Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-2732/2020 30.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, məhkəmə iclas katibi Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Samsung” markalı soyuducu üçün 1227 manat ödənilməmiş hissə, 329 manat dəbbə pulu olmaqla, cəmi 1556 manat; «LG» markalı LED televizor üçün 2290 manat ödənilməmiş hissə, 559 manat dəbbə pulu olmaqla, cəmi 2849 manat, “Samsung” markalı paltaryuyan maşın üçün 956 manat ödənilməmiş hissə, 257 manat dəbbə pulu olmaqla, cəmi 1213 manat, ümumilikdə 5618 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 5648 manat pulun Cavabdeh alınaraq “«xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxxxxxxxxx» MMC ilə xx.xx.2019-cu il tarixli iki müqavilə və xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung”markalı soyuducu, “LG” markalı LED televizor və “Samsung” markalı paltaryuyan maşın almış və nəticədə 5618 manat borcu yaranmışdır. Cavabdeh müqavilə şərtlərini pozmuş və müvafiq mallara görə yuxarıda göstərilən məbləğlərdə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1013 manat təşkil edir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında «xxxxxxxxxxx» MMC-nin nümayəndəsi iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00870529 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 1402 manat olan “Samsung” markalı soyuducunu 60 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hər ayın 30-u tarixində ayda 213 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli ********* saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 3024 manat olan “LG” markalı LED televizoru 540 manat ilkin ödəniş etmək və qalan məbləği 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək hər ayın 30-u tarixində ayda 207 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00872056 saylı müqavilədən və qiymət cədvəlindən görünür ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən qiyməti 1060 manat olan“Samsung” markalı paltaryuyan maşını 15 manat ilkin ödəniş etməklə qalan məbləği 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır. Müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək hər ayın 31-i tarixində ayda 95 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. İş materiallarına əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli 00870529 saylı müqavilə üzrə 175 manat ödəmiş, 1227 manat borcu qalmış, müqavilə üzrə ödənişləri 270 gün gecikdirmiş, xx.xx.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 734 manat ödəmiş, 2290 manat borcu qalmış, müqavilə üzrə ödənişləri 270 gün gecikdirmiş, xx.xx.2019-cu il tarixli 00872056 saylı müqavilə üzrə 104 manat ödəmiş, 956 manat borcu qalmış, ödənişləri 270 gün gecikdirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Tərəflər arasında bağlanmış müqavilələr nisyə alqı-satqı müqavilələridir. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh həmin müqavilələr üzrə aldığı malların qiymətini hissə-hissə ödəmək öhdəliyi daşımışdır. Lakin, cavabdeh bu öhdəliyini vaxtında və tam icra etməmişdir. Belə olan halda iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən satılmış əşyaların ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə xx.xx.2019-cu il tarixli 00870529 saylı müqavilə üzrə 329 manat, xx.xx.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 559 manat xx.xx.2019-cu il tarixli 00872056 saylı müqavilə üzrə 257 manat dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan iddiaçının hesabladığı cərimə məbləği müqavilənin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə və tərəflərin maddi vəziyyətinə görə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən xx.xx.2019-cu il tarixli 00870529 saylı müqavilə üzrə 40 manat, xx.xx.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 60 manat, xx.xx.2019-cu il tarixli 00872056 saylı müqavilə üzrə 30 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 00870529 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 1227 (min iki yüz iyirmi yeddi) manat ödənilməmiş hissə və 40 (qırx) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli ********* saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2290 (iki min iki yüz doxsan) manat ödənilməmiş hissə və 60 (altmış) manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli 00872056 saylı müqavilə üzrə 956 (doqquz yüz əlli altı) manat ödənilməmiş hissə və 30 (otuz) manat dəbbə pulu olmaqla cəmi 4603 (dörd min altı yüz üç) manat pul və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq «xxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-2732/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-2732/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver