Məhkəmə qərarları › İş №2(043)-2716/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2716/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2716/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 119,29 ABŞ dolları əsas, 112,38 ABŞ dolları faiz, 905,35 ABŞ dolları cərimə, 19,52 ABŞ dolları əldən çıxmış fayda olmaqla cəmi 1156,54 (bir min bir yüz əlli altı ABŞ dolları 54 sent) ABŞ dolları pulun və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edib izahatında göstərdi ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında 07.08.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 19.06.2017-ci il tarixində əlavə saziş bağlanmışdır. Borcalan kreditor qarşısında kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 1674,99 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti 19.06.2018-ci il tarixədək uzadılır və əlavə saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilir. Cavabdeh kredit verilərkən Zamin ilə bank arasında 19.06.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Cavabdehlərə borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş, müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və Zamin məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün saymışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 07.08.2015-ci il tarixli, ********* saylı, kredit müqaviləsi üzrə olan 19.06.2017-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, İddiaçı ASC Cavabdeh 1 il müddətinə illik 8 faizlə 1674,99 ABŞ dolları məbləğində pulu restrukturizasiya etmişdir. , 07.08.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə olan 19.06.2017-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, Zamin İddiaçı ASC qarşısında borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh DəmirBank» ASCyə 119,29 ABŞ dolları əsas, 112,38 ABŞ dolları faiz, 905,35 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 19,52 ABŞ dolları əldən çıxmış fayda olmaqla cəmi 1156,54 (bir min bir yüz əlli altı ABŞ dolları 54 sent) ABŞ dolları kredit borcu vardır. 26.02.2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, DəmirBank» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında zaminlik müqaviləsi ilə təmin edilmiş 07 avqust 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 19.06.2017-ci il tarixdə əlavə saziş bağlanaraq 1674,99 ABŞ dolları məbləğində kredit borcu 1 il müddətinə illik 8 faizlə restrukturizasiya edilmişdir. Zamin İddiaçı ASC qarşısında borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iddia tələbinin cərimə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin ödənilməmiş əsas borcunu və faiz borcunu müqayisəli şəkildə təhlil edərək, cərimə məbləğinin həddindən artıq yüksək olmasını nəzərə alaraq hesab edir ki, tutulmalı olan 905,35 ABŞ dolları cərimə məbləği azaldılaraq 5,35 ABŞ dolları həddində müəyyən edilməlidir. Kredit borcunun borclu Cavabdeh və Zamin müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş müqavilə bağlanmış və tərəflər müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, qarşı tərəf aldığı pulu tam olaraq qaytarmayaraq öhdəliyi pozmuşdur. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 119,29 ABŞ dolları əsas, 112,38 ABŞ dolları faiz, 5,35 ABŞ dolları cərimə, 19,52 ABŞ dolları əldən çıxmış fayda olmaqla cəmi 256,54 (iki yüz əlli altı ABŞ dolları 54 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş hissəsinə nisbətdə ödənilmiş 20 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1,216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 119,29 ABŞ dolları əsas, 112,38 ABŞ dolları faiz, 5,35 ABŞ dolları cərimə, 19,52 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 256,54 (iki yüz əlli altı ABŞ dolları 54 sent) ABŞ dolları ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 20 manat tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar