Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2575/2021 09.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən cavabdehə məxsus torpaq sahəsini və bir otaqlı fərdi yaşayış evini ona sataraq buna dair etibarnamə və bütün sənədləri ona vermişdir. Bunun müqabilində o, cavabdehə 6000 manat məbləğində pul vermiş, cavabdeh və arvadı Könül Əsgərova bir ay ərzində evdən çıxacaqlarına dair iltizam imzalamışlar. Cavabdeh nə evdən çıxır nə də ki, aldığı 6000 manat məbləğində pulu geri qaytarmır. Belə ki, cavabdeh ona satdığı evin əvəzində aldığı pulu geri qaytarmamaqla və bugünədək satdığı evi tərk etmədiyinə görə əsassız olaraq varlanmışdır. O, hüquqlarının müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, qızının toyu ərəfəsində pula ehtiyacı olmuş, qonşuluqda yaşayan Vüsal ona 2500 manat məbləğində pul borc verməyi təklif etmiş, o da razılaşmışdır. İddiaçı ona evinin sənədlərinin köhnə olduğunu, həmin sənədlərin yenilənməli olduğunu bildirərək onu və anasını notariusa aparmış, onlar da məzmununu bilmədikləri sənədlərə imza etmişlər. İddiaçı ona pulu 25 ay müddətinə hissə-hissə ödəmək şərtilə vermiş, o, bir müddət sonra 500 manat məbləğində pulu Vüsala vermək üçün iki dəfə Vüsalın evinə getmiş, lakin Vüsalı evdə tapmamışdır. Sonuncu ona zəng edərək bir də onun evinə gəlməməsini demişdir. Cavabdeh bildirmişdir ki, iş materiallarında olan əlyazma iltizam onun həyat yoldaşı tərəfindən yazılmış və hər ikisi onu imzalamışdır. Lakin iltizamın məzmununu iddiaçı diktə etmiş, həyat yoldaşı Könül də yazmışdır. İddiaçıdan nə üçün 6000 manat məbləğində pulu alması barədə iltizam yazdırdığını soruşduqda isə iddiaçı ona 2500 manat pulun ikiqatını qaytarmalı olduğunu, əlavə olaraq da pulunu qaytarmayacağı təqdirdə çəkəcəyi məhkəmə və digər xərclər üçün 1000 manat məbləğ əlavə etdiyini bildirmişdir. O da razı olub imza etmişdir. Onun iddiaçıya olan borcu 2500 manatdır, buna görə də iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Farforist” X3nin iclas protokolundan çıxarışdan görünür ki, 26 noyabr 1988-ci il tarixli protokol əsasında Sevinc qəsəbəsi ərazisində bağçılıq üçün birliyin üzvü X2 torpaq sahəsinin bağ evi üçün ayrılması qərara alınmışdır. “Farforist” X3 tərəfindın verilmiş 26.11.1988-ci il tarixli, 208 saylı Arayışına əsasən X2 bağ evi tikintisi üçün 400 kv.m torpaq sahəsi ayrılmışdır. AR-İİ seriyalı, 261384 nömrəli, 10 mart 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 Gəncə şəhər “Farforist” Bağçılıq Yoldaşlığı tərəfindən 26.11.1988-ci il tarixli, 208 saylı Arayışına əsasən Gəncə şəhəri, Sevinc qəsəbəsi ərazisində yerləşən bağ evi üçün ayrılmış 400 kv.m torpaq sahəsinə dair onun əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hərəkətləri etməyi İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh və həyat yoldaşı Əsgərova Könül tərəfindən imzlananmış əlyazma iltizamdan görünür ki, Cavabdeh arvadı Könül Əsgərova ilə birlikdə onlara məxsus bir otaqlı evi qonşuluqda yaşayan İddiaçı 6.000 manata satmış, 6000 manat məbləğində pulu İddiaçı almış və üzərinə düşən öhdəliyi yerinə yetirməyəcəyi təqdirdə həmin pulu geri qaytaracağına dair məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçının izahatından və işdə olan sənədlərdən göründüyü kimi iddiaçı ev alqısatqı ilə əlaqədar olaraq cavabdehə qabaqcadan 6000 manat pul vermişdir. Cavabdeh 6000 manat məbləğində pulu iddiaçıdan alması barədə iltizama imza etmişdir. Lakin sonradan alqı-satqı baş tutmamış və pul iddiaçıya geri qaytarılmamışdır. Cavabdeh isə iddiaçıdan 2500 manat borc pul aldığını, iltizamda göstərilənlərin həqiqətə uyğun olmadığını bildirmişdir. Məhkəmə cavabdehin izahatına tənqidi yanaşır və qeyd edir ki, cavabdehin hadisənin necə baş verməsi barədə izahatı ağlabatan olmamaqla yanaşı, özü tərəfindən imza edilmiş iltizamla təkzib olunur. Cavabdehin qonşusuna hər hansı məqsəd olmadan torpaq sahəsinin və evin sənədləşməsi üçün etibarnamə verməsi, götürdüyü 2500 manatın əvəzinə 6000 manat qaytarmaq barədə iltizam verməsinin səbəbləri barədə cavabdeh hər hansı məntiqi izahat verə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin izahatında qeyd edilənlər iddianın təkzib edilməsi üçün əsas təşkil edə bilməz. Tərəflər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş torpaq sahəsinin alğı-satqısı barədə razılıq əldə etmiş, cavabdeh bu məqsədlə iddiaçıya həmin torpaq sahəsinə dair etibarnamə vermişdir. Buna baxmayaraq satılmaq istənilən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən həmin əmlakın alğı-satqısı mümkün deyildi. Bu baxımdan tərəflərin arasında alğı-satqı müqaviləsi ilə bağlı münasibətlərin yaranması istisna olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 6000 manat pulu hər hansı hüquqi əsas olmadan əldə etmiş və əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən 6000 manat pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2575/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2575/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver