Məhkəmə qərarları › İş №2(043)-2248/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2248/2021

08.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2248/2021 08.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.11.2004-cü il təvəllüdlü Cəmilə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(043)- 2560/2019 saylı qətnaməsi ilə təyin edilmiş 120 manat alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahından 11 noyabr 2004-cü il tarixdə Cəmilə adlı uşaqları doğulmuşdur. Onların xasiyyətləri uyğun gəlmədiyi üçün 2005-ci ildə nikahları pozulmuşdur. Cavabdeh uşağa baxmadığından və ona uşağın saxlanılması üçün hər hansı bir maddi yardım göstərmədiyindən o, 2014-cü ildə aliment tələbi ilə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 22 dekabr 2014cü il tarixli 2(043)-4585/2014 saylı qətnaməsi ilə 11 noyabr 2004-cü il təvəllüdlü Cəmilə adlı uşağın saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin tutulması müəyyən olunmuşdur. Uşaq böyüdükcə tələbatları artdığı üçün o, məcbur olub alimentin miqdarının artırılması üçün 2018-ci il tarixdə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2(043)-1301/2018 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 110 (bir yüz on) manat müəyyən olunmuşdur. Qızları Cəmilə xəstə olduğundan və xarici ölkədə müalicə aldığından, cavabdeh isə aliment borcundan əlavə olaraq ona heç bir maddi yardım göstərmədiyindən o, məcbur olub 2019-cu ildə alimentin artırılması və uşağın xəstəliyi ilə bağlı yenidən məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(043)-2560/2019 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 120 manat və uşağın xəstəliyi ilə bağlı olaraq isə 40 manat alimentin cavabdehdən onun xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsinin 25 noyabr 2019-cu il 2(104)-4049/2019 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(043)-2560/2019 saylı qətnaməsi ilə Cavabdeh ‘‘azyaşlı Cəmilənin müalicəsi üçün əlavə xərclərə görə 40 manat” tutulması hissəsində ləğv edilmişdir. Uşaq böyüyür, tələbatları artır, cavabdeh ona təyin olunmuş 120 manat aliment borcundan başqa ona uşağın saxlanılmasına və müalicəsinə görə heç bir əlavə yardım etmir. Beləliklə o, uşağın saxlanılmasında çətinlik çəkir. Ona görə də məcbur olub yenidən alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Odur ki, Cavabdeh ilə birgə nikahdan doğulmuş 11 noyabr 2004-cü il təvəllüdlü Cəmilə adlı uşaqları yetkinlik yaşına çatanədək saxlanılması üçün Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(043)-2560/2019 saylı qətnaməsi təyin edilmiş və Gəncə Apelyasiya Məhkəməsinin 25 noyabr 2019-cu il il 2( 104)-4094/2019 saylı qətnaməsi ilə həmin hissədə qüvvədə saxlanılmış 120 manat alimentin miqdarının artırılaraq 200 manat təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, səhhətində olan xəstəliklə əlaqədar işləyə bilmədiyindən maddi vəziyyəti yaxşı deyil. Xəstəliyi ilə bağlı 130 manat təqaüd alır. Bu səbəbdən alimentin iddia tələbində göstərilən məbləğdə artırılmasına razı deyildir. Aliment məbləğinin 10 manat həcmində artırılmasına maddi imkanı yol verə bilər. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şahadətnamənin surətindən görünür ki, X4 11.11.2004-cü il tarixdə doğulmuşdur, şəhadətnamədə ata qrafasında Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd olunmuşdur. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin 25.11.2019-cu il tarixli 2(104)- 4094/2019 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli 2(043)-2560/2019 saylı qətnaməsi 11.11.2004-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan nikahın pozulaması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında qeyd edilmiş nikah 18.11.2005-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Ü.Musabəyli adına Şəhər Oftalmoloji Xəstəxana tərəfindən verilmiş 749 saylı 10 oktyabr 2019-cu il tarixi tibbi rəydən görünür ki, Cavabdeh hər iki gözündə mürəkkəb miopik astiqmatizm, miopik xorioretinit diaqnozu qoyulmuşdur. İş materiallarında olan DSMF Publik hüquqi şəxsinin 18 saylı regional ərazi idarəsi tərəfindən verilmiş 10 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 2-ci qrup əlilliyə görə 130 manat sosial müavinət alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd edilən Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin ailə və maddi vəziyyətində hər hansı əsaslı dəyişiklik baş verməmişdir. Həmin vaxtdan bugünə kimi yalnız uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2019-cu il üçün uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edildiyi halda, 2021-ci il üçün bu məbləğ 175 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə uyğun olaraq, hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməli, artırılmış alimentin tutulma müddətinin əvvəli mövcud qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 7 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli 2(043)-2560/2019 saylı qətnaməsi ilə 11 noyabr 2004-cü il təvəllüdlü X2 saxlanması üçün Cavabdeh İddiaçı qızının xeyrinə tutulan alimentin miqdarı artırılsın. 11 noyabr 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 7 (yeddi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar