Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2701/2021 20.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 505 (beş yüz beş) manat ödənilməmiş məbləğin, 100 (bir yüz) manat dəbbə pulunun və 30 (otuz) manat məhkəmə xərcinin alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, ona məxsus olan Gəncə şəhəri Ş.İ.Xətai küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Xoşbəxtlik”(Xəmsə Elektroniks) mebel mağazasında mebel və digər avadanlıqların satışı ilə məşğul olur. Malların satışını həm nəğd, həm də kredit yolu ilə həyata keçirir.Cavabdeh1 23 mart 2020-ci il tarixdə mağazaya gələrək, dəyəri 240 manat olan, açılmayan stolu 12 ay müddətinə hər ay 20 manat ödəmək şərti ilə «Nisyə alqı-satqı» müqaviləsi əsasında almışdır. Cədvəl üzrə vaxtı-vaxtında 7 ay ödəniş etmiş və mağazanın etibarını qazanmışdır. Bundan sonra 14 iyul 2020-cı il tarixdə Cavabdeh1 yenidən mağazaya gələrək cəmi dəyəri 540 manat olan bir ədəd “Redmi-9” markalı mobil telefonu 12 ay müddətinə hər ay 45 manat ödəmək şərti ilə anası digər Cavabdeh2 zamin qoyaraq, mağaza ilə yenidən “ Nisyə alqı-satq “ müqaviləsi bağlamışdır. Cavabdeh1 həmin mala görə 3 ay ödəniş etmiş və sonradan ödəniş etməmişdir Hazırda onun mağazaya telefona görə 405 manat borcu qalmaqdadır. Ümumilikdə cavabdehin bu günə kimi mağazaya 505 (beş yüz beş) manat borcu vardır. Cavabdeh1 ilə dəfələrlə əlaqə yaradılsa da,o buna məhəl belə qoymamış, ödənişi başa çatdırmaqdan yayınmışdır. Ötən müddət ərzində cavabdehə xəbərdarlıq məktubu da göndərilmişdir. Lakin bunun da heç bir müsbət nəticəsi olmamışdır. Cavabdehin borcu ödəmək fikri belə yoxdur. Hazırda əlaqə saxlamaqdan yayınır. Cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş və belə bir fikri də yoxdur. Könüllü borcunu mağazaya ödəmək istəmir. Beləliklə də cavabdehin hərəkətləri nəticəsində mağazaya xeyli miqdarda ziyan dəymiş yəni malların pulu mağazanın dövriyyəsinə daxil olmamışdır.Hazırda da, cavabdeh mağazaya ziyan vurmaqda davam edir. Buna görə də cavabdehdən mağazaya vurduğu ziyana görə də 100 manat dəbbə pulu tələb edir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq qediyyatda olduqları ünvanda yaşamadıqları üçün bildirişin onlara təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 23.03.2020-ci il tarixli, 86 nömrəli müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı 240 manat olan bir ədəd açılmayan stolu 12 ay müddətinə hər ay 20 manat ödəmək şərti ilə almışdır. 23.03.2020-ci il tarixli 86 nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilənin təmini üsulu kimi Cavabdeh2 satıcı qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 14.07.2020-ci il tarixli, 50 nömrəli müqavilədən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı 540 manat olan bir ədəd “Redmi-9” markalı mobil telefonu 12 ay müddətinə hər ay 45 manat ödəmək şərti ilə almışdır. 14.07.2020-ci il tarixli 50 nömrəli zaminlik müqaviləsindən görünür ki, müqavilənin təmini üsulu kimi Cavabdeh2 satıcı qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Xəbərdardıqdan görünür ki, cavabdehlərə borcun ödənilməsi barədə xəbərdarlıq etmişdir; Məhkəmə iddiaçının izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutlmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir; MM-in 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; MM-in 601-ci maddəsinin tələbinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər, hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmək şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; MM-in 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərək əti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş nisyə alqı satqı müqaviləsi bağlanmş, tərərlər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdelər aldıqları malın dəyərini hissə-hissə ödəməyi öhdələrinə götürsələr də müqavilənin şərtlərini pozaraq öhdəliyi yerinə yetirməmişlər. Borcun borclu Cavabdeh1 və zamin Cavabdeh2 qızından müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə borclu və zamin iddiaçı qarşısında eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, cavabdehlər müqavilə üzrə öhdəliyi vaxtında icra etmədiyi üçün borcu yaranmışdır. Belə olan halda 23.03.2020-ci il tarixli, 86 nömrəli müqavilə üzrə 100 manat və 14.07.2020-ci il tarixli 50 nömrəli nisyə alqısatqı müqavilələrinə əsasən 405 manat olmaqla, cəmi 505 (beş yüz beş) manat öənilməmiş məbləğ, 100 (bir yüz) manat cərimə olmaqla cəmi, 605 (altı yüz beş) manat pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 23.03.2020-ci il tarixli, 86 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 100 manat və 14.07.2020-ci il tarixli 50 nömrəli nisyə alqı satqı müqaviləsi üzrə 405 manat olmaqla, cəmi 505 (beş yüz beş) manat əsas məbləğ, 100 (bir yüz) manat cərimə olmaqla cəmi, 605 (altı yüz beş) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-2701/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2701/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver