Məhkəmə qərarları › İş №2(043)-2514/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2514/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2514/2021 09.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı “İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış -08.10.2018-ci il tarixli icarə müqaviləsinə əsasən 10400 manat ödənilməmiş ümumi icarə haqqı, 350 manat vəkil xidmət haqqı və 30 manat dövlət rüsumunun tutulması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış 08.10.2018-ci il tarixli icarə müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak cavabdehə icarəyə verilmişdir. Müqavilənin 2.2.3-cü maddəsinə əsasən müqavilənin 3-cü bəndində göstərilən şərtlərə uyğun olaraq icarə haqqını icarəçinin vəzifəsidir. Müqavilənin 3.1-ci bəndinə görə, icarə haqqı hər ay üçün 400 manat müəyyən olunur və nağd şəkildə ödənilir. Bu günədək ödənilməmiş icarə haqqı məbləği 10400 manat təşkil edir. O, cavabdehə 01.12.2020-ci il tarixli məktubla müraciət edərək həmin müqavilə üzrə cavabdeh tərəfindən ödənilməli olan 10400 manat icarə haqqı məbləğinin 5 gün müddətində ona ödənilməsini təklif etmiş, cavabdeh isə heç bir ödəniş etməmişdir. Aralarında olan müsbət tərəfdaşlıq münasibətlərini nəzərə alaraq dəfələrlə cavabdehə şifahi xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı öz əmlakını cavabdehə aylıq 400 manat icarə haqqı ödəmək şərtilə icarəyə vermişdir. 06 noyabr 2019-cu il tarixdə İddiaçı həmin əmlaka dair qardaşı X3 ilə bağışlama müqaviləsi bağlamışdır. Buna baxmayaraq əmlak özünün sahiblik və istifadəsində qalmış, Sultan Qəhrəmanov həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı 2020-ci ilin dekabr ayında almışdır. Əmlak da məhz həmin vaxt təhviltəslim aktı ilə Sultan Qəhrəmanova verilmişdir. Cavabdeh icarə müqaviləsinin bağlandığı vaxtdan həmin vaxtadək heç bir ödəniş etməmişdir. Əvvəllər aralarında olmuş yaxşı münasibətlərə görə iddiaçı yalnız şifahi xəbərdarlıqla kifayətlənmiş, məhkəmə qaydasında cavabdehdən pul tələb etməmişdir. Hazırda isə iddiaçı cavabdehdən icarə müqaviləsinin bağlandığı vaxtdan əmlakın Sultan Qəhrəmanova verildiyi vaxtadək olan müddət üçün icarə haqqını tələb edir. Eyni zamanda müqavilənin şərtlərinə uyğun olaraq icarə haqqına görə ödənilməli olan vergilər də cavabdeh tərəfindən ödənilməli, iddiaçıya hər ay tam şəkildə 400 manat pul ödənilməli idi. Odur ki, iddia tələbinin tam həcmdə təmin edilməsini xahiş edir. CavabdehMMC-nin nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh hüquqi şəxsin rəhbəri arasında qohumluq əlaqəsi olmuşdur. İcarə müqaviləsi üzrə icarə haqqı hər ay vaxtında ödənilmişdir. Lakin pul məbləği iddiaçının özünə yox, onun adından bütün işlərdə iştirak edən qardaşı Sultan Qəhrəmanova ödənilmişdir. Əgər icarə haqqı bu qədər müddət ərzində ödənilməsə idi, iddiaçı indiyədək pulu hər hansı formada tələb edərdi. İddiaçının pulunu yalnız münasibətlərdə problem yarandıqdan sonra tələb etməsi də əvvəllər pulun ödənilməməsi ilə bağlı heç bir mübahisənin olmadığını göstərir. Digər tərəfdən iddiaçı əmlakın onun mülkiyyətindən çıxdığı dövr üçün də icarə haqqının ona ödənilməsini tələb edir ki, bu, yolverilməzdir. Belə ki, iddiaçı 06 noyabr 2019-cu il tarixdə həmin əmlakı qardaşına bağışladığından həmin əmlaka görə bu tarixdən sonrakı dövr üçün icarə haqqı tələb etmək hüququ yoxdur. Bundan başqa nəzərə alınmalıdır ki, müqavilənin şərtlərinə uyğun olaraq iddiaçının icarə haqqından əldə etdiyi gəlirə görə ödəməli olduğu vergi ödəmə mənbəyindən, yəni cavabdehdən tutulmuşdur. İddiaçı isə icarə haqqı məbləğini bütöv tələb etməklə faktiki olaraq cavabdehin həmin vergini ödəməli olduğunu iddia edir. Lakin gəlir vergisinin ödəyicisi iddiaçı olduğundan 400 manat icarə haqqından tutulmalı olan 56 manat vergi cavabdehin hesabına yox iddiaçının hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən iddianın əsassız hesab edilib rədd edilməsini xahiş edir. Cavabdehin təşəbbüsü ilə dindirilmiş şahid X7 ifadə verərək bildirmişdir ki, 2019-cu ilin yanvar ayından Cavabdeh MMC-də mühasib işləyir. O, İddiaçı qardaşı Qəhrəmanov Sultanı Cavabdeh MMC-nin sahibi olan Azərin kürəkəni kimi tanıyır. O, İddiaçı əmlakının icarəyə verilməsi ilə bağlı müqaviləni hazırlamış, Sultan da Səbinəyə imzalatmışdır. Həmin əmlakla bağlı bütün məsələləri Sultanla həll etmişlər, Səbinəni heç vaxt görməmişdir. İcarə haqqını da hər ay vaxtında Sultana vermişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisə hər birinin ½ hissədə payı olmaqla X4 və İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh MMC arasında 08.10.2018-ci il tarixdə bağlanmış 2018/10-08 nömrəli icarə müqaviləsindən görünür ki, ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin 200 m2 hissəsini İddiaçı CavabdehMMC-yə icarəyə vermiş, icarə haqqı hər ay üçün 400 manat müəyyən olunmuş və icarə haqqının nağd qaydada ödəniş üsulu ilə keçirilməsi (3.1-ci bənd) və vergilər və digər ödənişlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilməsi (3.2-ci bənd) barədə tərəflər razılığa gəlmişdir. İş materiallarına əlavə olunmuş müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə məktubdan görünür ki, Cavabdeh MMC İddiaçı Ələdddin qızı tərəfindən borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Bakı şəhər 5 saylı Vəkil Bürosuna vəkil xidmət haqqı olaraq 348 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarına əlavə olunmuş 06.11.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisədə olan ½ hissə payını qardaşı X2 bağışlamışdır. İş materiallarına əlavə edilmiş 01.11.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı qardaşı X2 bağışlama müqaviləsi ilə bağışladığı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektini həmin tarixdə Sultan Qəhrəmanova təhvil vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı özünə məxsus əmlakı cavabdehə icarəyə vermişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən, aylıq icarə haqqının məbləği 400 manat müəyyən olunmuş, icarə müqaviləsinin bitmə tarixi 01.10.2023-cü ildir. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Qeyd olunan norma öhdəliyin icra edildiyini sübuta yetirmək vəzifəsinin borclunun üzərinə düşdüyünü göstərir. Cavabdeh iddiaçıya icarə haqqının nağd qaydada ödənilməsini təsdiq edən sənədlər kimi kassa məxaric orderlər təqdim etsə də məhkəmə həmin sənədləri sübut növü kimi qəbul etmir. Bu sənədlərdə alıcı qismində pulu alan şəxsin imza qrafası boş olmaqla həmin sənədlərdə göstərilən məbləğlərin iddiaçıya verilməsini təsdiq etmir. Digər tərəfdən cavabdehin nümayəndəsi və cavabdeh tərəfin təşəbbüsü ilə dindirilmiş şahid də pulun iddiaçıya yox, onun qardaşına ödənildiyini göstərmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 433-cü maddəsinə əsasən: 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Qeyd olunan normalardan da göründüyü kimi hətta cavabdeh icarə haqqını iddiaçının qardaşına verdiyini sübuta yetirsə belə öhdəliyi icra etmiş hesab olunması üçün iddiaçının qardaşı Sultan Qəhrəmanovun icarə haqqını almağa ixtiyarı olduğunu və ya iddiaçının bu icradan fayda götürdüyünü sübuta yetirməlidir. Cavabdeh isə bu halları təsdiq edən sübutlar təqdim etməmişdir. Məhkəmə icarə haqqının 08.10.2018-ci il tarixdə 01.11.2020-ci il tarixə qədər İddiaçı ödənilməli olması ilə razılaşmır. İddiaçı icarəyə verdiyi əmlakı 06.11.2019-cu il tarixdə notarial qaydada bağlanmış müqavilə əsasında qardaşı X2 bağışlamışdır. İddiaçının nümayəndəsi bağışlanan əmlakın 01.11.2020-ci il tarixdə yeni mülkiyyətçiyə təhvil verildiyini əsas gətirərək həmin tarixə qədər əmlakın iddiaçının faktiki sahibliyində və sərncamında qalmasını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. İddiaçının məhkəməyə təqdim etdiyi, Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)- 178/2021 saylı 15 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, X1 Cavabdehnə qarşı “xamma, material, avadanlıq və pul” tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədə məhkəmə müəyyən etmişdir ki, X3 05.10.2016-cı il tarixdən ünvan 1 ünvanda sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi öhdəliklə şərtləndirilməmiş, notarial qaydada təsdiq edilmiş və hər iki tərəf müqaviləni imzalamışdır. Belə olan halda bağışlanmış əmlakın Sultan Qəhrəmanov tərəfindən bir il sonra qəbul edilməsini ehtimal etmək üçün hər hansı bir əsas yoxdur. İddiaçı və Sultan Qəhrəmanov arasında formal imzalanmış akt bağışlanmış əmlakın 01.11.2020-ci il tarixdə Sultan Qəhrəmanovun mülkiyyətinə keçməsi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Ehtimal etmək olar ki, iddiaçı MM-in 146.2-ci maddəsindən çıxış edərək Sultan Qəhrəmanovun daşınmaz əmlak üzərində sərəncam vermək hüququnun əmələ gəlmədiyinə görə həmin vaxtadək icarə haqqının özünə ödənilməsini tələb edir. Lakin bu arqumentlə razılaşmaq mümkün deyildir. Belə ki, hədiyyə alanın hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamasına görə onun əmlak üzərində sərəncam hüququnun yaranmaması, sərəncam hüququnun hədiyyə verəndə qalması kimi şərh oluna bilməz. Belə ki, əmlakı özgəninkiləşdirən şəxs həmin əmlaka mülkiyyət hüququnu, yəni sahiblik, istifadə və sərəncam hüququnu bütövlükdə itirdiyindən bu hüquqlardan hər hansı birinin onda saxlanması hüquq anlayışına ziddir. Digər tərəfdən MM-in 146.1-ci maddəsindən də göründüyü kimi daşınmaz əmlakla bağlı müqavilənin notarial qaydada təsdiq edilməsi anından əmlaka sahiblik və istifadə hüququ əmələ gəlir. Əmlaka sahiblik və istifadə hüququnun Sultan Qəhrəmanovda olduğu halda başqa şəxsin, yəni iddiaçının özündə olmayan bu hüququ icarə müqaviləsi əsasında cavabdehə verməsi də mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli qərarında göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının məcburiliyinin qanunvericilikdə təsbit edilməsi daşınmaz əmlakın konkret şəxsə məxsus olmasının müəyyən edilməsində dövlətin publik hüquqi marağının mövcudluğundan irəli gəlir. Bu maraq şəxslərin hüquqlarının səmərəli müdafiəsi və mülki dövriyyənin sabitliyinin təmin edilməsində ifadə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Lakin nəzərə alınmalıdır ki, bu akt özlüyündə əmlak hüququnun yaranması, dəyişdirilməsi və ona xitam verilməsinin əsasını təşkil etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı yalnız 08.10.2018-ci il tarixdən 06.11.2019-cu il tarixədək olan müddət üçün icarə haqqının ona ödənilməsini tələb edə bilər. İcarə haqqının məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı hər ay üçün 400 manat icarə haqqının ödənilməsini tələb etsə də məhkəmə cavabdehin nümayəndəsinin həmin məbləğdən ödənilmiş verginin çıxılması ilə bağlı etirazının dəlillərini əsaslı hesab edir. İcarə müqaviləsinin 3.2-ci bəndində tərəflər vergi və digər ödənişlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsini razılaşdırmışdır. Vergi qanunvericiliyində isə icarə haqqından verginin tutulması aşağıdakı qaydada tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlərdən biri də əmlakın icarəyə verilməsindən gəlir növüdür. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən, vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda tutulan verginin məbləği 14 faiz təşkil edir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Göründüyü kimi vergi qanunvericiliyində icarə haqqından əldə edilən gəlirdən 14 faiz verginin ödəmə mənbəyində tutulması müəyyən edilmişdir. Cavabdehin nümayəndəsinin təqdim etdiyi ödəmə mənbəyində tutulan vergi bəyannamələrindən görünür ki, İddiaçı ödəməli olduğu 56 manat gəlir vergisi hər ay cavabdeh tərəfindən ödənilmişdir. Buna görə də həmin məbləğ iddiaçıya ödənilməli icarə haqqından çıxılmalıdır. Beləliklə məhkəmə icarə haqqının ödənilmə müddəti və məbləği ilə bağlı yekun olaraq qeyd edir ki, 08.10.2018-ci il tarixli icarə müqaviləsi üzrə cavabdeh 08.10.2018-ci il tarixdən 06.11.2019-cu il tarixədək iddiaçıya hər ay 344 manat pul ödəməli olmuşdur. Cavabdeh həmin məbləğin ödənilməsini təsdiq edən sübutlar təqdim etmədiyindən 13 ay üçün ümumilikdə 4472 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəf hesab olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri vəkilə göstərdiyi xidmətə görə ödənilmiş 348 manat və iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq vəkilə ödənilmiş pulun 150 manat, dövlət rüsumunun isə 13 manat hissəsi Cavabdeh MMC-dən tutulub iddiaçıya verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Cavabdehndən icarə haqqına görə 4472 manat, məhkəmə xərcləri qismində vəkilin xidmətinə ödənilmiş məbləğdən 150 manat və ödənilmiş dövlət rüsumuna görə 13 manat olmaqla, cəmi 4635 (dörd min altı yüz otuz beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar