Məhkəmə qərarları › İş №2(043)-2541/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2541/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2541/2020 27.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxxxxxxxxx» X6 X2 Müəssisəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxxxxxxx» X6 X2 Müəssisəsi (bundan sonra “xxxxxxxxxxxxxxxx” MMM QBKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 7255,88 məbləğində borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxxxxxxxxxxxxxx” MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********7255 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 23 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 8000 (səkkiz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 421 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2014-cü il tarixli, **********7255 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********4751 saylı yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi əsas borc 7845 manat müəyyən edilmişdir. Beləliklə, xx xxxxxx 2020-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin əsas borc üzrə 7255,88 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 7255,88 manat təşkil edir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, danışıqlar heç bir nəticə verməmişdir və kreditor “xxxxxxxxxxxxxxxx” MMM QBKT öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün müvafiq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxxxxxx» QBKT MMM-ə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, **********7255 nömrəli kredit və zaminlikdən ibarət qarışıq müqavilədən görünür ki, «xxxxxxxxxxxxxxxx» QBKT MMM ilə Cavabdeh1 arasında illik faiz dərəcəsi 23% olmaqla 24 ay müddətinə 8000 ABŞ dolları məbləğində borc verilməsinə dair müqavilə bağlanmış və həmin müqavilə üzrə zamin Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliyinin yerinə yetirilməsinə görə kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, **********7255 nömrəli kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişdən görünür ki, tərəflər arasında borc alanın qalıq 7845 manat borc məbləğinin illik 2 faiz dərəcəsi ilə 38 ay müddətinə manatla ödənişinə dair razılaşmış və ödəniş cədvəli tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 «xxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli X1 borcu əsas borc üzrə 7255,88 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi və kredit müqaviləsinin restrukturizasiyasına dair saziş bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməmişdir. Buna görə də məhkəmə Cavabdeh1 7255,88 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə iddia tələbinin kredit öhdəliyinin zaminliklə təmin edilməsi, bu səbəbdən cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşımasına münasibətdə qeyd edir ki, iddia tələbi digər Cavabdeh2 münasibətdə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda, onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini istisna etməmişdir. Nəzərə almaq lazımdır ki, hər bir halda zaminlik müqaviləsi Mülki Məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəlikər üzrə verilə bilməz. Əks təqdirdə zamin hansı öhdəliyin icrası üçün zəmanət verməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. Eyni qaydada zamin icrasına təminat verdiyi öhdəliyin mahiyyətində ediləcək hər bir dəyişiklik barədə məlumatlandırılmalı və buna razılıq verməlidir. Zaminin razılığı olmadan borclunun, o cümlədən zaminin vəziyyətini ağırlaşdıran dəyişikliklər zaminliyə xitam verilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. İlk baxışdan kreditor və borclu arasında kredit müqaviləsinin restrukturizasiyasına dair bağlanmış xx.xx.2016-cı il tarixli sazişin şərtləri borclunun xeyrinə görünsə də (kreditin qaytarılması üçün əlavə müddətin verilməsi, faiz dərəcəsinin aşağı salınması) bu şərtlər zamin üçün əlverişsiz nəticələrə səbəb olur. Belə ki, zamin kreditor qarşısında subsidiar məsuliyyət daşıdığından o, bu məsuliyyətinin müəyyən zaman kəsiyi ilə məhdudlaşdığını bilir və həmin müddətin bitməsinə qədər borclunun öhdəliyini icra etməsinə təminat verir. Bu müddətin zaminin razılığı olmadan uzadılması isə zaminin məsuliyyətinin daha uzun zaman kəsiyinə şamil olunmasına gətirib çıxarır ki, bu da zamin üçün arzuolunmayan haldır. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan hal zaminliyə xitam verilməsi üçün əsasdır. Göstərilən mövqeyin davamı olaraq məhkəmə qeyd edir ki, iddiaçı ilə Cavabdeh1 ilə kredit müqaviləsi xx xxxx 2014-cü il tarixində 24 ay müddətinə bağlanmış və kreditin qaytarılması üçün son tarix xx.xx.2016-cı il tarixi müəyyən edilmişdir. Cavabdeh2 ilə məhz bu öhdəliyin icrasının təmini üçün xx xxxx 2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilədə zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2016-cı il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən zamin Cavabdeh2 qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də Cavabdeh2 qarşı iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 əsas borc üzrə 7255,88 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 30 manat dövlət rüsumundan ibarətdir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2016-cı il tarixli kredit sazişinə əsasən əsas məbləğ üzrə 7255,88 (yeddi min iki yüz əlli beş tam yüzdə səksən səkkiz) manat borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq iddiaçı «xxxxxxxxxxxxxxxx» X6 X2 Müəssisinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar