Məhkəmə qərarları › İş №2(043)-2415/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2415/2021

30.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2415/2021 30.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada iddiaçı AccessBank” QSC-nin xeyrinə 255,19 manat əsas borc, 44,64 manat faiz borcu və 68,93 manat cərimə məbləği olmaqla, cəmi 368,76 manat borcun və iş üzrə ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə bağlanmış 06.09.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə, 2,0833 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqaviləsinn şərtlərini pozaraq ödənişləri dəfələrlə yubatmış, 06.08.2020-ci il tarixdən kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 borcundan 1244,81 manat ödəniş etmiş, 255,19 manat kredit borcu qalmışdır. 30.04.2021-ci il tarixə faiz borcu 44,64 manat təşkil edir. 30.04.2021-ci il tarixə kredit müqaviləsinin 4.2.3-cü bəndinə əsasən 267 gün üçün hesablanmış cərimə məbləği 68,93 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 06.09.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 12 ay müddətinə, 2,0833 faiz dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.1.2-ci bəndində kredit alanın müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditorun müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüquqana malik olduğu nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş köçürmə qəbzindən görünür ki, Cavabdeh1 06.09.2019-cu il tarixdə kredit müqaviləsi üzrə 1500 manat pulu bankın kassasından almışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 30.04.2021-ci il tarixə 06.09.2019-cu il tarixli 006A********** saylı kredit razılaşması üzrə 255,19 manat əsas borc, 44,64 manat faiz borcu və 68,93 manat dəbbə pulu olmaqla, cəmi 368,76 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh1 borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş 06.09.2019-cu il tarixli 006G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 06.09.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh2 borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit razılaşması üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin razılaşma üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Məhkəmə dəbbə pulunun məbləğini, iddiaçının peşəkar qaydada kredit verilməsi ilə məşğul olan bank, cavabdehlərin isə istehlak məqsədləri üçün kredit almış fiziki şəxs olmasını və iddiaçının əmlak mənafelərini nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 15 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli 06 avqust 2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən 255,19 manat əsas borc, 44,64 manat faiz borcu və 15 manat cərimə borcu olmaqla, cəmi 274,83 manat tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 20 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 06.09.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 255,19 manat əsas borc, 44,64 manat faiz borcu və 15 manat dəbbə pulu olmaqla, cəmi 274,83 (iki yüz yetmiş dörd tam yüzdə səksən üç) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar