Məhkəmə qərarları › İş №2(043)-2672/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2672/2020

03.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2672/2020 03.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia qaldıraraq, cavabdehdən himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay hər uşağa 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdular. Cavabdehlə birgə nikahlarından 2 övladları xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X3 anadan olmuşdur. Hazırda uşaqlar onun himayəsindədir. Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, qətnaməsinə əsasən Cavabdeh ilə aralarında olan nikahları pozulmuş və nikahdan doğulmuş uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər bir uşağa görə sabit pul məbləğində 90 manat cəmi 180 manat alimetin tutlması qət olunmuşdur. Hazırda cavabdehin uşaqların saxlaması üçün ödədiyi alimentin məbləği uşaqlarını saxlamağına imkan vermir və həddən artıq azdır. Cavabdehdən tutulan aliment 2014-cü il tarixdən müəyyən edilmiş və həmin ildən uşaqları böyümüş və tələbatları artmış, o cümlədən bugünkü bazar qiymətləri ilə 2014-cü il tarixdə olan bazar qiymətləri arasında da əhəmiyyətli dərəcədə fərq yarandığından uşaqlarının tələbatlarını tam təmin etməyi çox çətinləşmişdir. Hər uşağın yaşaması üçün Azərbaycan Respublikasının prezidenti tərəfindən ehtiyac meyarı müəyyən olunmuşdur. Həmin meyar mütəmadi olaraq uşaqların maraq və mənafeləri nəzərə alınaraq artırılır. Hazırda dövlət tərəfindən bir uşağın yaşayış minimumu 170 manat müəyyən edilmişdir ki, bu da bazar dəyərləri ilə minimum səviyyədə hesablanmışdır. Cavabdeh özü fərdi əməklə məşğul olur və kifayət qədər qazanc əldə edir. Ancaq övladlarının saxlanmasına biganə yanaşır, o isə tək ana olaraq iki oğlan övladının saxlanmasında maddi çətinlik çəkir. Ona görə də, alimentin artırılması üçün bir daha məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği olduqca çox azdır. O uşaqların qida və digər tələbatlarının ödənilməsində çox çətinlik çəkir. Uşaqlar məktəbə gedirlər, tələbatları getdikcə artır. Cavabdehin uşaqların saxlanması üçün maddi imkanı yetərlidir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 2585/2014 nömrəli, xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2008-ci ildə 94 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında qalması, xx.xx.2014-cü ildən başlayaraq, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə pozulmuşdur, nikah pozulduqdan sonra kişiyə Bayramov, qadına Bayramova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2009-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-cu il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2585/2014 nömrəli, xx xxxxxx 2014-cü il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minumumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləği ilə 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq tələbin təmin edilmiş hissəsinə mütənasib surətdə 20 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2585/2014 nömrəli, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılsın. xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləği ilə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar