Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2530/2021 19.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Kamil qızının Cavabdeh (üçüncü şəxslər - Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3) qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Kamil qızı Cavabdeh (üçüncü şəxslər - Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 93630 (doxsan üç min altı yüz otuz) manat məbləğində qızıl əşyalarının pulunu və 1800 (min səkkiz yüz) manat lotereya pulunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ev şəraitində bir ildir ki, qızıl məmulatları alqı-satqısı ilə məşğul olur. Cavabdeh əmisi X3 gəlinidir. Onunla təxminən bir ildir ki, qızıl alveri ilə məşğul olur. Aralarında belə bir razılaşma olub ki, o satmaq üçün götürdüyü qızıl əşyalarını öz statusunda yerləşdirsin və neçəyə satacağını bildirsin. Razılaşmaya əsasən Şəfiqə onlardan hansını dediyi qiymətlə götürməyi ilə razılaşırsa onun seçdiyi qızıl əşyalarını nisyə götürüb lom qiymətinə, yəni aşağı qiymətə nağd olaraq satıb pulunu Şəfiqəyə göndərir. Şəfiqənin dediyinə görə anası Maraqlı şəxs1 həmin pulu sələmə verib, faiz götürür. Şəfiqə isə qızıl əşyalarının pulunu onun əvvəlcədən ona bildirdiyi qiymətlə razılaşdıqları qaydada hər ay hissə-hissə ona göndərirdi. O, qızıl əşyalarının satılmasından müəyyən qədər qazanmış, Şəfiqə ilə anası isə pulların faizlə sələmə verilməsindən qazanmışlar. Şəfiqənin kartı olmadığından onun tapşırığı ilə pulları onun anası Maraqlı şəxs1, eltisi Maraqlı şəxs2 və ərinin əmisinin kürəkəni Maraqlı şəxs3 kartına göndərmişdir. Bu ilin may ayına kimi o, pulları vaxtında ödəmişdir, yəni Şəfiqə hər ay razılaşdıqları kimi onun nisyə götürərək lom kimi satdığı qızıl əşyalarının pulunu hissə-hissə ödəmişdir. Bu qayda ilə may ayından başlayaraq o, danışdıqları kimi hissə-hissə 104922 (yüz dörd min doqquz yüz iyirmi iki) manat pul göndərməli idi, lakin cəmi 11292 (on bir min iki yüz doxsan iki) manat pul göndərmişdir. Pulu göndərməyi gecikdirdiyinə görə iddiaçı dəfələrlə ona zəng edib iradını bildirmiş, lakin o hər dəfə bildirib ki, pul anasındadır, anası göndərəcək. Təxminən may ayının axırlarında demişdir ki, istəmir anasını ona borclu olduğunu qaynatası,yəni iddiaçının əmisı bilsin. Bundan sonra eşitmişdir ki, cavabdehin xeyli borcu yığılmışdır və o, borclarını ödəyə bilmədiyi üçün özünə qəsd etmək istəmişdir. O, qızıl əşyalarını aldığı adamlara borclu qalmışdır. Onlar da iddiaçıdan pullarını tələb etmişlər. Ona görə məcbur olub cavabdehdən ona göndərəcəyi pulu tələb etmişdir. O, bildirmişdir ki, qaynatasına 1000 manatdan çox desən borcu qaytarmayacaq. O. məcbur olub əmisinə hər şeyi demişdir. Buna baxmayaraq heç kim ona pul göndərməmişdir. Beləliklə, bugünkü günə kimi Şəfiqə ona 93630 (doxsan üç min altı yüz otuz) manat pul ödəməlidir. Amma cavabdeh könüllü olaraq öhdəliyini yerinə yetirmir. Deyir ki, onun heç bir borcu yoxdur. Bundan başqa cavabdeh aprel ayında ona demişdir ki, 1800 manatdan lotereya oynayırlar, o da qoşulsa ikinci ayda yığılan pulu ona verərlər. O, aprelin 6də 500 manat, aprelin 12-də 1000 manat, aprelin 15-də isə 300 manat, cəmi 1800 manat ona pul vermişdir. Həmin pulu da ondan ala bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının göstərdikləri həqiqətə uyğun deyil, iddiaçı iddiasını şişirdərək, obyektiv həqiqəti gizlədərək, ona qarşı haqsız iddia qaldırmışdır. Belə ki, 15.01.2020-ci il tarixdə ona pul lazım olduğundan, iddiaçı ona faizlə pul vermişdir. O iddiaçıdan cəmi 11000 manat pul almışdır. O, hər ay 210 manat olmaqla 7 ay iddiaçıya pul ödəmişdir. Sonra iddiaçı ona təklif etmişdir ki, ona qızıl-zinət əşyaları satsın. O, borcunu ödəsin deyə başqa şəxslərdən borc pul aldığı pulu qaytarmaq üçün razılaşmışdır. Lakin, iddiaçı ona heç bir qızıl-zinət əşyası verməmişdir. İddiaçı özü qızılzinət əşyalarını lombarda qoyaraq ondan haqsız yerə qat-qat faizlə pul almışdır. Onun hesablamalarına görə o, iddiaçıya 11000 manatdan daha artıq, 21000 manatdan çox pul ödəmişdir. Hazırda iddiaçıya heç bir pul borcu yoxdur. Bundan başqa, iddiaçı lotareya oyunu ilə bağlı ona 1800 manat pul verdiyini bildirsə də, iddianın bu hissəsi də yalandır. Belə ki, onlar digər tanışları ilə birgə lotareya oynamağı planlaşdırsalar da, bu baş tutmadığından lotareya oynamaqdan imtina etmişlər. İddiaçı isə bununla əlaqədar ona heç bir məbləğdə pul göndərməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Maraqlı şəxs1 əvəz qızı izahatında bildirdi ki, Cavabdeh anasıdır. Onun iddiaçı və cavabdeh arasında olan münasibətdən və yaranmış mübahisədən xəbəri yoxdur. O, sadəcə kartını qızına istifadə etməsi üçün vermişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, onlar arasında qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan şifahi qaydada bağlanmış müqavilədən irəli gələn mülki hüquq münasibəti yaranmışdır. İddiaçı ilə cavabdeh arasında əldə edilmiş razılaşmaya əsasən iddiaçı satmaq üçün başqa şəxslərdən əldə etdiyi qızıl-zinət əşyalarını vatsapp proqramında statusunda yerləşdirdikdən sonra cavabdehin seçib bəyəndiyi qızıl-zinət əşyalarını, qızılının xalis çəkisi qiymətinə, yəni bazar (satış) qiymətindən aşağı qiymətə sataraq, əldə etdiyi pul məbləğini iş üzrə üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məxsus bank hesablarına köçürməklə cavabdehə göndərməyi, cavabdeh isə həmin pulu faizi ilə (razılaşmaya əsasən) birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı qeyd edir ki, o, cavabdehlə aralarında əldə əldə edilmiş razılığa əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, satdığı qızıl-zinət əşyalarından əldə etdiyi pul vəsaitini cavabdehə göndərmiş, lakin cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, pul məbləğini, razılaşmaya əsasən müəyyən edilmiş faiz məbləği ilə birlikdə qaytarmamışdır. Belə ki, cavabdehə həmin razılaşmaya əsasən ümumilikdə 104,922 manat pul göndərmişdir, lakin cavabdeh həmin puldan sadəcə 11292 manat hissəsini ona qaytarmışdır. Bununla da cavabdehin ona 93630 manat borcu qalmaqdadır. Həmin məbləğin cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etməyərək bildirir ki, onlar arasında iddia ərizəsində göstərilən məzmunda razılaşma əldə edilmiş, lakin o həmin razılaşma üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmişdir. Belə ki, iddiaçı ona 11000 manat pul göndərmiş, o isə iddiaçının ona verdiyi pul məbləğini faizi ilə birlikdə hesablanmaqla, ümumilikdə 21000 manatdan artıq pul qaytarmışdır. Onun iddiaçının qarşısında yerinə yetirmədiyi heç bir pul öhdəliyi yoxdur. İddiaçı iddia tələbini təsdiq edən əsas sübut növü kimi müxtəlif tarixlərin və qarşılarında pul məbləğlərinin yazıldığı əlyazma yazının kserosurətini təqdim etmişdir. Məhkəmə, iddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut kimi təqdim olunmuş, müxtəlif tarixlərin və qarşılarında pul məbləğlərinin yazıldığı yazının ksero surətlərinə hüquqi qiymət verərək hesab edir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Bundan başqa, iddiaçı tələbini təsdiq edən sübut kimi "xxxx" MMC-yə məxsus “Milliön” elektron ödəmə sisteminə aid üç ədəd, "xxxx" MMC-yə məxsus elektron ödəmə sisteminə aid iki ədəd qəbz təqdim etmişdir. Həmin qəbzlərlə müəyyən olunur ki, Maraqlı şəxs2 bank hesabına 05.03.2021-ci il tarixdə 160 manat, 08.03.2021-ci il tarixdə 996 manat, 09.03.2021ci il tarixdə 995 manat, 05.04.2021-ci il tarixdə 299 manat, Maraqlı şəxs3 bank hesabına isə 05.03.2021-ci il tarixdə 770 manat pul olmaqla - cəmi 3220 manat pul göndərilmişdir. Cavabdeh isə məhkəmə iclasında izahatında həmin qəbzlərdə göstərilən pul məbləğlərinin həqiqətən qeyd edilən şəxslərin bank hesablarına göndərilməsini və bu pulları aldığını bildirmişdir. Bundan başqa, cavabdeh məhkəmə iclasında bank hesabından çıxarışdakı məlumatlara əsaslanaraq iddiaçı tərəfindən ona əlavə olaraq Maraqlı şəxs2 hesabı vasitəsi ilə 15.04.2021-ci il tarixdə 996 manat, 29.04.2021-ci il tarixdə 1800 manat, Maraqlı şəxs1 hesabı vasitəsi ilə 16.05.2021-ci il tarixdə 1000 manat,17.05.2021-ci il tarixdə 600 manat, 19.05.2021-ci il tarixdə 3000 manat, Maraqlı şəxs3 bank hesabı vasitəsi ilə 05.03.2021-ci il tarixdə 350 manat pul göndərildiyini etiraf etmişdir. İddiaçı isə iddia ərizəsində cavabdehə 104922 manat məbləğində pul göndərildiyini və cavabdehin həmin məbləğin 11292 manat hissəsini qaytardığını bildirmişdir. İddiaçı tərəfindən təqdim edilən qəbzlərdə olan pul məbləğlərini və cavabdehin məhkəmə iclasında bank hesabından çıxarışlardakı məlumatlara əsasən qeyd etdiyi və iddiaçıdan aldığını bildirdiyi pul məbləğlərini nəzərə aldıqda, həmin məbləğlərin cəminin təxmini olaraq iddia ərizəsində cavabdeh tərəfindən ödənildiyi bildirilən məbləğə uyğun gəldiyi müəyyən olunur. İddiaçı isə bundan artıq məbləğdə, yəni cavabdehə 11292 manatdan artıq məbləğdə pulu cavabdehə göndərməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından razılaşmaya əsasən pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 104922 məbləğində pulun iddia tələbində göstərilən 93630 manat hissəsini həqiqətən cavabdehə verilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan başqa, iddiaçı iddia tələbində cavabdehə 1800 manat lotereya pulu verdiyini, lakin cavabdehin həmin məbləği ona qaytarmamasını qeyd etsə də, bununla bağlı da sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə məhkəmə iclasında həmin halı inkar edərək bildirmişdir ki, onlar və digər tanışları arasında hər ay 1800 manat ödənilməklə lotareya oyunun oynanılması, ikinci ödənişin də iddiaçıya verilməsi nəzərdə tutulsa da, bu baş tutmadığından lotareya oynamaqdan imtina etmişlər. İddiaçı isə bununla əlaqədar ona heç bir məbləğdə pul göndərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, tərəflər, o cümlədən onların tanışları arasında çoxtərəfli borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən tərəflərin hər biri hər ay 1800 manat məbləğində pul verməli və hər ay yığılan ümumi pul tərəflərdən birinə verilməli idi. Cavabdeh məhkəmə iclasında bu barədə razılaşma olduğunu etiraf etsə də, faktiki olaraq lotareya oyununun baş tutmadığını və heç kimin bu məqsədlə pul vermədiyini bildirmişdir. İddiaçı isə lotareya oyununun oynanıldığını, o cümlədən bu məqsədlə 06 aprel 2021-ci il tarixdə 500 manat, 12 aprel 2021-ci il tarixdə 1000 manat və 15 aprel 2021-ci il tarixdə 300 manat olmaqla, cəmi 1800 manat pulu cavabdehə verməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar cavabdehə ümumilikdə 93630 manat qızıl əşyalarının pulunun və 1800 manat lotereya pulunun verilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Odur ki, İddiaçı Kamil qızının Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Kamil qızının Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Kamil qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-2530/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2530/2021
19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver