Məhkəmə qərarları › İş №2(043)-261/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-261/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-261/2022 17.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi İmanov Zaman Şakir oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul» tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən 12.05.2020-ci il tarixli müqavilə üzrə 618,8 manat ödənilməmiş hissə, 61,2 manat dəbbə pulu, 06.07.2020-ci il tarixli müqavilə üzrə 753,4 manat ödənilməmiş hissə, 75,6 manat dəbbə pulu olmaqla ümumilikdə 1509 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35,09 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdehin bağladığı 12.05.2020-ci il tarixli müqaviləyə əsasən sonuncunun alqı-satqı qiyməti 1214,8 manat (18 ay x 64,6 manat+52 manat ilkin ödəniş), “Samsung” markalı LED televizor, “Sonorous Surefix” markalı asqı üçün 618,8 manat ödənilməmiş hissə, 61,2 manat cərimə borcu vardır "xxxx" MMC-nin cavabdehlə bağlanmış 06.07.2020-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1356,4 manat (18 ay x 69,8 manat + 100 manat ilkin ödəniş) İMEİ kodu **********98136 olan “İphone 7” markalı telefon üçün 753,4 manat ödənilməmiş hissə, 75,6 manat cərimə borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 1199 manat təşkil edir. Tərəflər arasında tərtib olunmuş müqavilələrin əlavələrinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 12.05.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1214,8 manat, “Samsung” markalı LED televizor, “Sonorous Surefix” markalı asqını nisyə qaydada ilkin ödəniş olaraq 52 manat ödəməklə almış, malın qiymətini ayda 64,6 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 06.07.2020-ci il tarixli müqavilədən görünür ki, cavabdeh iddiaçıdan qiyməti 1356,4 manat olan İMEİ kodu **********98136 olan “İphone 7” markalı telefonu ilkin 100 manat ödəmək şərti ilə almış, malın qiymətini ayda 69,8 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavəsinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, alıcı müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 12.05.2020ci il tarixli müqavilə üzrə əsas məbləğdən 596 manat ödəmiş, 618,8 manat borcu qalmışdır. Ödənişlərin 240 gün gecikdirilməsinə görə 61,2 manat cərimə hesablanmışdır. 06.07.2020-cu il tarixli müqavilə üzrə əsas məbləğdən 603 manat ödəmiş, 753,4 manat borcu qalmışdır. Ödənişlərin 240 gün gecikdirilməsinə görə 75,6 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyini tam icra etmədiyindən iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanın qiymətinin qalan hissəsinin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMC-nin xeyrinə cavabdehdən iki müqavilə üzrə 1372,2 manat ödənilməmiş hissə, 136,8 manat dəbbə pulu olmaqla, cəmi 1509 manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 132.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 35,09 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 132.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 12.05.2020-ci il tarixli müqavilə üzrə 618,8 manat ödənilməmiş hissə, 61,2 manat dəbbə pulu, 06.07.2020-ci il tarixli müqavilə üzrə 753,4 manat ödənilməmiş hissə, 75,6 manat dəbbə pulu olmaqla ümumilikdə 1509 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35,09 manat olmaqla, cəmi 1544,09 (bir min beş yüz qırx dörd manat doqquz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar