Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2531/2020 22.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxx» MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Hoffman X Play” markalı telefon üçün 189 manat ödənilməmiş hissə, 56 manat dəbbə pulu olmaqla, cəmi 245 manat borc; xx.xx.2018-ci il tarixli müqavilə üzrə “Samsung Galaxy J4” markalı telefon üçün 377 manat ödənilməmiş hissə,111 manat dəbbə pulu olmaqla, cəmi 488 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 763 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 «xxxxxxxxxxx» MMC ilə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********54496 “Hoffman X Play” markalı telefon və İMEİ kodu **********30329 “Samsung Galaxy J4” markalı telefon almış və nəticədə 733 (yeddi yüz otuz üç) manat borc yaranmışdır.Cavabdehlər xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 324 (üç yüz iyirmi dörd) manat (12 ay x 27 manat + 0 manat ilkin ödəniş ) olan İMEİ kodu **********54496 “Hoffman X Play” markalı telefon üçün ümumilikdə 245 (iki yüz qırx beş) manat olmaqla, ondan 189 (yüz səksən doqquz) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat dəbbə pulu;xx.xx.2018-ci il tarixli müqavilə üzrə alqı-satqı qiyməti 488 (dörd yüz səksən səkkiz) manat (12 ay x 37 manat + 44 manat ilkin ödəniş ), İMEİ kodu **********30329 “Samsung Galaxy J4” markalı üçün ümumilikdə 488 (dörd yüz səksən səkkiz) manat olmaqla, ondan, 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 111 (yüz on bir) manat dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 246 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq bağlanmış xx.xx.2018ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 «xxxxxxxxxxx» MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh1 aldığı Samsung Galaxy J4 markalı telefonu təmir üçün servisə təhvil vermişdir. Lakin zəmanət şərtlərinə görə ödənişlərdə gecikmələr olduqda zəmanət qüvvədən düşür. Cavabdehə malın yalnız ödəniş əsasında təmir edilə biləcəyi bildirilsə də cavabdeh malı ödənişli əsaslarla təmir etdirməkdən və geri götürməkdən imtina etmişdir. Hazırda da cavabdeh istədiyi vaxt malı gecikmiş ödənişləri ödəməklə təhvil ala bilər. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, «xxxxxxxxxxx» MMC-dən əldə etdiyi “Hoffman X Play” markalı telefon nasaz olduğu üçün “Samsung Galaxy J4” markalı telefonu almışdır. Lakin həmin telefonda da nasazlıq yaranmış və telefonu təmir üçün mağazanın servisinə vermişdir. Səhhətində problemlər olmuş və o, xəstəxanada həkim müşahidəsi altında olmuşdur. Bu səbəbdən də ödənişlərində gecikmələr olmuşdur. Ona heç kim ödənişlərdə gecikmə olduqda zəmanətin qüvvədən düşdüyünü izah etməmişdir. Hazırda borcunu hissə-hissə ödəyə bilər. Qeyd olunalara əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, iddiaçı ilə onun arasında yalnız xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə həmin tarixdə zaminlik müqaviləsi bağlanılsa da, iddiaçı xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə də ondan öhdəliyin icrasını tələb edir. Halbuki, həmin müqavilə üzrə onun Cavabdeh1la birgə məsuliyyət müəyyən olunmamış və o, iddiaçı qarşısında üzərinə heç bir öhdəlik götürməmişdir. Bundan əlavə telefon qısa bir zaman işləsə də, sonradan nasaz vəziyyətə düşdüyü üçün mağazaya təhvil verilmişdir. Telefonu mağazaya təhvil verdikdən sonra ödənişlərin həyata keçirilməsini dayandırmışdırlar. Hesab edir ki, iddia tələbi əssasız olduğundan rədd edilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli K 00180522 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh1 «xxxxxxxxxxx» MMC-dən qiyməti 324 manat olan“Hoffman X Play” markalı telefonu 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12 ay ərzində hər ayın sonuncu günü ayda 27 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00320485 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh1 «xxxxxxxxxxx» MMC-dən qiyməti 488 manat olan“Samsung Galaxy J4” markalı telefonu 44 manat ilkin ödəniş etməklə qalan 444 manat məbləği 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12 ay ərzində hər ayın 16-ı tarixində ayda 37 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 135 manat ödəmiş, 189 manat borcu qalmış, müqavilə üzrə ödənişləri 210 gün gecikdirmiş, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 111 manat ödəniş etmiş, 377 manat borcu qalmış, ödənişləri 300 gün gecikdirmişdir. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 «xxxxxxxxxxx» MMC qarşısında xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş zəmanət talonundan görünür ki, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən satılmış, Hoffman X-play markalı telefon üçün 1 il müddətinə zəmanət verilmiş, satıcı yaranma səbəblərindən asılı olmayaraq qüsurların təmiri üçün zəmanət verilmişdir. Zəmanətin satış tarixindən qüvvəyə mindiyi və məhsul üzrə ödəniş şərtləri tam və vaxtında yerinə yetirilmədiyi halda zəmanət şərtlərinin qüvvədən düşdüyü qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli 148464 saylı qəbzdən görünür ki, Cavabdeh1 Samsung Galaxy J4 2018 markalı telefonu zəmanət talonu əsasında təmir edilməsi üçün servisə təhvil vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqavilələridir. Nisyə alqısatqı müqaviləsinin şərtlərinə görə cavabdeh həmin müqavilələr üzrə aldığı malların qiymətini hissə-hissə ödəmək öhdəliyi daşımışdır. Lakin, cavabdeh bu öhdəliyini vaxtında və tam icra etməmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə zəmanət talonuna istinad edərək cavabdehin ödənişləri etməməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, zəımanətin şərtlərində ödənişlərin tam və vaxtında yerinə yetirilməməsinə görə zəmanətin qüvvədən düşdüyü qeyd olunmuşdur. Təqdim edilmiş hesabdan çıxarışdan və tərəflərin izahatından görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli müqavilə üzrə ödənişləri ilk ödəniş vaxtından (xx.xx.2018) etibarən gecikdirməyə başlamışdır. Telefon təmir üçün servisə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. Buna uyğun olaraq da zəmanət şərtləri qüvvədən düşdüyündən cavabdeh qarşılıqlı öhdəliyin icrasını iddiaçıdan tələb etməkdə haqlı deyildir. Cavabdeh2 zamin kimi Cavabdeh1 ilə birlikdə «xxxxxxxxxxx» MMC qarşısında xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsindənirəli gələn öhdəliklərinin icra edilməsi üçün məsuliyyəti müəyyən edilmişdir. Cavabdeh2 zamin kimi məsuliyyəti yalnız xx.xx.2018-ci il tarixli müqavilə üzrə müəyyən edildiyindən, məhkəmə yalnız həmin müqavilə üzrə cavabdehlərdən tələb olunan məbləğin müştərək qaydada tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı müqavilə şərtlərinə istinad edərək gecikdirilmiş ödənişlərə görə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 56 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 111 manat dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləği müqavilənin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehlərdən müştərək qaydada xx.xx.2018-ci il tarixli müqavilə üzrə 18 manat və Cavabdeh1 xx.xx.2018-ci il tarixli müqavilə üzrə 30 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 189 (yüz səksən doqquz) manat ödənilməmiş hissə və 18 (on səkkiz) manat dəbbə pulu olmaqla, cəmi 207 (iki yüz yeddi) manat pul tutularaq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh1 xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə və 30 (otuz) manat dəbbə pulu olmaqla, cəmi 407 (dörd yüz yeddi) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2531/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2531/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver