Məhkəmə qərarları › İş №2(043)-2588/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2588/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2588/2020 22.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Baba-X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Baba-X6 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən mağazadan nisyə alqı-satqı müqaviləsi əsasında götürdükləri malların dəyəri olan 1045 (bir min qırx beş) manat pulun və məhkəmə xərci olan 30 manat pulun tutulub, onun xeyrinə ödəilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Ş. İ.Xətai küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Xoşbəxtlik” mağazasında məişət əşyalarının satışı ilə məşğul olur. Mağaza malların satışını həm nağd, həm də kredit yolu ilə həyata keçirir. İddia tələbi üzrə cavabdeh olan, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə mağazaya gələrək, yaxını Gəncə şəhəri 3-cü mikrorayon bina 16, mənzil 24-də yaşayan Baba-X4 zaminliyi ilə mağazadan nisyə alqı-satqı müqaviləsinə əsasən, cəmi dəyəri 1140 manat olan, 1 ədəd “TV LG”-109 ekranlıq televizoru 12 ay müddətinə ödəmək şərti ilə götürmüşdür. Müqavilə əsasında hər ay qrafik üzrə 95 manat ödəyəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, cavabdeh bu günə kimi mağazaya cəmi bir ay, yəni xx xxxxx 2020-ci il tarixdə 95 manat ödəniş etmişdir. Cavabdehə mağazaya olan borcunu ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin bu məsələyə qarşı soyuq münasibət göstərmiş, götürdüyü öhdəliyə əməl etməmişdir. Hazırda cavabdeh mağazanın çağrışlarından yayınır. Ötən müddət ərzində cavabdehə rəsmi xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, ödəniş aparılmamışdır. Bu barədə zaminə də bildirilmişdir. Cavabdehin və zaminin borcu ödəmək fikirləri yoxdur. Cavabdehin mağazadan nisyə götürdüyü malın pulu mağazanın dövriyyəsinə daxil olmadığından mağazaya ziyan dəyir. Beləliklə cavabdeh mağazaya bu gün də ziyan vurmaqda davam edir. Cavabdehin mağazaya 1045 (min yüz qırx beş) manat borcu qalmaqdadır. Buna görə də, bu barədə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, ərizədə göstərilənlərlə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ümumi qiyməti 1140 manat olan 1 ədəd “LG” markalı televizoru ayda 95 manat olmaqla, 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş zaminlik müqaviləsindən görünür ki, Baba-X4 Cavabdeh1 İddiaçı qarşısında xx xxxx 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər üçün məsuliyyəti müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan 12 ay müddətinə, aylıq 95manat olmaqla, cəmi 1140 manat ödəmək şərti ilə“LG” markalı telefizoru almış, lakin nisyə alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyi tam icra etməmiş, müqavilə üzrə cəmi 95 manat məbləğində ödəniş etmiş, qalan məbləği müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Baba-X1 Tofiq Adil oğlu ilə birlikdə İddiaçı qarşısında birgə məsuliyyət daşıyır. Belə ki, xx xxxx 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Baba-X1 Tofiq Adil oğlunun öhdəliklərinin yerinə yetirilməsinə görə İddiaçı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Baba-X3 müştərək qaydada 1045 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Baba-X3 xx xxxx 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1045 (bir min qırx beş) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar