Məhkəmə qərarları › İş №2(043)-2454/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2454/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2454/2020 06.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müseyib oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müseyib oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən mağazadan nisyə alqı-satqı müqaviləsi əsasında götürdükləri malların dəyəri olan 576 (beş yüz yetmiş altı) manat pulun və məhkəmə xərci olan 30 manat pulun tutulub onun xeyrinə ödəilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Ş.İ.Xətai küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində yerləşən “Xoşbəxtlik” (Xəmsə Electronics) mebel mağazasında mebel satışı ilə məşğul olur. Sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VÖEN Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağaza malların satışını həm nağd, həm də kredit yolu ilə həyata keçirir. İddia tələbi üzrə cavabdeh olan X1 xx.xx.2020-ci il tarixdə mağazaya gələrək, ümumi dəyəri 576 (beş yüz yetmiş altı) manat olan bir ədəd “Samsung 20 S” markalı mobil telefonu nisyə alqı-satqı müqaviləsi üzrə 1 il müddətində hər ay tərtib olunmuş qrafik üzrə 48 (qırx səkkiz) manat ödəmək şərti ilə oğlu - digər cavabdeh olan Cavabdeh2 Müseyib oğlunun zaminliyi ilə göturmüşdür. Cavabdeh malları götürsə də, bu günə kimi mağazaya aylar üzrə heç bir ödəniş etməmişdir. Cavabdehlə dəfələrlə əlaqə yaradılsa da, buna məhəl belə qoymamışdır. Ötən müddət ərzində cavabdehə xəbərdarlıq məktubu da göndərilmişdir. Lakin bunun da heç bir müsbət nəticəsi olmamışdır. Cavabdehin borcu ödəmək fikri belə yoxdur. Beləliklə də o, nisyə alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, onlar, qeydiyyatda olduğu ünvanda yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Məhkəmə cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı qiyməti 576 manat olan 1 ədəd “Samsung 20 S” markalı mobil telefonu alaraq malın dəyərini ayda 48 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Müseyib oğlunun Cavabdeh1 İddiaçı qarşısında xx xxxx 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Məhkəmə tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 12 ay müddətinə, aylıq 48manat olmaqla, cəmi 576 manat ödəmək şərti ilə“Samsung 20 S” markalı mobil telefonu almış, lakin nisyə alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, müqavilə üzrə cəmi 95 manat məbləğində ödəniş etmiş və müqavilə şərtlərini pozmuşdur. Cavabdeh2 Müseyib oğlu zamin kimi Cavabdeh1 ilə birlikdə İddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müseyib oğlundan müştərək qaydada 576 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Müseyib qızından xx xxxx 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 576 (beş yüz yetmiş altı) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar