Məhkəmə qərarları › İş №2(043)-2423/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2423/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2423/2021 03.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc” tələbinə dair iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı "xxxx" ASC-nin xeyrinə Kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4437,49 manat əsas borc, 1615,99 manat faiz borcu, 595,98 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz (5 %-lə) və 1913,38 manat cərimə məbləği olmaqla, cəmi 8562,84 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin “Mingəçevir” filialı ilə Cavabdeh1 arasında bağlanmış 17.09.2014-cü il tarixli, 1-17.09.2014-MİN57 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə hesablanmaqla, 9.000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə Bank Cavabdeh2 və Cavabdeh3 ilə 17.09.2014-cü il tarixli, 1-17.09.2014-MİN57 nömrəli zaminlik müqavilələri bağlamış və müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit Müqaviləsinin 11,2-ci bəndinə əsasən borcalan Cavabdeh1 bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu Cavabdeh1 kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh1 banka borcu 4437.49 manat əsas, 1615.99 manat faiz, 595.98 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz ( 5%-lə ) və 1913.38 manat cərimə borcu olmaqla, cəmi 8562.84 manat təşkil edir. Beləliklə, Cavabdeh1 kreditin vaxtında qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X3 iddianı qismən qəbul edərək, oğlu işdən çıxdığına görə maddi imkanlarının aşağı olması səbəbi ilə banka olan borclarını ödəyə bilmədiklərini, əslində borcu zamin kimi göstərilmiş şəxslərin götürdüyünü, sonradan isə borcu ödəmədiklərini bildirmiş və cərimənin həddindən artıq çox olduğunu bildirərək cərimənin azaldılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17.09.2014-cü il tarixli 1-17.09.2014-MİN57 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 48 ay müddətinə, 23 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderindən görünür ki, Cavabdeh1 17.09.2014-cü il tarixdə kredit müqaviləsi üzrə 8595 manat pulu bankın kassasından almışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 17.09.2014-cü il tarixli 1-17.09.2014-MİN57 saylı kredit müqaviləsi üzrə 4437,49 manat əsas borc, 1615,99 manat faiz borcu, 595,98 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz (5 %-lə) və 1913,38 manat cərimə məbləği olmaqla, cəmi 8562,84 manat borcu vardır. İş materiallarına əlavə edilmiş 17.09.2014-cü il tarixli 1-17.09.2014-MİN57 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 17.09.2014cü il tarixli 1-17.09.2014-MİN57 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcunu ödəməyəcəyi təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit razılaşması üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin razılaşma üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehlər öhdəliyin icra edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Məhkəmə dəbbə pulunun məbləğini, iddiaçının peşəkar qaydada kredit verilməsi ilə məşğul olan bank, cavabdehlərin isə istehlak məqsədləri üçün kredit almış fiziki şəxs olmasını və iddiaçının əmlak mənafelərini nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını və 20 manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Kredit müqaviləsinin müddəti 17.09.2018-ci il tarixdə başa çatmış, həmin vaxtdan keçən üç il ərzində cavabdehlər 4437,49 manat əsas borcun ödənilməsini gecikdirmişlər. MM-in 445.7-ci maddəsinə əsasən gecikdirilmiş əsas borcun illik beş faizi ilə hesablandıqda iddiaçının gecikmə faizlərinin ödənilməsi tələbi də əsaslı olduğundan təmin edilməlidir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 17 sentyabr 2014-cü il tarixli 1-17.09.2014- MİN57 saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən 4437,49 manat əsas borc, 1615,99 manat faiz borcu, 595,98 manat gecikdirməyə görə faiz (illik 5 %-lə) və 20 manat cərimə məbləği olmaqla, cəmi 6669,46 manat pul tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 17.09.2014-cü il tarixli 1- 17.09.2014-MİN57 saylı kredit müqaviləsi üzrə 4437,49 manat əsas borc, 1615,99 manat faiz borcu, 595,98 manat müqavilə müddətindən sonra ödənilməmiş faiz (5 %-lə) və 20 manat cərimə məbləği olmaqla, cəmi 6669,46 (altı min altı yüz altmış doqquz tam yüzdə qırx altı) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar