Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-271/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ümumilikdə 465 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 485 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “xxxx” MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********49478 Samsung Galaxy A40 markalı telefon almış, nəticədə 465 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 628 manat olan (12 ay x 47 manat + 64 manat ilkin ödəniş) Samsung Galaxy A40 markalı telefon üçün 465 manat olmaqla, ondan 423 manat ödənilməmiş hissə, 42 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 205 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh telefonu aldıqdan sonra öz təqsiri üzündən telefon suya düşmüş və sonra cavabdeh telefonun düzəldilməsi üçün servisə müraciət etmişdir. Lakin, sonradan cavabdeh telefonun təmirindən imtina etmişdir. Hal-hazırda alqısatqı predmeti olan telefon cavabdehin özündədir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, xx.xx.2019 tarixdən Kontakt Home mağazasından kredit şərtləri ilə özünə qızıl zəmanətlə mobil cihazı almışdır. 15 gün keçmədən telefon suya düşdüyündən, servisə müraciət etmişdir. Telefonu 14 gün təmir adı ilə alıb saxlamışlar ki, Bakıya təmirə göndərilir. 14 gün keçdikdən sonra o telefonu almağa getdikdə, onların təqdim etdiyi bir kağıza oxumadan, inanaraq qol çəkmişdir ki, əsas telefon düzəlib götürsün getsin. Hətta telefonu tam olaraq yoxlamaq mümkün olmamışdır. Evdə telefonu istifadə edərkən görmüşdür ki, işləmir qulaqlıq yeri və öz özünə sönür. Qol çəkib götürdüyü kağızda servis xidmətinin Müdürünün əlaqə nömrəsinə zəng edib bildirdirmişdir ki, telefon çalışmır, dedilər yenidən getir baxılsın və o yenidən razılaşıb telefonu 14 gün yenidən servisə tehvil vermişdir. 14 gün keçdikdən sonra cihaz yeniden çalışmamışdır. Sonradan ona məlum olmuşdur ki, kağıza aşkar olunan qüsur istehsalçı tərəfinden deyil, müştəri təmirdən imtina etdi yazılıb. Bu bir yalandır və sonra 3 dəfə də işdən gücdən olub bir daha servislərinə üz tutmuşdur. Hətta 205 manat da pul ödəmişdir və sonuna qədərdə ödəməyə hazır idi ancaq zərrə qədər də köməklik edən olmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlmədiyindən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli № 00954829 nömrəli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMCdən alqı-satqı qiyməti 628 manat olan məhsul (Samsung Galaxy A40 markalı telefon) üçün 64 manat ilkin ödəniş etməklə, qalan məbləği 12 ay müddətinə hər ay 47 manat ödəmək şərtilə almışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuşdur ki, alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 (bir) faizi həcmində penya ödəyir. İş materiallarında olan Maliyyə Ödəniş Cədvəlinə əsasən Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə cavabdeh cəmi 205 manat ödəniş etmiş, onun hal-hazırda 465 manat (423 manat əsas borc və 42 manat cərimə) ödənilməmiş borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixdə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında əlavə edilmiş texniki rəydən görünür ki, servisə təqdim edilən Samsung Galaxy A40 markalı telefonun ekranında cızıqlar var, öz-özünə sönür, cihazda maye izi aşkar olunmuşdur. Aşkar olunan qüsur istehsalçı deyil və müştəri təmirdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq əşyanın nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. İddiaçı (satıcı) müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan əşyanı cavabdehə (alıcı) təhvil vermişdir. Cavabdeh əşyanı aldıqdan sonra öz təqsirini üzündən əşyada qüsur əmələ gəlmiş və bununla bağlı satıcının texniki servis xidmətinə müraciət etmişdir. Əşyada olan qüsur aydınlaşdırıldıqdan sonra cavabdeh əşyanın təmirindən imtina etmişdir. Bundan sonra cavabdeh (alıcı) müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı satdığı əşyanın dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, nisyə alqı-satqı müqaviləsi üzrə 423 manat ödənilməmiş borc və 42 manat dəbbə pulu olmaqla, cəmi 465 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 423 manat əsas borc, 42 manat cərimə olmaqla, cəmi 465 (dörd yüz altmış beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat pul tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-271/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-271/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver