Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2232/2021 15.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka 1322,52 manat əsas borc, 466,1 manat faiz borcu, 4951,16 manat cərimə və kredit müqaviləsi üzrə 16 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 357 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilkdə cəmi 7096,78 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 16 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 30 faizlə 18 ay müddətinə 10000 manat kredit götürmüşdür. 16 may 2021-ci ilədək Cavabdeh banka 16 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1322,52 manat əsas borc, 466,1 manat faiz borcu, 4951,16 manat cərimə və kredit müqaviləsi üzrə 16 aprel 2014-cü il tarixdən, 16 may 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 357 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 7096,78 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, aldığı kredit üzrə borcu tam həcmdə ödədiyini, lakin üstündən uzun müddət keçdiyi üçün qəbzləri özündə saxlamadığını bildirmiş və məhkəməyə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, "xxxx" İKB ASC (kredit verən) ilə Cavabdeh (kredit alan) arasında 16.10.2012-ci il tarixli 10-M-2-0-1903-12 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana 18 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16.10.2012-ci il tarixli kredit müqaviləsi üzrə 8677,48 manat əsas borcdan, 2846,52 manat faiz borcundan ödəniş etmiş, sonuncu dəfə 19.05.2014-cü il tarixdə 241,75 manat ödəniş etmiş, əsas borc üzrə 1322,52 manat, faiz borcu üzrə 466,1 manat borcu qalmışdır. Cavabdehə ödənişlərin gecikdirilməsinə görə 4951,16 manat dəbbə pulu, kredit müddətinin başa çatdığı vaxtdan sonrakı dövr üçün illik beş faizlə 357 manat əldən çıxmış fayda hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdeh borc məbləğini tam ödədiyini bildirsə də bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Bununla yanaşı cavabdeh həm də iddia müddətinin keçməsinə istinad edərək iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 12.04.2014-cü il tarixdə başa çatmışdır. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı da 12.04.2014-cü il tarixdən başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Borclu son ödənişi 19.05.2014-cü il tarixdə edərək borcu etiraf etməsini göstərən hərəkət etdiyindən iddia müddətinin axımı kəsilmiş və 19.05.2014-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə 07.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia müddətinin axımının 19.05.2014-cü il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2232/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2232/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver