Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2392/2021 12.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X4, vəkili X1, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) X6 iştirakları ilə, X4 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk iddiası, Cavabdeh X5 qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İlk iddia üzrə iddiaçı X7 ilk iddia üzrə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus obyektə vurulmuş maddi ziyana görə 14700 manat məbləğində pulun və obyektin bərpası üçün 700 manat məbləğində pulun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ildə cavabdehin qızı Gəncə şəhəri 3-cü mikrorayon ərazisində yerləşən, rəhbəri olduğu "Dostluq" idman sağlamlıq mərkəzində masaj olunurdu. Masaj zamanı onun cavabdehin qızına qarşı masajdan başqa heç bir hərəkəti olmadığı halda ona qarşı atılmış böhtandan sonra cavabdeh onun obyektini öz adamları ilə ondan qisas almaq üçün dağıdıb yararsız hala salmışlar. O, şər və böhtan əsasında Azərbaycan Respublikası CM-in 153.3-cü maddəsi ilə təqsirli bilinib Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli hökmü ilə 2 il 06 ay azadlıqdan məhrum edilmiş, bir neçə ay bundan qabaq cəzasını çəkib qurtarmışdır. Cavabdeh tərəfindən ona vurulmuş ziyan- 6000 manat dəyərində "İphone-7" markalı telefon, 350 manat dəyərində “Tikkom” markalı qol saatı, hər biri 100 manat dəyərində 2 ədəd kiçik televizor, 240 manat dəyərində 6 ədəd plastik stol-stul komplekti, 50 manat dəyərində çərçivəli güzgü, 2000 manat dəyərində vitrin soyuducu, 80 manat dəyərində otağın şüşələri, 200 manat dəyərində 2 ədəd akvarium, 300 manat dəyərində hovuzun ətrafı divarlar, 500 manat dəyərində lambirinlər, 360 manat dəyərində 3 ədəd qızdırıcı vasitə, 2200 manat dəyərində əla növ cökə taxtası, 3500 manat dəyərində 2 ədəd kamin, 1200 manat dəyərində 1 ədəd istilik teni, 800 manat dəyərində hamam aksessuarları, 400 manat dəyərində işıqlandırma sistemi, 150 manat dəyərində plastik qapı, 200 manat dəyərində qapıdan ibarət olmaqla, cəmi 14.700 manat təşkil edir. Bununla yanaşı, dağıdılan sağlamlıq mərkəzinin bərpası üçün 700 manat da usta pulu tələb olunur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X5 qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 tərəfindən ona vurulmuş mənəvi zərərin məbləğinin 50000 manat müəyyənləşdirilməsi və həmin məbləğin X2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh (ilk iddia üzrə iddiaçı) X7 2017-ci ildə onun azyaşlı (11 yaş) qızına qarşı əxlaqsız hərəkətlər etməsi səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.3-cü maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bu hadisənin üstündən bir neçə il keçməsinə baxmayaraq, heç cür özlərinə gələ bilmirlər. Yenə də uşağın gələcəyinə görə susmaq məcburiyyətində qalmışdır. Lakin bu yaxınlarda X7 cəzasını çəkib qurtardıqdan sonra bütün bunlar azmış kimi ona qarşı əsassız olaraq maddi ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, bununla da yaralarını təzələmişdir. Yəni İddiaçı bu hərəkətləri ilə onun, eləcə də ailəsinin şərəf və ləyaqətini ləkələyərək alçaltmışdır. Bütün bunlardan o, çox böyük mənəvi sarsıntı keçirir. Onun bu hərəkətlərindən xəstəliyə düçar olmuş və hazırda müalicə alır. Keçirdiyi mənəvi sarsıntı heç bir ölçüyə sığmır. Bu səbəbdən ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə qarşılıqlı iddia ərizəsi müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X7 iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, iddia ərizəsində göstərdiyi “İphone-7” markalı mobil telefon əsində “İphone 6 markalıdır. Telefon onun işçisinə məxsus olmuşdur. Lakin işçisi telefonun iş vaxtı məhv olması səbəbindən telefonunu ondan tələb edir. Telefon, 350 manat dəyərində “Tikkom” markalı qol saatı, hər biri 100 manat dəyərində 2 ədəd kiçik televizor, 240 manat dəyərində 6 ədəd plastik stol-stul komplekti, 50 manat dəyərində çərçivəli güzgü, 2000 manat dəyərində vitrin soyuducu, 80 manat dəyərində otağın şüşələri, 200 manat dəyərində 2 ədəd akvarium cavabdeh tərəfindən ona məxsus mərkəzə hücum olunaraq sındırılıb dağıdılmışdır. Belə ki, cavabdeh 2017-ci ildə bir neçə şəxslə birlikdə onun sahibi olduğu idman sağlamlıq mərkəzinə basqın etmiş, əllərində olan çapacaq və digər əşyalarla yuxarıda göstərilən əşyaları qırıb dağıtmışlar. İddia ərizəsində qeyd edilən 300 manat dəyərində hovuz ətrafı divarlar, 500 manat dəyərində lambirinlər, 360 manat dəyərində 3 ədəd qızdırıcı vasitə, 2200 manat dəyərində əla növ cökə taxtası, 3500 manat dəyərində ədəd kamin, 1200 manat dəyərində 1 ədəd istilik teni, 800 manat dəyərində hamam aksesuarları, 400 manat dəyərində işıqlandırma sistemi, 150 manat dəyərində plastik qapı, 200 manat dəyərində qapı isə o həbs edildikdən sonra cavabdeh tərəfindən ona məxsus sağlamlıq mərkəzində törədilmiş yanğın nəticəsində məhv olmuşdur. Qarşılıqlı iddianı isə qəbul etmir, o, cavabdehin qızına qarşı hər hansı əxlaqsız hərəkət törətməmişdir. Buna görə də ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş edir. İlk iddia üzrə iddiaçının vəkili X3 ilk iddianı müdafiə edərək iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 nümayəndəsi (vəkili) X10 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, A.Həsənovun qızına qarşı İddiaçı tərəfindən əxlaqsız hərəkət edilmiş və bu fakt qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. İddiaçı əxlaqsız hərəkəti barədə uşaq evdə məlumat verdikdə A.Həsənov məsələni aydınlaşdırmaq üçün İddiaçı işlədiyi idman sağlamlıq mərkəzinə getmiş, İddiaçı qaçıb gizləndiyi üçün onun bayıra çıxmasını tələb etmişdir. Bu zaman A.Həsənov obyektdə səs-küy salsa da heç bir əşyanı qırıb-dağıtmamış, hər hansı maddi ziyan vurmamışdır. İddiaçı həbs olunduqdan sonra obyektdə yanğın baş verməsi barədə isə A.Həsənovun ümumiyyətlə heç bir məlumatı yoxdur. Yanğın hadisəsi müvafiq məsuliyyətə səbəb olduğundan bu barədə dövlət orqanları tərəfindən araşdırma aparılmalı və yanğının səbəbləri müəyyən edilməli idi. Lakin yanğının baş verib-verməməsi və hansı səbəbdən baş verməsi barədə də hər hansı sübut yoxdur. Qarşılıqlı iddia isə qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsaslanır və zərərçəkmiş şəxsin atası olaraq A.Həsənov mənəvi zərərə məruz qalmışdır. A.Həsənov uşağının gələcəyini düşünərək bu məsələni böyütmək istəməsə də İddiaçı bu əsassız iddiasından sonra A.Həsənov bir daha mənəvi sarsıntı keçirmişdir. Buna görə də ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin və qeydiyyat vərəqəsinin surətindən görünür ki, Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 07 dekabr 1998-ci il tarixli, 694 saylı Sərəncamı ilə Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mikrorayonun ərazisindən sağlamlıq mərkəzi inşa etmək üçün torpaq sahəsi müvəqqəti istifadə edilməsi üçün X5 verilmişdir. Bu barədə Torpaq icarəsi müqaviləsinin Dövlət qeydiyyatı kitabının 33-cü səhifəsində 166 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23 yanvar 2018-ci il tarixli, 1 (043)- 32/2018 saylı hökmünün surətindən görünür ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə idman-sağlamlıq və tərbiyə-müalicə müəssisələrində vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları, bu münasibətləri nizama salan mülki qanunvericiliyinin normaları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, ilk və qarşılıqlı iddia isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hər iki iddianın qanuni əsasını mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. İlk iddia üzrə iddiaçının iddia ərizəsində sadalanan əşyalardan “İphone-6” markalı mobil telefon iddiaçının özünə deyil, onun işçisinə məxsus olmuş, həmin telefonun və “Tikkom” markalı saatın, 2 ədəd kiçik televizorun, plastik stol-stul komplektinin, çərçivəli güzgünün, vitrin soyuducunun, otaq şüşələrinin, 2 ədəd akvariumun cavabdeh tərəfindən sındırılıb dağıdılmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Eləcə də iddia ərizəsində sadalanan digər əşyalar hovuz ətrafı divarlar, lambirinlər, 3 ədəd qızdırıcı vasitə, əla növ cökə taxtası, 2 ədəd kamin, 1 ədəd istilik teni, hamam aksessuarları, işıqlandırma sistemi, plastik qapı və digər qapının cavabdeh tərəfindən yandırılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa o da qeyd edilməlidir ki, iddiaçı özünə məxsus olan və obyektdə yerləşdirdiyi əşyalardan başqa həm də obyektin özünə birbaşa vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etsə də obyektin (binanın) özünə məxsus olmasını təsdiq edən sübutlar da təqdim etməmişdir. Belə olan halda iddiaçının ümumiyyətlə obyektə vurulmuş zərəri tələb etməyə subyektiv hüququnun mövcud olması da öz təsdiqini tapmır. İddiaçı tərəfindən yalnız sağlamlıq mərkəzinin və əşyaların yanması ilə bağlı fotoşəkillər təqdim olunmuş, lakin həmin mərkəzin hansı şəraitdə, necə və kim tərəfindən yandırılması ilə bağlı və ümumiyyətlə həmin mərkəzin iddiaçıya məxsus olması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Məhkəmə, “mənəvi zərər” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsini onunla əsaslandırır ki, mənəvi zərərin ödənilməsi dedikdə onun yalnız pul vasitəsilə kompensasiya edilməsini özündə ehtiva etmir. Belə ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlardan da görünüdüyü kimi, məhkəmənin hökmü ilə X7 A.Həsənovun azyaşlı uşağına qarşı törətdiyi cinayət əməlinə görə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza törədilən cinayətə görə tənbehdir. Tənbeh cəzanın yetirdiyi maddi, mənəvi və fiziki məhrumiyyətləri ifadə edir, cəzanın mahiyyətini əks etdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci və 41.2-ci maddələrinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göründüyü kimi cəzanın məqsədlərindən biri sosial ədalətin bərpasıdır. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə, dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını da nəzərdə tutur. Şərh olunanlardan görünür ki, X4 ona məhkəmənin hökmü ilə təyin olunan cəzanı çəkməsi ilə qarşılıqlı iddia üzrə iddiaçının mənəvi zərəri də kompensasiya edilmişdir. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı böyük mənəvi sarsıntı keçirdiyini əsas gətirərək səhhətinin pisləşdiyini və xəstələnib müalicə aldığını iddia etsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçıya vurulmuş mənəvi zərərin əlavə olaraq pul formasında kompensasiya edilməsi üçün hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2392/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2392/2021
12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver