Məhkəmə qərarları › İş №2(043)-2706/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-2706/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-2706/2021 16.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı QSC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 arasında bağlanmış 05.11.2019-cu il tarixli 006R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-in xeyrinə 05.11.2019-cu il tarixli 006R********** saylı kredit razılaşması üzrə 21468,32 manat məbləğində kredit borcu, 3438,81 manat məbləğində faiz borcu və 5712,85 manat məbləğində cərimə olmaqla ümumilikdə 31605 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 184-cü maddəsinin göstərişinə uyğun işin və mübahisənin vəziyyəti müzakirə edilib bütün sübutların təqdim edilib edilməməsi aydınlaşdırılarkən müəyyən olundu ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borcalan Cavabdeh1 vergi ödəyicisi olmaqla fərdi sahibkardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 işin məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsinə etirazı olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 24.2ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 31.1 -ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə görə mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsinə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalı olduğu üçün mülki iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin qərarın 20-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Şərh olunanlara əsasən və MPM-in 24,32,34, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı QSC-in cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair 2(043)-2706/2021 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar