Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2662/2021 25.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, 25.08.2019-cu il tarixli müqavilə üzrə 1200 manat ödənilməmiş məbləğ, 360 manat cərimə, 16.12.2019-cu il tarixli müqavilə üzrə 1920 manat ödənilməmiş məbləğ, 540 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 4020 (dörd min iyirmi) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, tərəflər arasında bağlanmış 25.08.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə Samsung Led markalı televizor və 16.12.2019-cu il tarixli müqavilə üzrə Samsung markalı soyuducu, və soyuducu üçün qoxuhəbsedici Magic power satmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş 25.08.2019-cu il tarixli müqavilə üzrə 1200 manat ödənilməmiş məbləğ 360 manat cərimə, 16.12.2019-cu il tarixli müqavilə üzrə 1920 manat ödənilməmiş məbləğ 540 manat cərimə olmaqla, hər iki müqavilə üzrə, cəmi 4020 (dörd min iyirmi) manat borcu yaranmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 25.08.2019-cu il tarixli, 00867543 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən hər ay 100 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə Samsung Led markalı televizor almışdır. 16.12.2019-cu il tarixli, 01129791 nömrəli müqavilədən görünür ki, cavabdeh "xxxx" MMC-dən hər ay 120 manat olmaqla 18 ay müddətinə hissə-hissə ödəmək şərti ilə Samsung markalı soyuducu və soyuducu üçün qoxuhəbsedici Magic power almışdır. 18.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya 25.08.2019-cu il tarixli, 00867543 nömrəli müqavilə üzrə 1200 manat ödənilməmiş məbləğ 360 manat cərimə, 16.12.2019-cu il tarixli, 01129791 nömrəli müqavilə üzrə 1920 manat ödənilməmiş məbləğ 540 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 4020 (dörd min iyirmi) manat borcu qalmışdır. 07.05.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 25.08.2019-cu il tarixli, 00867543 nömrəli müqavilə üzrə tutulmalı olan 360 manat cərimə məbləği azaldılaraq 60 manat, 16.12.2019-cu il tarixli, 01129791 nömrəli müqavilə üzrə tutulmalı olan 540 manat cərimə məbləği azaldılaraq 40 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdeh müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda 25.08.2019-cu il tarixli, 00867543 nömrəli müqavilə üzrə 1200 manat ödənilməmiş məbləğ 60 manat cərimə, 16.12.2019-cu il tarixli 01129791 nömrəli müqavilə üzrə 1920 manat ödənilməmiş məbləğ 40 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 3220 (üç min iki yüz iyirmi) manat borc cavabdehdən alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 25.08.2019-cu il tarixli, 00867543 nömrəli müqavilə üzrə 1200 manat ödənilməmiş məbləğ 60 manat cərimə, 16.12.2019-cu il tarixli, 01129791 nömrəli müqavilə üzrə 1920 manat ödənilməmiş məbləğ 40 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 3220 (üç min iki yüz iyirmi) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2662/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2662/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver