Məhkəmə qərarları › İş №2(043)-2284/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2284/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2284/2021 23.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun ödənilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 25.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2289,11 ABŞ dolları əsas borc, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 959,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 3248,31 ABŞ dolları kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 25.04.2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 6000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 25.04.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03.05.2021-ci ilədək cavabdehin banka 25.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2289,11 ABŞ dolları əsas borc, 25.04.2015-ci ildən 03.05.2021-ci ilədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 959,2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, olmaqla ümumilikdə 3248,31 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderindən görünür ki, "xxxx" İKB ASC (kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında 10-M-3-0-639-13 saylı, 25.04.2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 10-M-3-0-639-13 saylı, 25.04.2013-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" İKB ASC ilə Cavabdeh2 (zamin) arasında zaminlik müqaviləsi bağlanmış və zamin "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 25.11.2019-cu il tarixli çıxarışdan görünür ki, "xxxx" X3 ASC-nin hazırki adı İddiaçı ASC-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən müqavilə üzrə kreditin və gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin ödənilməsini tələb etmişdir. Lakin, iş materiallarına əlavə edilən Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iddia müddətinin keçməsi nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə son ödənişi 12.09.2014-cü il tarixdə etmiş, kreditin müddəti isə 25.04.2015-ci il tarixdə bitmişdir. Həmin tarixdən bugünədək bank kredit tələbi ilə məhkəməyə müraciət etməmişdir. 2019-cu ildə bankın hesabına daxil olan 3891,50 manat məbləğində pul vəsaiti onun tərəfindən ödənilməmişdir. Həmin məbləğ Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında bankına hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının iddia ərizəsində isnad etdiyi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti 25.04.2015-ci il tarixdə başa çatmışdır. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı da 25.04.2015-ci il tarixdən başlanmışdır. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə 08.06.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının 25.04.2015-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir. Bundan əlavə, cavabdehin kredit borcu ilə bağlı 2019-cu ildə 3891,50 manat pul vəsaitinin ödənilsə də, məhkəmə hesab edir ki, həmin məbləğin ödənilməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Qanunun mənasına görə iddia müddətinin axımının kəsilməsi üçün ya kreditor tərəfindən qanunla müəyyən edilmiş qaydada iddia irəli sürülməlidir, ya da borclunun özü tərəfindən borcunu etiraf etdiyini göstərən hər hansı hərəkət yerinə yetirilməlidir. “Problemli kreditlərin kompensasiyası haqqında” arayışdan görünür ki, 2019-cu ildə ödənilmiş 3891,50 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən deyil, Azərbaycan Respublikası Prezidentinin 28 Fevral 2019-cu il tarixli 551 saylı fərmanına əsasən kompensasiya edilmiş məbləğdən Mərkəzi Bank tərəfindən ödənilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 3891,50 manat pul vəsaitinin ödənilməsi cavabdehin borcunu etiraf edən hərəkəti kimi qiymətləndirilə bilməz və bu vəziyyət iddia müddətinin axımının kəsilməsinə səbəb olmur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərci olan 30 manat dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun ödənilməsi» tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar