Məhkəmə qərarları › İş №2(043)-2587/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2587/2021

02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2587/2021 02.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17.08.2008-ci ildə anadan olmuş X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 120 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməklə, cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24.11.2009-cu il tarixli, 2(044)-1748/09 saylı qətnaməsi ilə pozulmuşdur. Elə həmin qətnamə ilə də cavabdehdən 17.08.2008-ci il təvəllüdlü X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 70 ( yetmiş ) manat alimentin tutulub iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Daha sonra Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.04.2017-ci il tarixli, 2(043)-2827/2017 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq 120 ( bir yüz iyirmi) manat təyin olunmuşdur. Lakin hazırda həmin vəsaitlə uşağın saxlanılmasını təmin etmək mümkün deyildir. Keçən bu müddət ərzində həm uşağın tələbatı, həm də ölkədə yaşayış minimumu artmışdır. Tutulan məbləğ bir uşağın saxlanılması, onun geyim və qidalanmasının tam və keyfiyyətli təmin etmək üçün çox azdır. İddiaçı uşağı təkbaşına böyütdüyü üçün heç bir yerdə işləmir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, halhazırda başqa nikahdan himayəsində bir azyaşlı uşağı vardır. Maddi vəziyyəti 120 manatdan artıq ödəniş etməyə imkan vermir.İddianın təmin olunmamasını məhkəməsən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 14.04.2011-ci il tarixli, AZ-İİ 647878 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından 17.08.2008-ci ildə Aytin adlı uşaqları anadan olmuşdur; Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.04.2017-ci il tarixli, 2(043)- 2827/2017 saylı qətnaməsinin surətindən görünür ki, 17.08.2008-ci ildə anadan olmuş X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan tutulan alimentin məbləği artırılaraq hər ay 120 manat sabit pul məbləğində müəyyən edilərək İddiaçı qızının xeyrinə ödənilməsi qət edilmişdir. 02.05.2018-ci il tarixli AZ-İV 114935 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh himayəsində bir azyaşlı uşağı var. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.04.2017-ci tarixli, 2(043)-2827/2017 saylı qətnaməsinə əsasən 17.08.2008-ci ildə anadan olmuş X6 oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24.11.2009-cu il tarixli, 2(044)-1748/09 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 120 ( bir yüz iyirmi ) manat sabit pul məbləğində müəyyən edilməklə İddiaçı qızının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı məhkəməyə müraciət edərək təyin olunmuş alimentin yetərli olmadığını göstərərək alimentin miqdarının artırılmasını tələb etmişdir. Cavabdeh tərəf isə himayəsində bir azyaşlı uşağının olmasını və maddi imkanının olmamasını göstərərək iddiaya qarşı etiraz etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra - AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq Hüquqları Haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Göründüyü kimi adı çəkilən Konvensiya və daxili Qanunvericiliklə, uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi vurğulanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməklə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.04.2017-ci tarixli, 2(043) - 2827/2017 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği artırılaraq, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməklə Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Göründüyü kimi iddiaçı aliment təyin olunandan sonra uşağın böyüyərək tələbatının artmasını əsas gətirərək cavabdehin uşağın saxlanmasında çəkilən xərclərə cəlb olunmasını tələb etmişdir. «X3» Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175,0 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 175 manat müəyyən edilməsini və valideynlərin hər ikisinin hüquqları bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq, uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, iş üzrə Cavabdeh oğlundan dövlət rüsumu hesabına 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 17.08.2008-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 17.04.2017-ci tarixli, 2(043)- 2827/2017 nömrəli qətnaməsi əsasında tutulan 120 manat alimentin məbləği artırılaraq, hər ay 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumu hesabına 30 (otuz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar