Məhkəmə qərarları › İş №2(043)-2406/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2406/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2406/2021 14.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üç müqavilə üzrə 3850 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3880 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin, "xxxx" MMC ilə 31.08.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1008 manat İMEİ kodu **********76949 olan Xiaomi Redmi 7 markalı telefon, Smart Segway holder üçün 672 manat ödənilməmiş hissə, 201 manat dəbbə pulu, cəmi 873 manat borcu vardır. Cavabdehin, "xxxx" MMC ilə 23.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 907 manat (18 ay x 50 manat + 7 manat ilkin ödəniş), HOFFMANN LED markalı televizor üçün 700 manat ödənilməmiş hissə, 210 manat dəbbə, cəmi 910 manat borcu vardır. Cavabdehin, "xxxx" MMC ilə 14.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1914 manat (18 ay x 106 manat + 6 manat ilkin ödəniş), HOFFMANN markalı soyuducu üçün 1590 manat ödənilməmiş hissə, 477 dəbbə pulu, cəmi 2067 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 867 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 31.08.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 1008 manat olan İMEİ kodu **********76949 olan “Xiaomi Redmi 7” markalı telefonu və “Smart Segway holderi” nisyə qaydada almış, ayda 56 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 23.10.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 907 manat olan “HOFFMANN LED” markalı televizoru ilkin 7 manat ödəniş etmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 50 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 14.11.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan ümumi qiyməti 1914 manat olan “HOFFMANN” markalı soyuducunu ilkin 6 manat ödəniş etmək şərti ilə nisyə qaydada almış, malın qalıq dəyərini ayda 106 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 31.08.2019cu il tarixli müqavilə üzrə əsas məbləğdən 336 manat ödəmiş, 672 manat borcu qalmışdır. Ödənişlərin 360 gün gecikdirilməsinə görə 201 manat dəbbə pulu hesablanmışdır. 23.10.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 207 manat ödəmiş, 700 manat borcu qalmışdır. Ödənişlərin 420 gün gecikdirilməsinə görə 210 manat dəbbə pulu hesablanmışdır. 14.11.2019-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 324 manat ödəmiş, 1590 manat borcu qalmışdır. Ödənişlərin 450 gün gecikdirilməsinə görə 477 manat dəbbə pulu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən cavabdeh iddiaçıdan aldığı mal və xidmətlərin ümumi dəyərindən yalnız 867 manat ödəmişdir. Buna görə də məhkəmə müqavilə üzrə cavabdehdən aldığı mal və xidmətlərin dəyərinin qalığı qismində 2962 manat pulun tutulmasını əsaslı hesab edir. Məhkəmə cavabdehin maddi vəziyyətini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq, borc məbləğinə nəzərən tənasübsüz sürətdə yüksək olan dəbbə pullarının miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıya münasibətdə icra edilməmiş öhdəliyə nəzərən hesablanmış dəbbə pulunun miqdarı tənasübsüz dərəcədə yüksəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 31.08.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulu azaldılmalı və 60 manat məbləğində, 23.10.2019-cu il tarixli müqavilə üzrə 70 manat məbləğində və 14.11.2019-cu il tarixli müqavilə üzrə 100 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, üç müqavilə üzrə 2962 manat ödənilməmiş hissə, 230 manat cərimə və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 31.08.2019-cu il tarixli müqavilə üzrə 672 manat ödənilməmiş hissə, 60 manat dəbbə pulu, 23.10.2019-cu il tarixli müqavilə üzrə 700 manat ödənilməmiş hissə, 70 manat dəbbə pulu, 14.11.2019-cu il tarixli müqavilə üzrə 1590 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu olmaqla, ümumilikdə 3192 (üç min yüz doxsan iki) manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar