Məhkəmə qərarları › İş №2(043)-2445/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2445/2021

16.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2445/2021 16.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia qaldıraraq, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 13.10.2014-cü il tarixli, 2(043)-1514/2014 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, 05.07.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə nikahlarını 01 oktyabr 2010-cu il tarixdə rəsmiləşdirərək ailə qurmuşdular və nikahdan 05 iyul 2011-ci il tarixdə Nihad adlı uşaqları anadan olmuşdur. Bir müddət ailə münasibətləri normal olsa da, sonradan pozulmuş və cavabdeh öz məsuliyyətini dərk etmədiyinə görə nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 oktyabr 2014-cü il tarixli 2(043)-1514/2014 nömrəli qətnaməsi ilə 01 oktyabr 2010-cu il tarixli 741 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, 05 iyul 2011-ci il təvəllüdlü Nihad adlı uşaq ananın himayəsinə verilmiş və saxlanılması üçün hər ay 100 manat aliment müəyyən olunmuşdur. O heç bir yerdə işləmir, azyaşlı uşağa baxmaqda maddi cəhətdən çətinlik çəkir. Belə ki, uşaq məktəblidir və yaxşı təhsil alması üçün əlavə xərclər yaranır. Aliment məbləği uşağın tələbatlarını ödəməyə kifayət etmir. Cavabdeh isə nə maddi, nə də mənəvi cəhətdən heç bir köməklik göstərmir. Halbuki, cavabdeh Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Mülki X1 briqadasının N nömrəli hərbi hissəsində xidmət edir və 600-700 manat əmək haqqı alır. Göründüyü kimi cavabdehin alimenti ödəməyə kifayət qədər aylıq gəliri var. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Mülki X1 briqadasının N nömrəli hərbi hissəsində xidmət edir və bütün tutulmalar çıxıldıqdan sonra 493 manat əməkhaqqı alır. Eyni zamanda banka kredit borcu vardır və hər ay 200 manat civarında kredit borcu ödəyir. Bundan başqa iddiaçıya əvvəlki aliment qətnaməsi üzrə də borcları vardır. Həmin borcların da əmək haqqından tutulmasına etiraz etmir. Qeyd olunanları nəzərə alaraq alimentin onun maddi vəziyyətinə uyğun artırılmasına etirazı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13.10.2014-cü il tarixli, 2(043)-1514/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 01 oktyabr 2010-cu il tarixdə 741 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 05 iyul 2011-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılması və 05.07.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 929473 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 05 iyul 2011-ci il tarixdə doğulmuşdur. Valideynləri- Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-cu il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 oktyabr 2014-cü il tarixli 2(043)-1514/2014 nömrəli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minumumundakı artım məbləğini, eləcə də cavabdehin hazırda işləməsini və 500 manata yaxın qazancının olmasını əsas gətirərək hesab edir ki, qeyd olunanlar tərəflərin maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar müəyyən edilmədiyindən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla iddia qismən təmin olunmalı, 05.07.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İş üzrə məhkəmə xərci ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddiaçının tələbi alimentin alınması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddianın qiyməti aylıq ödəmənin artırılması tələb edilən məbləğin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 15 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 oktyabr 2014-cü il tarixli 2(043)- 1514/2014 nömrəli qətnaməsi ilə 05.07.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. 05.07.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilmədikdə qətnamənin qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar