Məhkəmə qərarları › İş №2(043)-2525/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2525/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2525/2020 24.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı «xxxxxxx» KB ASC-ninCavabdeh qarşı “kreditin, kredit faizinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “xxxxxxx” KB ASC məhkəməyə ərizə təqdim edərək, borclu Cavabdeh “xxxxxxx” KB ASC-nin xeyrinə 405,87 ABŞ dolları faiz borcu və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğındə vəsaitin tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor «xxxxxxx» KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə illik 31% ödəmək şərtilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə və bu müqaviləyə əsasən kreditor yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə kreditora qaytarmağı öhdəsinə götürüb. xx.xx.2016-cı il tarixli Sazişə əsasən xx.xx.2014cü il tarixli, 8094nkKPZ/14 saylı kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun ödənilməsinə yönəlsin, faizlər isə müddətin qurtardığı vaxt alınsın. Kredit müqaviləsinin müddəti xx xxxxxx 2018-ci il tarixinədək müəyyən olunur. Kredit müqaviləsində nəzərdə tutulmuş kredit müddətinin qurtardığı vaxt faizlərin ödənişi yerinə yetirilmədiyi təqdirdə müştərinin müraciətinə Bank tərəfindən baxıla bilər. Kredit müqaviləsi üzrə Kredit məbləği tam ödənildiyi təqdirdə faizlərin hesablanaraq ödənişi təmin edilməlidir. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin xx.xx.2020-ci il tarixinə kredit müqaviləsi üzrə «xxxxxxx» KB ASC-yə 0 ABŞ dolları əsas, 405,87 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə, cəmi 405,87 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pritenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxxxxx” KB ASC öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququdan istifadə etmək qərarına gəlmişdir. İddiaçı «xxxxxxx» KB ASC-nin nümayəndəsi Türkan Piriyeva xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Cavabdeh qarşı borc tələbinə dair mülk iş üzrə məhkəmə iclasında çıxış edə bilməyəcəklər. Belə ki, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddianın təmin ediməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, bankla onun arasında olan razılaşmaya əsasən əsas borcu ödənildikdən sona faiz borcunu ödəməlidir. Kredit müqaviləsi üzrə əsas borcu ödəmiş və lakin 405,87 ABŞ dolları faiz borcu qalmışdır. Həmçinin qeyd etdi ki, 1417 ABŞ dolları Bank tərəfindən ona qaytarılmışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “xxxxxxx” KB ASC arasında bağlanmış xx.xx.2014cü il tarixli, 8094nkKPZ/14 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə illik 31% ödəmək şərtilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 8094nkKPZ/14 nömrəli kredit və bank hesabı müqaviləsinə əsasən 0 ABŞ dolları əsas, 405,87 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə, cəmi 405,87 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmişxx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh «xxxxxxx» KB ASC-nin xəzinadarlığından 1951 ABŞ dolları pulu götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli sazişdən görünür ki, «xxxxxxx» KB ASC ilə Cavabdeh belə razılığa gəlmişlər ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 8094nkKPZ/14 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun ödənilməsinə yönəldilsin, faizlər isə müddət qurtardığı vaxt alınsın. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, borclu Cavabdeh ilə “xxxxxxx” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə illik 31% faiz ödəmək şərtilə 2000 ABŞ dolları məbləğində kredit verilmiş və ona bank hesabı açmışdır. «xxxxxxx» KB ASC ilə Cavabdeh xx.xx.2016-cı il tarixli sazişlə razılığa gəlmişlər ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 8094nkKPZ/14 nömrəli kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun ödənilməsinə yönəldilsin, faizlər isə müddət qurtardığı vaxt alınsın. Cavabdeh müqavilənin bu şərtini pozaraq əsas məbləğ üzrə borcunu ödəmiş, müqavilənin icra müddəti çatmasına baxmayaraq müqavilə üzrə faiz borcunu ödəməmişdir. Cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziva qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı «xxxxxxx» KB ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə faiz borcu üzrə 405,87 ABŞ dolları manat ekvivalentində ödəniş anına manata məzənnə ilə tutularaq iddiaçı «xxxxxxx» KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 20 manat dövlət rüsumundan ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə iddianın qiyməti 500 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh faiz borcu üzrə 405,87 (dörd yüz beş ABŞ dolları səksən yeddi sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul və məhkəmə xərci qismində ödənilmiş 20 (iyirmi) manat pul tutularaq «xxxxxxx» KB ASC-yə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X3 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar