Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2480/2021 06.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X6, nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması, səhmlərin alınması və texnikanın saz vəziyyətdə qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Cəmiyyətə məxsus ərazidən qanunsuz istifadə etdiyinə görə 13301 manat pulun, torpaq vergisi qismində Cəmiyyət tərəfindən ödənilmiş 11570 manat pulun və 4100 manat Cəmiyyətə qalıq borcun cavabdehdən alınması; cavabdehdən onun adına olan 5460 ədəd səhmlərin alınıb Cəmiyyətə təhvil verilməsi; Cəmiyyətə məxsus olan 25 tonluq avtokranın saz vəziyyətdə cavabdehdən alınıb Cəmiyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyətə məxsus olan “Metal konstruksiya” adlanan sahə 02.01.1996-cı il tarixdə icarə müqaviləsi əsasında Cavabdeh icarəyə verilmişdir. Həmin müqavilənin vaxtı 2005-ci ilin yanvar ayında başa çatmışdır. Lakin həmin tarixdən 2017-ci ilin noyabr ayına qədər Cavabdehla cəmiyyət arasında bağlanan müqavilənin müddəti bitsə də cavabdeh cəmiyyətə məxsus icarəyə götürdüyü ərazidən öz məqsədləri üçün istifadə etmiş, lakin icarə haqqını ödəməmişdir. Dəfələrlə cavabdehdən həmin ərazinin boşaldılması tələb edilsə də o bu tələbi yerinə yetirməmişdir. 1996-cı ildə bağlanan müqaviləyə əsasən cavabdehin istifadəsinə 759,2 kv.m olan sex, 329 kv.m inzibati bina və 576,3 kv.m əlavə sahə verilmişdir. Müqavilənin şərtlərinə görə o bir ildə hər kv.m üçün sexə 0,60 qəpik (3 min m), inzibati bina üçün 1 manat 20 qəpik (6 min m), əlavə sahə üçün 0,30 qəpik (1500 m) ödəməlidir. Yəni 759,2x0,60=455,5; 329x1,20=394,8; 576x 0,30=172,9 cəmi ildə 1023.2 , 13 ilə 1023.2x13=13301 manat. Beləliklə cavabdehin icarə müqaviləsi əsasında cəmiyyətə 13301 manat borcu qalmışdır. Həmçinin 13.02.2004-cü il tarixdə icarə müqaviləsi ilə bağlı yaranan mübahisəyə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsində baxılmış, Cavabdeh 2156 manatın alınıb səhmdar cəmiyyətə verilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin bu məbləğ də cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. Bundan başqa cəmiyyətə məxsus 11129 kv.m ərazi cavabdehin istifadəsində olduğu halda torpaq vergisi bu illərdə səhmdar cəmiyyət tərəfindən ödənilib. 01.01.2005-ci ildən 01.01.2017-ci ilə qədər ödənilən torpaq vergisi 11129x0,08=890x13 ilə=11.570 manat. İddiaçı hesab edir ki, həmin məbləğ də cavabdehdən alınıb cəmiyyətə veilməlidir. Eyni zamanda 2017-ci ildə cəmiyyətin büdcəyə olan 40000 manat borca görə 12 saylı Ərazi Vergilər Departamenti “metal konstruksiya” sahəsini siyahıya alaraq onun hərraca çıxarılması üçün məhkəməyə müraciət etmiş və əmlak hərraca çıxarılmışdır. Bundan başqa cavabdeh ərizə ilə "xxxx" ASC-nin rəhbərliyinə müraciət edərək cəmiyyətin vergi borcu ilə bağlı ödəməli olan 30000 manat vəsaiti ödəməyi və adına olan səhmləri cəmiyyətə qaytaracağı barəsində öhdəlik götürmüşdür. Bundan sonra cavabdeh səhmdar cəmiyyətin mənafeyinə zidd hərəkət edərək 06.08.2016-cı ildə real bazar qiymətinə uyğun 199.200 manat dəyərində qiymətləndirilən obyekti hərracda saxta yolla 24000 manata aldı. Hazırda onun bu öhdəlik üzrə cəmiyyətə 4100 manat borcu qalmışdır. Həmçinin həmin obyektdə səhmdar cəmiyyətin balansında olan 1 ədəd 25 tonluq qaldırıcı kranda vardır ki, cavabdeh müqavilənin müddəti çoxdan bitməsinə baxmayaraq onu geri qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X12 iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) X10 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı hüquqi şəxs ilə icarə müqavilələri cavabdehlə yox, "xxxx" kiçik müəssisəsi ilə bağlanmışdır. Buna görə də həmin hüquqi şəxsin rəhbəri olmuş Cavabdeh hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyət daşımır. Digər tərəfdən Cavabdeh iddiaçıya məxsus olan səhmləri qaytarmaq öhdəliyi də daşımır, belə ki, Cavabdeh səhmləri əmlakın ona satılması müqabilində qaytaracağı barədə öhdəlik götürsə də həmin əmlak ona satılmamışdır. Odur ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. 10.11.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, qeyd edilən torpaq sahəsi 2000-ci ildən qaçqınlar tərəfindən tutulmuş və cavabdehin həmin torpaq sahəsi ilə heç bir əlaqəsi mövcud olmamışdır. Torpaq sahəsi cavabdehin istifadəsində olmadığından onun tərəfindən hər hansı icarə haqqının və torpaq vergisinin ödənilməsi qanuni ola bilməz. Bundan başqa 02.01.1996-cı il tarixli icarə müqaviləsi Cavabdehla deyil "xxxx" kiçik müəssisəsi ilə bağlanmış, həmin vaxt cavabdeh "xxxx" kiçik müəssisəsinin rəhbəri olsa da iddiaçı həmin müqavilə üzrə tələbi həmin müəssisəyə qarşı qaldırmalıdır. Bununla yanaşı iddiaçının vergi borcuna görə “metal konstruksiya” sahəsi hərraca çıxarılmış, cavabdehlə iddiaçı arasında belə bir şifahi razılıq əldə edilmişdir ki, həmin əmlak Cavabdeh verilsin, əvəzində də iddiaçının vergi borcunu, yəni 40000 manat pulu ödəyəcəkdir. Lakin əmlak hərraca çıxarılmış, hərracı Cavabdeh deyil, başqa şəxs udmuşdur. Razılığın şərtlərində isə hərracda əmlakın satın alınması deyil, əmlakın verilməsindən söhbət gedir. Qaldırıcı kranla bağlı tərəflər arasında 5 il müddətinə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsi bağlanan zaman krandakı qüsurlarla bağlı akt tərtib edilmişdir, hazırda həmin kran torpaq sahəsində durur, iddiaçı özü gəlib kranı götürmürsə bu artıq iddiaçının problemidir. Bundan başqa "xxxx" ASC-nin cavabdehə qarşı icarə haqqı tələbinə dair iddiası olmuş, Kəpəz Rayon Məhkəməsinin 13 fevral 2004-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və sonra icra da edilmişdir. Hazırda iddiaçının eyni tələblə bağlı müraciət etməsi ağlabatan deyil. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 02 yanvar 1996-cı il tarixli icarə müqaviləsindən görünür ki, "xxxx" İdarəsi özünün balansında olan, istifadə olunmayan metal konstruksiya sahəsindəki 759,2 kv.m olan sexi hər kv.m-nə görə ildə 3000 manat, 329 kv.m inzibati binanı hər kv.mnə görə ildə 6000 manat və 576,3 kv.m əlavə sahəni hər kv.m-nə görə ildə 1500 manat icarə haqqı ödənilməsi şərti ilə "xxxx" kiçik müəssisəsinə icarəyə vermişdir. İş materiallarında olan 15 may 2000-ci il tarixli icarə müqaviləsindən görünür ki, iddiaçıya məxsus olan MKQ-25BR markalı 1988-ci il buraxılışlı kran "xxxx" kiçik müəssisəsinə 5 il müddətinə icarəyə verilmiş, müqaviləni "xxxx" kiçik müəssisəsinin direktoru qismində Cavabdeh imzalamışdır. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 fevral 2004-cü il tarixli, 2-85/2004 nömrəli qətnaməsindən görünür ki, "xxxx" ASC-nin Cavabdeh ilə bağladığı icarə müqaviləsinin ləğvinə dair iddiası təmin edilməmiş, iddianın icarə müqaviləsi haqqında tələbi qismən təmin olunaraq Cavabdeh 10 (on) milyon manat alınıb "xxxx" ASC-yə verilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 23.12.2004-cü il tarixli, 196 nömrəli arayışından görünür ki, Kəpəz Rayon Məhkəməsinin 13 fevral 2004-cü il tarixli, 2-85/2004 nömrəli qətnaməsinə əsasən Cavabdeh "xxxx" ASC-yə icarə haqqından olan borcunu ödədiyi bildirilmişdir. İş materiallarında olan 12 saylı Ərazi Vergilər Departamentinin 26.10.2018-ci il tarixli, **********342400 nömrəli məktubundan görünür ki, "xxxx" kiçik müəssisəsi 2004-cü ildə başlayan mövcud invertarlaşdırma ilə əlaqədar yeni VÖEN almadığından həmin müəssisə barəsində hər hansı məlumatın aşkar edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən 21.07.2017-ci il tarixdə Gəncə- Quraşdırma” ASC-nin sədri X9 ünvanlanmış ərizənin məzmunundan görünür ki, Cavabdeh "xxxx" ASC-nin Vergilər Nazirliyinə olan borcunun qarşılığında 30000 manat məbləğində vəsaiti ödəməyi və adına olan səhmlərini səhmdar cəmiyyətə verməyi öz üzərinə götürdüyünü bildirərək qarşılığında "xxxx" ASC-yə məxsus metal konstruksiya sahəsinin ona verilməsini xahiş etmişdir. Gəncə-Quraşdırma” ASC-nin 21.07.2017-ci il tarixli ümumi yığıncağının protokolunun surətindən görünür ki, Cavabdeh müvafiq təklifinin qəbul edilməsi qərara alınmışdır. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-198/2017 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər İdarəsinin "xxxx" ASC-yə qarşı iddiası təmin edilmiş və "xxxx" ASC-dən dövlət büdcəsinə olan 11963,68 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 40000 manat dəyərində siyahıya alınmış əmlakının açıq hərracdan satılması qərara alınmışdır. İş materiallarında olan 16 oktyabr 2017-ci il tarixli hərracın yekunları haqqında protokoldan və hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsindən görünür ki, “ünvan 2 ünvanda yerləşən əmlak kompleksi açıq hərracdan 24000 manata X1. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ayrı-ayrı vaxtlarda ünvanlanmış məktublardan görünür ki, cavabdehə cəmiyyətə olan borcunu ödəməsi, eləcə də cəmiyyətə məxsus qanunsuz istifadəsində olan MKQ-25br markalı kranı qaytarması təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarındakı sübutların tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, 02.01.1996-cı il tarixli icarə müqaviləsi Cavabdehla deyil "xxxx" kiçik müəssisəsi ilə bağlanmış, həmin vaxt cavabdeh "xxxx" kiçik müəssisəsinin rəhbəri olmuşdur. Bundan başqa iddiaçı "xxxx" ASC iddia edir ki, iddiaçıya məxsus olan əmlakın satışı ilə bağlı keçirilmiş hərracı Cavabdeh oğlu udmuşdur və bununla da aralarında Cavabdehla olmuş razılaşma baş tutmuşdur. Lakin iş materiallarından da göründüyü kimi əmlak hərraca çıxarılmış, hərracda əmlakı Cavabdeh deyil, X7 əldə etmişdir. Razılığın şərtlərində isə əmlakın hərracdan satın alınması deyil, əmlakın verilməsindən söhbət gedir. Ümumiyyətlə isə əmlakın hərracdan satılması tərəflərin iradəsindən kənar baş verdiyindən və hərracın qalibinin istənilən şəxs olması mümkün olduğundan Belə olan halda da iddiaçı ilə aralarında razılaşma baş tutmamış hesab edilir. İcarə müqaviləsindən irəli gələn öhdəliklərlə, yəni icarə haqqı üzrə qalıq borcun ödənilməsi və torpaq vergisinin əvəzinin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin müqavilənin tərəfi Cavabdeh yox, "xxxx" kiçik müəssisəsi olmuşdur. Müəssisənin direktoru hüquqi şəxsin öhdəlikləri üçün məsuliyyət daşımır. Buna görə də həmin tələblər Cavabdeh yönələ bilməz. İcarə müqaviləsnin bağlandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikasının “Müəssisələr haqqında” Qanununun 40-cı maddəsinə əsasən müqavilə öhdəliklərini, kredit, hesabat və vergi intizamını, məhsulun keyfiyyətinə verilən tələbləri, təsərrüfat fəaliyyətinin digər qaydalarını pozduğuna görə müəssisə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada əmlak məsuliyyəti daşıyır. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəssisənin təsisçiləri onun öhdəliklərinə görə ancaq nizamnamə fondundakı payları həcmində məsuliyyət daşıyırlar. Həmin Qanunun 31-ci maddəsinin 2-ci hissəsinə əsasən müəssisənin rəhbəri müəssisə adından etibarnaməsiz fəaliyyət göstərir, onun mənafelərini bütün müəssisələrdə, idarələrdə və təşkilatlarda təmsil edir, müəssisənin əmlakı barəsində sərəncam verir, müqavilələr, o cümlədən, əmək müqavilələri bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, vəsaitləri yönəltmək hüququndan istifadə edir, idarənin icra aparatının ştatlarını təsdiq edir, müəssisənin bütün işçilərinə şamil edilən əmr və göstərişlər verir. Göründüyü kimi qanunvericilikdə müəssisənin təsisçisinin və ya rəhbərinin müəssisənin öhdəlikləri üçün məsuliyyəti nəzərdə tutulmamışdır. Buna görə də Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərin pozulmasına görə icarə haqqı üzrə qalıq borcun və torpaq vergisinin əvəzinin tutulması təmin edilə bilməz. Məhkəmə iddiaçıya məxsus olan MKQ-25BR markalı kranın cavabdehdən alınıb iddiaçıya verilməsi tələbini isə qismən əsaslı hesab edir. Belə ki, iş materiallarında olan 15 may 2000-ci il tarixli icarə müqaviləsindən iddiaçıya məxsus olan MKQ-25BR markalı 1988-ci il buraxılışlı kranın "xxxx" kiçik müəssisəsinə 5 il müddətinə icarəyə verildiyi, müqaviləni "xxxx" kiçik müəssisəsinin direktoru qismində Cavabdeh imzaladığı görünür. Məhkəmə qeyd edir ki, özgənin qanunsuz sahibliyindən əşyanın tələb edilməsi vindikasiya iddiasıdır və əşya hüququndan irəli gəlməklə bu tələbin irəli sürülməsi üçün tərəflər arasında hər hansı müqavilə münasibətinin olması zəruri deyildir. İcarə müqaviləsi "xxxx" kiçik müəssisəsi ilə bağlansa da həmin kran hal-hazırda cavabdehin sahibliyindədir və hazırda bu sahiblik üçün hər hansı hüquqi əsas yoxdur. Buna görə də həmin kran cavabdehdən alınıb iddiaçıya qaytarılmalıdır. İddiaçı kranın saz vəziyyətdə qaytarılmasını tələb etsə də məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmir. Belə ki, kranın təhviltəsliminə dair 15 may 2000-ci il tarixli aktdan görünür ki, mübahisə predmeti olan kran təhvil verilərkən kranda qüsurların olması və kranın saz vəziyyətdə olmadığı qeyd edilmişdir. Buna görə də avtokranın saz vəziyyətdə qaytarılmasının cavabdehə həvalə edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Səmiyyətinə məxsus olan, 1988ci il istehsalı olan MKQ-25BR markalı kran cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 357-361-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus olan 1988-ci il istehsalı olan MKQ-25BR markalı kran alınaraq iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnаmədən rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2480/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2480/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver