Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2296/2021 23.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 04.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 149 manat əsas, 2,37 manat faiz borcu, kredit müqaviləsi üzrə 24.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 61,25 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 212,62 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 04.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə 60 ay müddətinə 149 manat kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24.05.2021-ci ilədək Cavabdeh banka 04.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 149 manat əsas borc, 2,37 manat faiz borcu və kredit müqaviləsi üzrə 24.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 61,25 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 212,62 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 04.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borcverən tərəfindən borcalana 1 il güzəşt müddəti tətbiq edilməklə, 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 149 kredit verilmişdir. Müqavilənin 3.1-ci bəndində göstərilmişdir ki, kreditin təyinayı müştərinin vaxtı keçmiş kredit borcunun restruktrizasiyasıdır. Müqavilənin 4.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, güzəştli kredit müqavəsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 04.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 149 manat, faiz borcu üzrə 2,37 manat və 24.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 61,25 manat məbləğində əldən çıxmış fayda təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə iddiaçı cavabdehə restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə 5 il müddətinə illik bir faiz dərəcəsi ilə 149 manat kredit vermişdir. Lakin, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə isnad edərək cavabdehə verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş qalan hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, iddianın gecikdirilmiş müddət üçün illik 5 faiz hesablanmaqla, cavabdehdən 61,25 manat faiz borcunun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmin Qərarda həmçinin göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə əvvəla qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ödəniş cədvəlinə nəzər yetirdikdə, cavabdehin 04.01.2021-ci il tarixdən başlayaraq hər ay 3,05 manat əsas borcdan ödəməli olduğu və iddia ərizəsinin məhkəməyə verildiyi günədək onun 5 ay əsas borcu gecikdirməsi nəzərə alındıqda, cəmi 15,25 manat əsas borca görə cəmi 5 aylıq gecikdirilmiş müddət üçün illik 5 faizdən hesablanmaqla, iddiaçı tərəfindən 61,25 manat faiz borcunun hesablanması anlaşılan deyil. Digər tərəfdən, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarındakı mövqeyinə əsaslanaraq hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitmədiyindən, iddiaçının gecikdirilmiş müddət üçün illik 5 faizdən hesablanmaqla, cavabdehdən faiz borcunu tələb etməsi əsassızdır. İddiaçı bu cür faiz borcunu yalnız müqavilə müddəti başa çatdıqdan sonrakı dövr üçün tələb edə bilər. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-230, 227, 284- 6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 04.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 149 manat əsas borc və 2,37 manat faiz borcu olmaqla, cəmi 151,37 manat (yüz əlli bir manat otuz yeddi qəpik) pul və 15 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2296/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2296/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver