Məhkəmə qərarları › İş №2(043)-2255/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-2255/2021

13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2255/2021 13.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən ondan borc aldığı 4000 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə o, yaxın münasibətdə olmuşdur. Onun maddi durumu yaxşı olmadığı üçün maşın alıb taksi fəaliyyəti ilə məşğul olmaq üçün ondan pul istəmişdir. O, cavabdehin pis durumda olduğunu nəzərə alıb ona 4 ay bundan qabaq 4000 manat borc vermişdir. Cavabdeh ondan aldığı pulla özünə kredit ilə maşın almışdır. Maşını 1 ay sürdükdən sonra satmışdır. Onun pulunu qaytarmaq əvəzinə qaçıb gizlənməyə başlamışdır. Bir sözlə cavabdeh onun pulunu qaytarmaq istəmir. Buna görə də cavabdehin ona olan borcunu məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 bildirdi ki, o, tərəflərin hər ikisi ilə dostdur. Onların hər biri ilə münasibəti yaxşı olmuşdur. Cavabdehin maddi vəziyyəti yaxşı olmadığı üçün dostları olaraq ona kömək etmək qərarına gəlmişlər. Bu zaman Rəşid Xaliqə 4000 manat pul borc vermiş, özünə yüngül bir avtomobil alıb taksi fəaiyyəti göstərərək həm ailəsini dolandırmasını, həm də borcunu hissə-hissə qaytarmasını bildirmişdir. Lakin Xaliq bankdan əlavə kredit də götürərək bahalı avtomobil almışdır. Rəşid isə Xaliqin işləyib həm ailəsini dolandırmasının, həm bankın kreditini qaytarmasının, həm də onun borcunu qaytarmasının mümkün olmadığını başa düşdüyü üçün Xaliqdən borcunu qaytarmasını istəmişdir. Xaliq isə borcundan hər ay ödəniş etməli olduğu halda heç bir ödəniş etməmiş, avtomobili isə bir müddət sonra satmış və Rəşidə olan borcunu qaytarmamışdır. O, pulu may ayı üçün qaytaracağını bildirsə də hələ də qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X1 bildirdi ki, o, tərəflər ilə dost olmuşdur. Xaliq Rəşiddən həqiqətən pul almışdır. Rəşid pulu ona verməmişdən qabaq onunla məsləhət etmişdir ki, Xaliqə pulu versin yoxsa yox, o isə cavabında Xaliqin körpə uşaqlarının olduğunu və Rəşidə həmin pulu Xaliqə verməsini demişdir. Bundan sonra Rəşid pulu ona vermiş, lakin hazırda da o, pulu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X5 digər şahidlərlər eyni məzmunlu izahat verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır; 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər 4000 manat pulun borc kimi verilməsi barədə şifahi müqavilə bağlamaq niyyəti ilə hərəkət etsələr də qanunvericilikdə nəzərdə tutulmuş imperativ qaydaya, yəni üç min manatdan yuxarı məbəğin borc verilməsi ilə bağlı müqavilənin yazılı formada olması qaydasına zidd hərəkət etdiklərindən onların arasında borc münasibətləri yaranmamışdır. Buna görə də Cavabdeh hüquqi əsas olmadan İddiaçı 4000 manat pul əldə etməsi və onun hesabına əsassız varlandığı müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və Cavabdeh 4000 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 238-245, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan sonra 10 (on) gün müddətində onun ləğvi barədə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay ərzində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar