Məhkəmə qərarları › İş №2(043)-2690/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2690/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2690/2020 28.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Hacıyeva Günel Bayram qızının katibliyi, iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİ: «xxxxxxxxxxx» MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İMEİ kodu **********51395 olan «Samsung J3» markalı telefon üçün 196 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, ümumilikdə 216 manat borc, İMEİ kodu **********45605 olan “Samsung Galaxy A7” markalı telefon üçün 608 manat ödənilməmiş hissə, 61 manat cərimə olmaqla, cəmi 669 manat borc, ümumilikdə 885 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 915 manatın Cavabdeh alınaraq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********51395 olan «Samsung J3» və İMEİ kodu **********45605 olan “Samsung Galaxy A7” markalı telefonlar almış və ümumilikdə 885 manat borcu yaranmışdır. Belə ki, cavabdehin qeyd olunan müqavilələrin şərtlərini pozması nəticəsində xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 468 manat, İMEİ kodu **********51395 olan «Samsung J3»markalı telefon üçün 196 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, cəmi 216 manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 930 manat olan “Samsung Galaxy A7” markalı telefon üçün 608 manat ödənilməmiş hissə, 61 manat cərimə olmaqla, cəmi 669 manat borc yaranmışdır. Müqavilələr üzrə cavabdehin cəmi ödədiyi məbləğ isə 594 manatdır. Qeyd olunanlara əsasən hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh izahat verib iddianı etiraf etdiyini, lakin maddi imkanı olmadığından banka olan borcunu hissə-hissə ödəməyə vaxt verilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Beləki, işmateriallarınaəlavəedilmiş: «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, satıcı alıcıya «Samsung J3» markalı telefon üçün cəmi 216 manata dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 12 ay ərzində hər ay 39 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. «xxxxxxxxxxx» MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, satıcı alıcıya «Samsung A7» markalı telefon üçün cəmi 669 manata dəyərini hissə-hissə ödəmə şərti ilə satmışdır. Alıcı aldığı malın dəyərini müqavilədə göstərilən ödəmə tarixində şərtsiz ödəyəcəyi və ödəmənin hər gecikdiyi gün üçün ümumi məbləğin 1%-i miqdarında cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh həmin müqavilə üzrə 12 ay ərzində hər ay 65 manat ödəniş etmək öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxxxxxxxxx” MMC-yə olan borcu aşağıdaki kimidir: xx.xx.2018-ci il tarixli müqavilə üzrə 196 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, cəmi 216 manat; xx.xx.2019-cu il tarixli müqavilə üzrə 608 manat ödənilməmiş hissə, 61 manat cərimə olmaqla, cəmi 669 manat; Beləliklə, cəmi 885 manat borc. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış müqavilədən yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425 və 427-ci maddələrinin və yuxarıda qeyd olunan maddələrinin tələbinə görə onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 216 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 669 manat məbləğində əsas borc cavabdehdən alınaraq iddiaçıya ödənilməldir. Həmçinin, tərəflər arasında bağlanmış müqavilələrin 2-ci bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Yuxarıda qeyd olunan cədvəldən görünür ki, cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə ona xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 61 manat məbləğində cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Odur ki, hesablanmış cərimə borcları cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə də, göstərilənləri nəzərə alıb və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutub QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı «xxxxxxxxxxx» MMC-nin xeyrinə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 196 manat ödənilməmiş hissə, 20 manat cərimə olmaqla, cəmi 216 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 608 manat ödənilməmiş hissə, 61 manat cərimə olmaqla, cəmi 669 manat, ümumilikdə, 885 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 915 (doqquz yüz on beş) manat məbləğində pul tutulsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar