Məhkəmə qərarları › İş №2(043)-2694/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2694/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2694/2021 16.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Misir oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı Misir oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən saxlamaq üçün verdiyi 7000 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Misir oğlu iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 ilə 2006-cı ildə nikahlarını qeyd etdirməklə evlənmişlər. Birgə yaşadıqları dövrdə Mədinə və Şirin adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri baş tutmadığından nikahları 2012-ci ildə pozulmuş, uşaqlarının saxlanması üçün ondan aliment tutularaq cavabdehin xeyrinə ödənilir. 2019-cu ilin qış aylarında Cavabdeh1 ilə barışıb bir ailə kimi onun yaşadığı evdə yaşamaqda davam etmişdir. 2002-ci ildə atası Hacıyev Misirə məxsus olan ünvan 1 ünvanda yerləşən mənzili 35 min manata satıb, qardaşı Hacıyev Mayılın payına düşən 7 min manatı qardaşı Mayıla vermişlər, qalan 28 min manata 3 bacısına və ona Cavadxan qəsəbəsində bacısı Pərvanənin adına məhlə almışlar. 2019-cu ildə bacısı Pərvanə ona 7000 manat pul vermiş, bununla da həmin məhlədən heç bir iddiası qalmamışdır. O, həmin 7000 manatın 100 manatını borclarına vermiş qalan 6900 manatını cavabdeh qaynı Cavabdeh2 vermişdir ki, saxlasın onlar ailəsi üçün torpaq sahəsi alsınlar. Torpaq almaq üçün Gəncə şəhəri Avtozavod qəsəbəsi ərazisində 2020-ci ilin təxminən sentyabr ayında 7000 manata torpaq sahəsi tapmışlar. Sonradan həmin torpaq sahəsini ondan xəbərsiz cavabdehlər onun pulu ilə alaraq Ülviyyənin adına rəsmiləşdirmişlər. Torpaq sahəsi alınandan sonra onu evdən qovmaq üçün Cavabdeh1 evdə şərt qoymuşdur ki, o, hər gün evə qazanc gətirməlidir. Bu səbəbdən də mart ayının axırlarında, cavabdehlərdən Cavabdeh1 onu evdən qovmuşdur. Cavabdeh1 torpaq almaq üçün saxlamaqdan ötrü onun Cavabdeh2 verdiyi 6900 manat pulu qaytarmalıdır. Cavabdehlər pulu ona verməkdən imtina edirlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının iddia tələbi qeyri qanuni və əsassızdır. Belə ki, iddiaçı ilə 2006-ci il tarixdə evlənmişlər. Birgə nikahdan iki övladları anadan olmuşdur. İddiaçı ailəsinə biganə yanaşmış, evə qazanc gətirməmişdir. Bununla bağlı aralarında həmişə narazılıq yaranmışdır. 2012-ci ildə nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra bir yerdə yaşamışlar. İddiaçının atasına məxsus ev satılmış və ondan iddiaçıya 7000 (yeddi min) manat pul düşmüşdür. İddiaçı həmin pulla torpaq sahəsini alıb ev tikdirməklərini və ailələrinin bərpa olmasını təklif etmişdir. Bu məqsədlə həmin puldan 6900 manat pulu atasına vermişlər atası öləndən sonra torpaq sahəsi almışdır. İddiaçı hal-hazırda alimenti ödəmir. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı onun bacısının əri olmuşdur. Onların nikahları pozulduqdan sonra iddiaçı barışıb ailəsinin bərpası üçün 7000 (yeddi min) pulu Ülviyəyə vermiş sonuncu isə torpaq almaq məqsədi ilə həmin pulu atasına vermişdir. Atası öləndən sonra iddiaçı biznes qurmaq məqsədi ilə pulu geri tələb etmiş, Ülviyə isə həmin pula torpaq almışdır. Həmin pulun ona heç bir aidiyəti olmadığından iddia tələbinin ona münasibətdə təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İ 130932 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Hacıyeva (İsmayılova) Ülviyyə Nazim qızı arasında olan nikah 02.02.2012-ci il tarixdə ləğv edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh Hacıyeva (İsmayılova) Ülviyyə Nazim qızı 2006-cı ildə ailə qurmuşlar, ailə münasibətləri baş tutmadığından 2012-ci ildə nikahları pozulmuşdur. Nikaşları pozulduqdan sonra tərəflər barışaraq bir müddət bir yerdə yaşamışlar. İddiaçının atasına məxsus evin satışından əldə olunmuş vəsait hesabına iddiaçıya düşən payın əvəzi olaraq ona 7000 manat pul verilmişdir. Tərəflər ailələrinin bərpa olunaraq bir yerdə yaşamaları üçün iddiaçı torpq sahəsi alıb ev tikmək məqsədi ilə özünə məxsus 6900 manat pulu cavabdehlərdən Ülviyyəyə vermiş sonuncu isə torpaq sahəsi alaraq mülkiyət hüququ üzrə öz adına qeydə aldırmışdır. Ailələrinin bərpası mümkün olmadığından iddiaçı məhkəməyə müraciət edərək cavabdehə verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında olan nikah pozulduqdan sonra iddiaçı ailələrinin bərpa olunmasına cəhd edərək torpaq sahəsi alıb ev tikmək məqsədi ilə ata mülkündən ona çatası payın əvəzi olaraq 6900 manat pulu cavabdehlərdən Cavabdeh1 vermiş, sonuncu isə həmin pulun müqabilində aldığa torpaq sahəsini mülkyyət hüququ üzrə öz adına qeydə aldırdıqdan sonra ailədə yenidən ziddiyət yarandığı üçün bir ailədə yaşamaları mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib iş üzrə əhəmiyyətli olan halları araşdıraraq tətbiq olunmalı hüquq normaları baxımından qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Göründü kimi tərəflər arasında ailə hüquq münasibətləri olmamış, iddiaçı yalnız yenidən ailələrinin bərpası üçün qeyd olunan məbləğdə pulu cavabdehə vermiş lakin iddiaçının cəhdi baş tutmadığı üçün verdiyi pulu geri tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. İddia tələbinin Cavabdeh2 münasibətdə məhkəmə hesab edir ki, iddiaçı pulun N.İsmayılova verməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı həmin hallar sübut olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 6900 (altı min doqquz yüz) manat pul Cavabdeh1 alınaraq İddiaçı Misir oğluna ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh1 6900 (altı min doqquz yüz) manat pul alınaraq İddiaçı Misir oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) aymüddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar