Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2456/2020 17.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X7 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdeh X1 6009 manat pulun və 30 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün zəruri olan sənədləşmə işlərini apara biləcəyini bildirərək bunun müqabilində ona veriləcək 2 aylıq müavinəti, yəni 480 manat pulu özünə götürəcəyini bildirmişdir. Onlar razılaşmış və həmin işlərin görülməsi üçün cavabdehə etibarnamə vermişdir. 2019-cu ilin sentyabr ayında kart hazır olmuşdur. Cavabdeh ona 2 aylıq müavinəti götürdükdən sonra kartı verəcəyini bildirmişdir. Ancaq 2 ay bitdikdən sonra cavabdeh kartı özündə saxlayaraq əlavə olaraq 1 aylıq müavinəti də götürmüşdür. Bundan başqa o, cavabdehdən ailə başçısını itirməyə görə müavinətin həyat yoldaşının vəfat etdiyi 2014-cü ildən təyin edilməsinin mümkün olub-olmadığını soruşmuş, cavabdeh əvvəlcə bunun mümkün olduğunu bildirsə də sonra mümkün olmadığını bildirmişdir. Cavabdeh çıxardığı pullardan ona 450 manat qaytarmışdır. Cavabdehin hərəkətləri barədə Kəpəz Rayon Polis İdarəsinə şikayət etsə də xx.xx.2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında cavabdehin gördüyü iş müqabilində 2 aylıq müavinətin, yəni 480 manatın veriləcəyi razılaşdırılsa da cavabdeh ümumilikdə kartdan xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 6459 manat pul çıxarmış, iddiaçıya isə cəmi 450 manat pul vermişdir. Cavabdeh polis idarəsində və məhkəmədə verdiyi ifadəsində guya iddiaçının ona 2000 manat borcu olduğunu, qalan 3450 manat pulu isə iddiaçıya göndərdiyini desə də göstərilənlər heç bir sübuta söykənmir və həqiqətə uyğun deyildir. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, həqiqətən də iddiaçı ilə aralarında iddiaçının ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün zəruri sənədləşmə işlərinin görülməsi ilə bağlı kömək göstərməsi ilə bağlı şifahi razılaşma olmuşdur. Bundan əvvəl isə iddiaçı ondan ərinin problemləri ilə bağlı 2000 manat borc almışdır. Kartı aldıqdan sonra iddiaçı Bakı şəhərində olduğu üçün kartı ona göndərməməsini, pulu çıxarıb ona nağd şəkildə göndərməsini xahiş etdiyi üçün karta köçürülən vəsaitdən 2 000 manatını çıxarıb iddiaçının ona olan borcunun əvəzinə özünə götürmüş, 3000 manatı 2020-ci ilin əvvəllərində kartdan çıxarıb nağd şəkildə bacısının vasitəsi ilə iddiaçıya Bakı şəhərində verdiyini, 450 manatı isə iddiaçının özünün dediyi şəxslərə göndərdiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin təhqiqatçısı X8 xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı X4 tərəfindən dələduzluq yolu ilə ona məxsus olan 6450 manat pulun ələ keçirilməsi barədə şikayəti əsasında HK-1/252 saylı material toplanmış, lakin toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin sorğusu əsasında Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsindən HK- 1/252 saylı material götürülmüş və müəyyən edilmişdir ki, X2 həmin materiala əlavə edilmiş izahatında cavabdeh göstərmişdir ki, İddiaçı ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi ilə bağlı sənədləşmə işlərinin aparılmasında köməklik göstərməyi boynuna götürmüş, müavinət təyin edildikdən sonra isə kartı alaraq özündə saxlamışdır. Süsən ondan əri, Ziya adlı şəxsin problemləri ilə əlaqədar xx.xx.2019-cu il tarixdə 2000 manat borc almış və kartı aldığı zaman həmin pulu oradan götürməsini demişdir. Ümumilikdə kartdan çıxardığı pullardan 2000 manatı Süsənin borcuna çıxmış, 3000 manatı kartdan çıxarıb nağd şəkildə bacısının vasitəsi ilə Bakı şəhərində Süsənə vermiş, 450 manatı isə Süsənin dediyi X5 və X6 göndərmişdir. Materiala əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 7E-19943 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı X3 “xxxx” ASC-nin və “Beynəlxalq Bank”-ın istənilən filialında, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzi şöbələrində onu təmsil etməyi, pensiyanın və sosial müavinətin təyini üzrə işləri aparmağı, ona çatası pensiya kartını və məxfi pin kodu, arayışı, müavinəti, ödənişi, pulu, kompensasiyanı və plastik kartı almağı və s. etibar etmişdir. Materiala əlavə edilmiş İddiaçı məxsus kart hesabından çıxarışdan görünür ki, kart hesabı xxxx ASC-də açılmışdır. Kartın növü Maestro Sosialdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər kart hesabına 6459 manat pul mədaxil olunmuş, həmin məbləğ Gəncə şəhərində yerləşən bankomatlar vasitəsilə nağdlaşdırılmışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, cavabdehlə iddiaçı arasında şifahi razılaşmaya əsasən cavabdeh iddiaçının ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün sənədləşmə işlərini görmüşdür. Bundan sonra müavinətin köçürüldüyü hesaba aid olan bank kartını cavabdeh almış və özündə saxlamış, kartdan ümumilikdə 6459 manat pul çıxarmışdır. Həmin məbləğdən 450 manatını iddiaçının dediyi şəxslərə poçt vasitəsilə göndərmişdir. Mübahisənin mövcud olduğu hissə 6009 manat pulla bağlı olan hissədir. İddiaçı həmin məbləğin cavabdeh tərəfindən götürüldüyünü, cavabdeh isə bu məbləğdən 2000 manatını iddiaçının ona borcu olduğu üçün aralarındakı razılığa uyğun olaraq özünə götürdüyünü, 3000 manatını isə nağd şəkildə iddiaçıya verdiyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflər arasında yaranan mübahisə şifahi qaydada bağlanmış tapşırıq müqaviləsindən irəli gəlir. Tapşırığın icrası nəticəsində iddiaçıya çatmalı olan 6459 manat pulun onun kart hesabından cavabdeh tərəfindən çıxarılması cavabdehin öz izahatı ilə yanaşı, həm də iş materiallarındakı sübutlarla öz təsdiqini tapmışdır. Cavabdehin iddiaçının göstərdiyi şəxslərə 450 manat pul göndərməsi iddiaçı tərəfindən qəbul edilmiş və iddiaçı həmin məbləği tələb etməmişdir. İddiaçının cavabdehə 2000 manat borcunun olması, eləcə də cavabdehin iddiaçıya bacısının vasitəsi ilə 3000 manat nağd şəkildə pul verməsi hər hansı sübutla təsdiq edilməmişdir. Öhdəliyin icra edilməsini sübutetmə yükü öhdəliyi icra etməli olan şəxsin üzərinə düşür. Cavabdeh öz öhdəliyini icra etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia təmin edilməli və cavabdehdən 6009 manat pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh X1 6009 (altı min doqquz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2456/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2456/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver