Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2670/2020 03.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4430/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan xx.xx.2006-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh müəyyən edilmiş hər ay 120 manat sabit pul məbləğində olan alimentin miqdarının artırılıb 170 manat aliment tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4430/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh qarşı “aliment tələbinə dair” iddia tələbi qismən təmin edilərək, birgə nikahdan xx xxxxxx 2006-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan X2 ödənilən hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment azlıq təşkil edir və uşağın yaşayışının minimum səviyyəsini ödəmir. Həm də Cavabdeh gəlirlərini gizlədir. Odur ki, istəyir ki, sabit pul məbləğində alimentin miqdarı artırılsın ki, uşağın yaşayışının minimum səviyyəsi ödənilsin. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini və hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, xx xxxxxx 2006-cı ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğini artıraraq 140 manat olmasına etiraz etmir. Onun maddi imkanı yüksək deyildir, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş AZ-İ seriyalı, 736364 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin faktiki nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X3 doğulmuşdur. Həmin şəhadətnamədə Cavabdeh uşağın atası, İddiaçı isə uşağın anası kimi qeyd olunmuşdur. İddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 4430/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-4430/2018 nömrəli, xx.xx.2018-ci tarixli qətnaməsi ilə X1 yetkinlik yaşına çatanadək hər ay 120 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh təyin edilmiş aliment pulunu iddiaçının xeyrinə ödəyir. Lakin, həmin vaxtdan uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 120 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2020-cu il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 120 manat məbləğində aliment xx.xx.2018-ci il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən iki ilə yaxın vaxt keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatları və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4430/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay 120 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad olunurlar. Həmin Qanunun 8.1.1-ci maddəsinin tələbinə görə iddianın qiyməti 500 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli artırılmış hissədə 30 manat sabit pul məbləğində alimentin bir il ərzində məcmusu 360 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən Cavabdeh 20,0 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-4430/2018 nömrəli, xx.xx.2018ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Alimentin artırılmış hissədə tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 20,0 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X7 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-2670/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2670/2020
03.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver