Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2727/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 185,63 manat əsas; 175,69 manat faiz borcu, 1298,95 manat cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2014-cü il tarixdən, xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 66,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1726,42 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxx” İKB ASC-dən ilik 30 faizlə 18 ay müddətinə 2500 manat kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2020-ci ilədək Cavabdeh1 banka 185,63 manat əsas, 175,69 manat faiz borcu, 1298,95 manat cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2014-cü il tarixdən, xx xxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 66,15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 1726,42 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, “xxxxxx” İKB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən, borcverən tərəfindən borcalana 30 ay müddətinə, illik 30% dərəsəci ilə 2500 manat kredit verilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 185,63 manat, faiz üzrə 175,69 manat, cərimə üzrə 1298,95 manat və əldən çıxmış fayda66,15 manat hesablanmışdır. Kredit müddətinin bitmə tarixi xx.xx.2014-cü il, kreditin bitmə tarixinə faiz borcu üzrə qalıq məbləğ 34,46 manatdır. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, “xxxxxx” X1 ASC-nin hazırkı adı İddiaçı ASC-dir. İş materiallarından görünür ki, «xxxxxx» X1 ASC tərəfindən borclu Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam icra etməsi barədə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehlərə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehlərin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdehlər bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə ilk növbədə iddianın zaminlə bağlı hissəsinə qiymət verərək qeyd edir ki, Cavabdeh2 zaminliyinə müddətin keçməsinə görə xitam verildiyindən ona münasibətdə iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası müddəti 18 ay olmaqla xx xxxx 2014-cü ildə bitmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsində zaminliyin verilmə müddəti nəzərdə tutulmamışdır. İddiaçı əsas öhdəliyin icrası müddətinin bitdiyi gündən bir il ərzində zaminə qarşı iddia irəli sürməmişdir. Buna görə də iddiaçının Cavabdeh2 (zamin) qarşı tələbi təmin oluna bilməz. Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cavabdeh1 kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini isə lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı Cavabdeh1 müqavilə üzrə müəyyən edilmiş əsas borcun, faiz borcunun, cərimənin və gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 hazırda əsas borc üzrə iddiaçıya 185,63 manat borcu qalmışdır. Lakin iddiaçı kredit müqaviləsi üzrə faiz borcunu düzgün hesablamamış, əsassız olaraq kredit müddəti bitdikdən sonrakı müddət üçün Cavabdeh1 kredit müqaviləsi üzrə faizləri hesablayaraq tələb etmişdir. Belə ki, iddiaçının təqdim etdiyi maliyyə arayışından kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2014-cü il tarixə faiz borcunun qalığının 34,46 manat olduğu görünür. İddiaçı yalnız kredit müqaviləsində nəzərdə tutulmuş müddət üçün kredit müqaviləsində müəyyən edilmiş miqdarda faiz hesablamağa haqlıdır. Həmin müddət üçün isə faiz borcunun qalığı 34,46 manat olduğundan yalnız bu məbəğdə faiz borcu Cavabdeh1 tutula bilər. İddiaçı eyni zamanda Cavabdeh1 kredit borcunun gecikdirilməsinə görə illik 5 % məbləğlə hesablanan 66,15 manat gecikmə faizi tələb etmişdir. Kreditin bitmə müddətinə əsas borcun qalığı 335,63 manat olmuş, həmin müddətdən sonra müəyyən ödənişlər olunduğundan hazırda əsas borc məbləği 185,63 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Gecikdirilmiş əsas borcun məbləği və müddətinə uyğun olaraq iddiaçı tərəfindən düzgün olaraq gecikmə faizləri hesablandığından 66,15 manat gecikmə faizinin Cavabdeh1 tutulması hissəsində də iddia təmin edilməlidir. xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsinin 9-cu bəndində borclunun öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi halı üçün hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,5 faizi miqdarında dəbbə pulunu banka ödəməsi nəzərdə tutulmuşdur. İddiaçı müqavilənin həmin bəndinə əsasən cavabdehdən 1298,95 manat dəbbə pulu tələb edir. Məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tətbiq edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və 20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-230, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx xxxxxxxx 2012-ci il tarixli kredit müqaviləsi üzrə 185,63 manat əsas borc, 34,46 manat faiz borcu, 20 manat dəbbə pulu, kredit müddətinin başa çatdığı vaxtdan qalıq əsas borcun illik beş faizi hesabı ilə 66,15 manat olmaqla, cəmi 306,24 (üç yüz altı tam yüzdə iyirmi dörd) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat pul tutularaq İddiaçı X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi iləGəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2727/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2727/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver