Məhkəmə qərarları › İş №2(043)-2545/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2545/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2545/2021 03.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı ““kredit müqaviləsi üzrə borcun tutulması”” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASCnin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 26.02.2020-ci il tarixli İK nömrəli Özəı (1) 049/İST/2020 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı ASCnin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 26.02.2020-ci il tarixli İK nömrəli Özəı (1) 049/İST/2020 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 3964,14 manat əsas, 783,01 manat faiz, 712,99 manat cərimə faizi olmaqla, cəmi 5460,14 manat məbləğində borcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu-Cavabdeh, zaminlər-Zamin1 və Zamin2) birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X7 Səhmdar Cəmiyyətinin “Gəncə” filialı ilə Cavabdeh arasında 26.02.2020-ci il tarixli İK № Özəl (1) 049/İST/2020 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 25 % olmaqla 36 (otuz altı) ay müddətinə 4.300 (dörd min üç yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh (borcalan) öhdəliklərinin icrasının təminatı kimi Turan Bank ASC ilə X3 və Zamin2 arasında 26.02.2020-ci il tarixli Özəl (1) 049/İST/2020 saylı zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh 26.02.2020-ci il tarixli İK № Özəl (1) 049/İST/2020 saylı kredit müqaviləsinə əsasən 15 aprel 2021-ci il tarixinə Cavabdeh “Bank”a 3,964.14 (üç min doqquz yüz altmış dörd manat, on dörd qəpik) manat əsas, 783.01 (yeddi yüz səksən üç manat, bir qəpik) manat faiz, 712.99 (yeddi yüz on iki manat, doxsan zoqquz qəpik) manat cərimə faizi olmaqla, cəmi 5,460.14 (beş min dörd yüz altmış manat, on dörd qəpik) manat kredit borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 26.02.2020-ci il tarixli İK № Özəl (1) 049/İST/2020 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 50% olmaqla cərimə faizi ödəyir. 3.1.2ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanın Bank qarşısında öhtəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbinin həcminin artırılması barədə ərizəni məhkəməyə təqdim edərək, cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 banka əsas borcun qalığı 3964,14 manat, faiz borcundan qalığı 1088,58 manat, cərimə faizi 1018,56 manat olmaqla 6071,28 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, bildirdi ki, o, pandemiya olduğu üçün banka olan borcundan ödənişlər edə bilməmişdir. O, dəfələrlə banka yaxınlaşıb yeni qrafik açılmasını xahiş etsə də bank tərəfində yeni qrafik açılmamışdır. Hazırda isə həmin borcu tam həcmdə ödəməyə imkanı çatmır və buna görə də cərimənin azaldılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 26.02.2020-ci il tarixli, Özəl (1)049/İST/2020 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 36 (otuz altı) ay müddətinə 25 faiz olmaqla 4300 (dörd min üç yüz) manat məbləğində kredit ayrılmışdır. İş materiallarına əlavə edilmiş 26.02.2020-ci il tarixli, Özəl (1)049/İST/2020 saylı zaminlik müqaviləsindən görünür ki, , Zamin1 və Zamin2 Cavabdeh 26.02.2020-ci il tarixli, Özəl (1)049/İST/2020 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 03.08.2021-cı il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 3964,14 manat əsas borc, 1088,58 manat faiz borcu, 1018,56 manat cərimə məbləği olmaqla, cəmi 6071,28 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizliyi) üçün məsuliyyət daşıyır; Həmin Məcələnin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də, məhkəmə əsas və faiz borcunun cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Lakin, məhkəmə cavabdehin istehlak məqsədləri üçün kredit alan hüquqi şəxs, iddiaçının isə professional qaydada kredit verilməsi ilə məşğul olan bank olmasını və iddiaçının əmlak mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehlərin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, iddiaçının tələb etdiyi 1018,56 manat dəbbə (cərimə) pulu tənasübsüz surətdə yüksək olduğu üçün həmin məbləğ azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh, Zamin1 və Zamin2 3964,14 manat əsas borc, 1088,58 manat faiz, 50 manat cərimə məbləği olmaqla, cəmi 5102,72 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul müştərək qaydada tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 3964,14 manat əsas borc, 1088,58 manat faiz, 50 manat cərimə məbləği olmaqla, cəmi 5102,72 (beş min yüz iki manat, 72 qəpik ) manat borc və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar