070514.R.00003 saylı, 07.05.2014-cü il tarixli kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, Bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 22% faiz hesablanmaqla 6000 (altı min) manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan 08.04.2016-cı il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 07.05.2021-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 4729,49 manat ödəniş etmiş, həmin məbləğin 3457,21 manat hissəsi əsas borcdan, 1272,28 manat hissəsi faiz borcundan silinmişdir. 08.04.2016-cı il tarixdə borclunun həmin kredit müqaviləsi üzrə 2542,79 manat əsas borcu və 295,31 manat faiz borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit məbləğini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış əsas və faiz borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh qızından 2542,79 manat əsas borc, 295,31 manat faiz borcu olmaqla, cəmi 2838,10 manat pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Odur ki, cavabdehdən ödənilmiş 20 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, 10 manat dövlət rüsumu isə dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh qızından 07.05.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2542,79 manat əsas borc və 295,31 manat faiz borcu olmaqla, cəmi 2838,10 manat (iki min səkkiz yüz otuz səkkiz manat on qəpik) pul və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar