Məhkəmə qərarları › İş №2(043)-2269/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2269/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2269/2021 26.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış 12.06.2019-cu il tarixli RPF-00015-06/19A saylı kredit müqaviləsindən irəli gələn 06.01.2021-ci il tarixinə ödənilməmiş 892,37 manat əsas borc, 5,6 manat faiz borcu, 262,73 manat dəbbə borcu, cəmi borc 1160,7 manat, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bank "xxxx" ASC-nin “Gəncə” filialı ilə Cavabdeh1 arasında bağlanmış 12.06.2019-cu il tarixli RPF-00015-06/19A saylı kredit müqaviləsinə əsasən, bank 909,56 manat məbləğində krediti illik 1 faizlə 12 ay güzəşt müddəti tətbiq etməklə 60 ay müddətinə Cavabdeh1 mülkiyyətinə vermişdir. Cavabdeh1 isə həmin kreditdən iddiaçı ilə bağlanmış DK-00050-06/17A saylı 13 noyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti 12 iyun 2024-cü il tarixinədək faizi ilə birlikdə "xxxx" ASC-yə qaytarağı öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri barəsində RPF-00015-06/19A saylı 12 iyun 2019-cu il tarixli kredit müqaviləsinə 2 saylı əlavə bağlanmışdır. Cavabdeh2 12.06.2019-cu il tarixdə iddiaçıyla RPFZ-00015-06/19A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı ilə cavabdeh arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin kredit müqaviləsi üzrə 06.01.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş 892,37 manat əsas borc, 5,6 manat faiz borcu, 262,73 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin 06.01.2021-ci il tarixinə cəmi borcu 1160,7 manat təşkil edir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş 12 iyun 2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 illik 1% olmaqla, 12 ay müddətinə, 909,56 manat məbləğində borc pul verilmiş və borcun qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 06.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 892,37 manat əsas borc, 5,60 manat faiz məbləği və 262,73 manat cərimə məbləği olmaqla, cəmi 1160,7 manat məbləğində borcu vardır. İş materiallarında olan 12 iyun 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 12 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdehlər tərəfindən borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirməmişlər, nəticədə bank qarşısında öhdəlikləri yaranmışdır. Buna görə də iddiaçı cavabdehlərdən müqavilə üzrə müəyyən edilmiş əsas borcun, faiz borcunun və gecikdirilmiş vaxt üçün hesablanmış dəbbə pulu məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tətbiq edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 892,37 manat əsas borc, 5,60 manat faiz borcu və 20 manat dəbbə pulu borcu olmaqla, cəmi 917,97 manat pul tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-230, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12.06.2019-cu il tarixli, RPF-00015- 06/19A saylı kredit müqaviləsi üzrə 892,37 manat əsas borc, 5,60 manat faiz borcu və 20 manat dəbbə pulu borcu olmaqla, cəmi 917,97 (doqquz yüz on yeddi tam yüzdə doxsan yeddi) manat borc və dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat qırx qəpik) manat pul müştərək qaydada tutularaq, "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar