Məhkəmə qərarları › İş №2(043)-2727/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2727/2021

06.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2727/2021 06.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia qaldıraraq, Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan 13.12.2013-cü il təvəllüdlü X1 üçün onun xeyrinə tutulan alimentin artırılaraq hər ay 220 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Rəsmi nikahdan 13.12.2013-cü il tarixdə X4 doğulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2862/2020 saylı, 21.09.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 140 manat aliment alınıb ona verilməsi qət edilmişdir. 140 manat alimentlə o, oğlunu saxlaya bilmir. Uşaq həm oxuyur, həm də hazırlığa gedir, böyüdükcə tələbatları çoxalır. Cavabdeh "xxxx" QSC-də işləyir və 800 manatdan artıq maaş alır. Buna görə də alimentin miqdarının artırılaraq 220 manat müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, əvvəllər cavabdeh hərbi qulluqçu olmuş, aliment də onun qazancının ¼ hissəsi miqdarında tutulmuşdur. Cavabdeh hərbi xidmətdən tərxis olunduqdan sonra o, məhkəməyə müraciət edərək alimentin sabit pul məbləği ilə tutulmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi ilə həmin dövrdə cavabdeh heç bir yerdə işləmədiyindən aliment sabit pul məbləği ilə 140 manat tutulmuşdur. Hazırda isə cavabdeh işləyir və faktiki əmək haqqı rəsmi sənədlərdə göstəriləndən də artıqdır. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, Azərgold ASC-də nəzarətçi vəzifəsində işləyir və vəzifə maaşı 715 manat təşkil edir. Vergilər və digər tutulmalar çıxıldıqdan sonra faktiki aldığı əmək haqqı 500 manatdan bir az artıqdır. Gülçindən qabaqkı ailəsindən də bir uşağı var. O, həm də xəstədir və hazırda da yeni ailə həyatı qurmuşdur, yeni nikahdan da uşağı vardır. Eyni zamanda banka kredit borcu da var və buna görə də tələb olunan alimenti ödəmək imkanı yoxdur. Alimentin qazancının bir hissəsi kimi tutulmasına etirazı yoxdur. Lakin 140 manatdan artıq aliment ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.09.2020-ci il tarixli, 2(043)-2862/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 21 iyul 2014-cü il tarixli, 2(043)-1490/2014 nömrəli qətnaməsi ilə 13.12.2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazancının ¼ hissəsində tutulan alimentin hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməsi və 19.08.2020-ci il tarixdən başlayaraq, Cavabdeh alınaraq iddiaçı X2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı, 242933 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13.12.2013-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN DQ Hospitalın 578/2020 nömrəli xəstəlik tarixindən çıxarış-epikrizindən görünür ki, Cavabdeh “Seroneqativ spondiloartris” xəstəliyi ilə diaqnoz qoyulmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 21.05.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 27,84 faiz dərərcəsi ilə 48 ay müddətinə 9500 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə edilmiş sorğudan görünür ki, Cavabdeh "xxxx" QSC-də nəzarətçi vəzifəsində işləməklə, 715 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-cu il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(043)-2862/2020 nömrəli qətnaməsi ilə alimentin 140 manat müəyyən edilməsindən sonra cavabdeh "xxxx" ASC-də işə başlamışdır. Məhkəmə cavabdehin hazırda işləməsini və 715 manat qazancının olmasını əsas gətirərək hesab edir ki, qeyd olunanlar tərəflərin maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar müəyyən edilmədiyindən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla iddia qismən təmin olunmalı, 13.12.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İş üzrə məhkəmə xərci ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddiaçının tələbi alimentin alınması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddianın qiyməti aylıq ödəmənin artırılması tələb edilən məbləğin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 500 manatdan artıq olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 15 manat hissəsi Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2(043)- 2862/2020 saylı qətnaməsi ilə 13.12.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. 13.12.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilmədikdə qətnamənin qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar