Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2600/2021 09.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və cavabdeh Cavabdeh3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 hüquqi varisləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mərhum Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1257 (bir min iki yüz əlli yeddi) manat kredit borcunun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək göstərdi ki, iddiaçı "xxxx" ASC-nin “Şəmkir” filialı ilə Cavabdeh1 arasında bağlanmış 22.10.2019-cu il tarixli, BPM**********73 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 23 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 1700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu Cavabdeh1 04.03.2019-cu il tarixdə vəfat etmişdir. X3 rayonu 1 saylı notariat ofisinin 09.04.2021-ci il tarixli 354 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, mərhum Cavabdeh1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş 10.06.2021-ci il tarixli, 359 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 vəfat etdiyi tarixə banka ödənilməmiş 1257 manat əsas borcu qalmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mərhum Cavabdeh1 qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasında Cavabdeh1 hüquqi varisi Cavabdeh3 izahatında göstərdi ki, Cavabdeh1 ölməmişdən qabaq "xxxx"ndan kredit götürmüşdür. Cavabdeh1 öldükdən sonra 18.06.2021-ci il tarixdə 50 manat, 17.07.2021-ci il tarixdə 50 manat, 05.08.2021-ci il tarixdə isə 57 manat ödəniş etmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 22.10.2019-cu il tarixli, BPM**********73 nömrəli müqavilədən görünür ki, "xxxx"ASC-in Şəmkir filialı ilə mərhum Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 istehlak məqsədi üçün 23 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 1700 manat məbləğində kredit verilmişdir; 359 nömrəli maliyyə arayışından görünür ki, BPM**********73 nömrəli, 22.10.2019cu il tarixli müqavilə üzrə 1257 (bir min iki yüz əlli yeddi) manat borc vardır. AZ-İİ 082431 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 04.03.2020-ci il tarixdə ölmüşdür. Şəmkir rayonu 1 saylı notariat ofisinin 09.04.2021-ci il tarixli 354 nömrəli məktubundan görünür ki, mərhum Cavabdeh1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir 06.05.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 hüquqi varisləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 borcu könüllü ödəmələri barədə xəbərdarlıq edilmişdir. 17517, 20604, 22586 nömrəli qəbzlərdən görünür ki, Cavabdeh1 qızının adından "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 18.06.2021-ci il tarixdə 50 manat, 17.07.2021-ci il tarixdə 50 manat, 05.08.2021-ci il tarixdə isə 57 manat ödəniş olunmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər 1257 (bir min iki yüz əlli yeddi) manat məbləğində kredit borcundan 157 manat ödəniş etdiyindən 1100 (bir min bir yüz) manat pul cavabdehlər Cavabdeh2dan, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" ASC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1100 (bir min bir yüz) manat məbləğində kredit borcu, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2600/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2600/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver