Məhkəmə qərarları › İş №2(043)-268/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-268/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-268/2021 25.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “Gala-Deco” qonaq dəsti üçün 2133 (iki min yüz otuz üç) ödənilməmiş hissə, 648 (altı yüz qırx səkkiz) manat dəbbə pulu, ümumilikdə 2781 (iki min yeddi yüz səksən bir) manat borc, 30 manat dövlət rüsumu, cəmi 2811 (iki səkkiz yüz on bir) manat Cavabdeh alınaraq, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh «xxxx» MMC ilə xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən “Gala-Deco” qonaq dəsti almış və nəticədə 2781 (iki min yeddi səksən bir) manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh alqı-satqı qiyməti 3240 (üç min iki yüz qırx) manat (24 ay x 135 manat + 0 manat ilkin ödəniş) olan “Gala-Deco” qonaq dəsti üçün ümumilikdə 2781 (iki min yeddi səksən bir) olmaqla, ondan 2133 (iki min yüz otuz üç) ödənilməmiş hissə, 648 (altı yüz qırx səkkiz) manat dəbbə pulu borc yaranmışdır. Cavabdeh xx.xx.2017-ci il tarixdə aldığı “Hoffmann Neo A100” markalı telefonun borc öhdəliyini yerinə yetirmişdir. Cavabdehin cəmi ödədiyi məbləğ 1107 manat təşkil edir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Buna görə də iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında «xxxx» MMC-nin nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə edilmiş, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, cavabdeh «xxxx» MMC-dən müqaviləyə əsasən “Gala-Deco” qonaq dəsti almış və aylıq 135 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, 1107 (bir min yüz yeddi) manat ödəniş etmiş, əsas borc üzrə 2133 (iki min yüz otuz üç) manat borcu qalmış, həmin borca 648 (altı yüz qırx səkkiz) manat dəbbə pulu hesablanmaqla ümumilikdə 2781 (iki min yeddi səksən bir) manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubdan görünür ki, müqavilələr üzrə yaranmış borc məbləği könüllü olaraq ödənilmədiyi təqdirdə iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin «xxxx» MMC ilə xx.xx.2017-ci il tarixli müqaviləsinə əsasən “Gala-Deco” qonaq dəstini 3240 manata almış, həmin məbləğdən 1107 (bir min yüz yeddi) manat ödəniş etmiş, üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmiş və nəticədə onun «xxxx» MMC-nə 2133 (iki min yüz otuz üç) manat əsas borcu qalmış, qalıq borca 648 (altı yüz qırx səkkiz) manat dəbbə pulu hesbalanmışdır. Məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan dəbbə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 648 (altı yüz qırx səkkiz) manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda, qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu səbəbdən də, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, nisyə alqı-satqı müqavilələri üzrə 2133 (iki min yüz otuz üç) manat ödənilməmiş əsas borc, 200 (iki yüz) manat dəbbə pulu olmaqla, cəmi 2333 (iki min üç yüz otuz üç) manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, «xxxx» MMC-yə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2133 manat ödənilməmiş əsas borc, 200 manat dəbbə pulu, 30 (otuz) manat məhkəmə xərci qismində dövlət rüsumu olmaqla, ümumilikdə 2363 (iki min üç yüz altmış üç) manat pul tutularaq iddiaçı «xxxx» MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar