Məhkəmə qərarları › İş №2(043)-257/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-257/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-257/2022 19.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi verərək, cavabdehlərdən müştərək qaydada 2010,37 manat məbləğində əsas borcun, 561,63 manat məbləğində faiz borcu və 867,97 manat məbləğində cərimə olmaqla, cəmi 3439,97 (üç min dörd yüz otuz doqquz manat 97 qəpik) manat məbləğində borcun və ödənilmiş 54,4 manat dövlət rüsumunun "xxxx" QSC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" QSC-in etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 19.07.2013-cü il tarixli 06L000006181 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 24.12.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması əsasında cavabdehə 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 24.08.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2489.63 manat ödəmiş, onun 2010.37 manat məbləğində əsas borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17.11.2021 -ci il tarixə 450 gün üçün hesablanmış faiz borcu 561,63 manat təşkil edir.Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər geçikən gün üçün kredit qalığının 0,1 faizi məbləğində cərimə ödənilməlidir. 17.11.2021-ci il tarixə 450 gün üçün hesablanmış cərimə 867, 97 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə öhdəlik götürmüşdür. Cavabdeh2 həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Hazırda cavabdehin 3439,97 manat borcu qalmışdır. İddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, maddi imkanı olmadığı üçün krediti ödəyə bilməmişdir.Əsas borcunu və faiz borcunu ödəməyə etiraz etmədiyini bildirərək iddia tələbinin cərimə hissəsində təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 19.07.2013-cü il tarixli, 06L000006181 saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmış, cavabdehə veriləcək məbləğ «Kredit razılaşması» «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında ayrıca razılaşmalar əsasında verilməsi şərtləndirilmişdir. 24.12.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması və ona əlavə edilən ödəniş cədvəlindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh1 19.07.2013-cü il tarixli, 06L000006181 saylı kredit xətti müqaviləsi üzrə 12 ay müddətinə, aylıq 2,0833 % faiz dərəcəsi ilə 4500 manat məbləğində kredit verilmişdir. 01.07.2019-cu il tarixli, 006S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 19.07.2013-cü il tarixli, 06L000006181 saylı kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit razılaşması» «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında ayrıca razılaşmalar üzrə Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. 24.12.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 hesabına iddiaçı "xxxx" QSC tərəfindən 4500 manat pul köçürülmüşdür. 30.11.2021-ci il tarixli, 26534 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 24.12.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə 2010,37 manat məbləğində əsas, 561,63 manat faiz və 867,97 manat cərimə olmaqla, cəmi 3439,97 (üç min dörd yüz otuz doqquz manat 97 qəpik) manat məbləğində borcu qalmışdır. Xəbərdarlıqlardan görünür ki, cavabdehlərə kredit borcunun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanaraq tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehlərin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafelərinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 24.12.2019-cu il tarixli müqavilə üzrə tutulmalı olan 867,97 manat cərimə məbləği azaldılaraq 7,97 manat həddində müəyyən edilməlidir. Kredit borcunun borclu Cavabdeh1 və zamin Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin bank qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyi vaxtında icra etmədikləri üçün iddiaçıya kredit borcu yaranmışdır. Belə olan halda 24.12.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə 2010,37 manat məbləğində əsas, 561,63 manat faiz və 7,97 manat cərimə olmaqla, cəmi 2579,97 (iki min beş yüz yetmiş doqquz manat 97 qəpik) manat məbləğində kredit borcu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" QSC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 54,4 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24.12.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşması üzrə 2010,37 manat məbləğində əsas, 561,63 manat faiz, 7,97 manat cərimə olmaqla, cəmi 2579,97 (iki min beş yüz yetmiş doqquz manat 97 qəpik) manat kredit borcu və ödənilmiş 54,4 manat dövlət rüsumu alınaraq "xxxx" QSC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar