Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2604/2021 05.07.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı «X1» ASC-in Cavabdeh1 və digərlərinə qarşı kreditin,kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı «X1» ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 8259,86 manat əsas, 18,4 manat faiz, cəmi 8278,26 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı 30 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş Gəncə şəhəri, İ.Cəfərov küçəsi, ev 9, 67 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 28000 manat olmaqla hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına Banka olan borcun ödənilməsi və əmlak satıldıqdan sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tutduğu yaşayış sahəsindən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göründüyü kimi iddia tələbi ipoteka ilə təmin edilmiş borc öhdəliyinin icra edilməməsindən irəli gəlir. «X1» ASC ilə Cavabdeh1 arasında 20.11.2019-cu il tarixli 1394micKPZ/19-EM saylı kredit müqaviləsi, və həmin müqavilə üzrə öhdəliyin icrasının təmin edilməsi üçün tərəflər arasında 20.11.2019-cu il tarixli 3M-1024 saylı ipoteka müqaviləsi bağlanmışdır. 19.05.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə cavabdehə bildiriş göndərilmiş və 02.06.2021-ci il tarixdə həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə ərazi idarəsində qeydə alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Həmin Qanunun 38.1-ci maddəsinə əsasən bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Göründüyü kimi qanunvericilikdə ipoteka predmetinə tutmanın yönəldilməsi bildirişin verilməsi, qeydə alınması, və bildiriş alındıqdan sonra 21 gün ərzində tutmanın yönəldilməsindən məhkəməyə şikayət edilmədikdə notairusun icra qeydinin verilməsi prosedurlarından ibarətdir. Qanunvericilikdə bu qaydanın istisnası və ya ipoteka saxlayanın hər hansı seçim hüququ, o cümlədən ipoteka saxlayanın müraciəti əsasında məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası müəyyən edilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi yalnız İpoteka haqqında Qanunun 37.1-ci maddəsində göstərilmiş şəxslər tərəfindən məhkəmədə mübahisə edilə bilər. Buna görə də hazırkı iddia ərizəsi məhkəmə tərəfindən icraata qəbul edilə və baxıla bilməz. İddiaçıya izah olunur ki, İpoteka haqqında Qanunun 36-38-ci maddələri ilə nəzərdə tutulmuş qaydalara riayət etməklə ipoteka predmetinə tutmanın yönəldilməsi məqsədilə icra qeydinin verilməsi üçün müvafiq notariusa müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, göstərilənləri nəzərə alaraq hesab edirəm ki, iddiaçı «X1» ASC-nin Cavabdeh1 və digərlərinə qarşı kreditin,kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı «X1» ASC-nin Cavabdeh1 və digərlərinə qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2604/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2604/2021
05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver