Məhkəmə qərarları › İş №2(043)-2440/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2440/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2440/2021 22.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1700 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə 2 ilə yaxın zamanda qeyrirəsmi ər-arvad münasibətlərində olmuşlar. Nail ondan 2020-ci ilin noyabr ayında 2000 manat borc pul almışdır. O, borc verərkən onu video görüntüyə çəkmişdir. Nail ondan borc aldığı puldan cəmi 300 manatını qaytarmışdır. Qalan 1700 manat pulu isə qaytarmaqdan imtina etmişdir. Ona görə də, o, məcbur olub ərizə ilə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə müraciət etmişdir. Gəncə şəhər Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Çərkəz Mustafaoğlunun HK-1/1373 saylı, 03.06.2021-ci il tarixli qərarı ilə cinayət təqibinin başlanması rədd olunub, mülki iş olduğu üçün məhkəməyə müraciət etməsi izah edilmişdir. Həmin qərarda da, cavabdeh borcunun olmasını etiraf etmişdir. Lakin, bütün bunlara baxmayaraq, cavabdehdən ona olan borcunu ödəməsini tələb etsə də, cavabdeh pulu ödəməkdən boyun qaçırır. Ona görə də, o, məcbur olub hazırki iddia ərizəsi məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, o, cavabdehə ümumilikdə 4000 manat borc kimi vermişdir. Belə ki, o, cavabdehə iki dəfə olmaqla hər dəfəsində 2000 manat borc kimi pul vermişdir. Cavabdeh birinci dəfə aldığı 2000 manat pulu ona qaytarmış və cavabdeh tərəfindən təqdim edilmiş diskdə olan görüntüdə o, birinci dəfə cavabdehə vermiş olduğu 2000 manatı ondan almışdır. Lakin, cavabdeh sonradan aldığı 2000 manat pulu ona tam şəkildə qaytarmamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının iddia ərizəsində və məhkəmə iclasında izahatında qeyd etdikləri tamamilə yalandır. Belə ki, o, iddiaçıdan 4000 manat yox, cəmi 2000 manat borc kimi pul almış və iddiaçı həmin pulu ona verərkən videoçəkiliş aparmışdır. O, pulu borc kimi aldıqdan qısa müddət sonra avtomobilini sataraq iddiaçıya olan borcunu qaytarmış və pulu qaytararkən bu halı telefonu ilə çəkmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 iyun 2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı Cavabdeh adlı şəxsin ona 1700 manat pul borclu olmasını və onu döyməsi barədə müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh Füzuli oğlunun izahatında bildirmişdir ki, o, ona məxsus VAZ-2107 marakalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sənədlərini girov qoyaraq, İddiaçı 2000 manat borc almış, lakin 3-4 gün sonra həmin avtomobili 4000 manata satmaq üçün bir nəfər şəxs (alıcı) ilə razılaşma əldə etmiş, həmin şəxsdən 2000 manat beh alaraq İddiaçı yaşadığı evə getmiş və həmin məbləği ona geri qaytararaq, avtomobilin sənədlərini geri götürmüşdür. İddiaçı tələbində cavabdehə 2000 manat pulu borc kimi verdiyini, lakin cavabdehin həmin puldan ona 300 manat qaytardığını və qalan məbləği geri qaytarmadığını bildirərək, cavabdehdən 1700 manat pul tələb etmişdir. Cavabdeh isə məhkəmə iclasında bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, o, iddiaçıdan 2000 manat pul alsa da, həmin pulu qısa müddətdə ona geri qaytarmışdır. Cavabdeh aldığı borcu qaytarmasını təsdiq edən sübut kimi bir ədəd disk təqdim etmişdir. Həmin disk məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki, cavabdeh 2000 manat pulu sayaraq bir nəfər qadına təqdim edir. Məhkəmə iclasında iddiaçı həmin videoçəkilişdə olan şəxsin özünün olduğunu bildirərək, həmin vaxt cavabdehdən 2000 manat pulu aldığını qəbul etmişdir. Lakin, iddiaçı bildirir ki, o, cavabdehə iki dəfə olmaqla hər dəfəsində 2000 manat pulu borc kimi vermiş və diskdəki videoçəkilişdə olan 2000 manat pul birinci dəfə alınmış borcun qaytarılmasıdır. Cavabdeh ikinci dəfə aldığı 2000 manat pulun 1700 manat hissəsini ona qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı 2020ci ilin noyabr ayında cavabdehə 2000 manat pulu borc kimi vermiş və cavabdeh həmin məbləği iddiaçıya qaytarmışdır. İddiaçı həmin məbləğdən başqa, cavabdehə təkrarən 2000 manat pulu borc kimi verməsini məhkəmə iclasında bildirsə də, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, iddiaçının məhkəmə iclasında verdiyi izahatı mötəbər sübut kimi qəbul etmir. Belə ki, əvvəla iddiaçı iddia ərizəsində cavabdehə ümumiyyətlə 4000 manat pul verməsini bildirməmişdir. O, cavabdehə ümumilikdə 2000 manat pul verdiyini qeyd etmişdir. Bundan əvvəl iddiaçı polis orqanına şikayət edərkən də, cavabdehə 4000 manat yox, 2000 manat pulun borc kimi verilməsini bildirmiş və həmin vaxt cavabdeh polisə sübut kimi bir ədəd disk təqdim edərək, iddiaçıya olan borcunu qaytardığını bildirmişdir. Bu hallar iddiaçıya həmin vaxt müəyyən olunsa da, o, nə polis orqanında verdiyi izahatında, nə də iddia ərizəsində cavabdehə 4000 manat pulu borc kimi verdiyini bildirməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar